![]() |
|
UNICEF, RİİB və TƏBİB-in birgə təşəbbüsü çərçivəsində böhrandan zərər çəkən ailələrə, körpə və uşaqlara xidmətlər göstərmək üçün xüsusi otaqlar yaradılıb.
TƏBİB xəbər verir ki, bu otaqlarda analar və uşaqlar ilkin səhiyyə xidməti, ana südü ilə qidalandırma, erkən uşaqlıq dövrü inkişafı və qayğısı üzrə xidmətlərdən faydalanıblar.
Qeyd edək ki, layihə çərçivəsində mobil tibbi personal tərəfindən məsləhət xitmətləri Ağdam və Ağcabədi rayonları olmaqla 15 kənddə fəaliyyət göstərib.
Ağstafa rayonunda qış rejiminə uyğun olmayan mikroavtobsuların sürücüləri cərimələnib.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Ağstafa RPŞ Dövlət Yol Polisi Bölməsinin əməkdaşları havaların kəskin dəyişməsi nəticəsində rayon ərazisində avtomobillərin və piyadaların hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər keçirir.
Polis əməkdaşları yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər. Bundan əlavə sürücülərlə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparılır.
Reyd zamanı qış rejiminə uyğun olmayan 3 mikroavtobus aşkarlanaraq müvəqqəti dayanacağa qoyulub, sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bu gün Azərbaycan yollarında vəziyyətlə bağlı rəsmi açıqlama verilib.
Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəflinin verdiyi məlumata görə, hazırda yolların əksəriyyətində hərəkət var.
Yollardakı vəziyyətlə bağlı cədvəli təqdim edirik:
Yolun adı (istiqamətlə)
Mövcud vəziyyəti
1
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi
Yağıntı yoxdur, Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində 8-10 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 15-18 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq qum-duz səpilmişdir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
2
Giləzi-Xızı
Yağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı səpilmişdir. Nəqliyyatın hərəkəti təmin olunub.
3
Bakı-Qobustan
Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 8-9 dərəcə şaxta var. Yolun bəzi hissələrində buzlaşma əmələ gəlmiş, səhər saatlarından başlayaraq qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.
4
Qobustan-Şamaxı-Muğanlı
Yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 7-8 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hisslərinə, o cümlədən körpülərə, sərt əyrilərə və mailliyi çox olan sahələrə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.
5
Muğanlı-Ağsu-Yevlax
Yağıntı yoxdur, Muğanlı ərazisində 7-8 dərəcə, Ağsu rayonu ərazisində 3-5 dərəcə şaxta var. Gecə saatlarında yolun Muğanlı-Ağsu hissəsinə zəif qar yağmış, səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə, o cümlədən əyrilərə, sərt döngələrə və mailliyi çox olan sahələrə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
6
Bakı-Ələt-Hacıqabul
Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
7
Hacıqabul-Ucar-Yevlax
Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
8
Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi
Yağıntı yoxdur. Qazax rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
9
Muğanlı-İsmayıllı
Yağıntı yoxdur, 9-10 dərəcə şaxta var. Gecə saatlarında zəif qar yağmış, yolun meşə zolağından keçən hissələrində güclü buzlaşma əmələ gəlmişdir. Gecə saatlarından başlayaraq yolun buz bağlamış hisslərinə, o cümlədən əyrilərə, sərt döngələrə və mailliyi çox olan sahələrə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
10
İsmayıllı-Qəbələ-Oğuz-Şəki
Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 9-10 dərəcə, Qəbələ, Oğuz və Şəki rayonları ərazisində 6-7 dərəcə şaxta var. Keçən gün ərzində marşrut boyu zəif qar yağmış, gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
11
Şəki-Qax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhəd
Marşrut boyu yağıntı yoxdur, 4-8 dərəcə şaxta var. Keçən gün ərzində marşrut boyu zəif qar, Qax rayonu ərazisinə güclü qar yağmışdır. Gecə saatlarında şaxta çox olduğundan yolda buzlaşma əmələ gəlmişdir. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
12
Yevlax-Şəki (Göybulaq)
Yağıntı yoxdur, Şəki rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
13
Gəncə-Daşkəsən-Xoşbulaq
Yağıntı yoxdur, 8-9 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
14
Şəmkir-Gədəbəy
Yağıntı yoxdur, 11-13 dərəcə şaxta var. Yasamal aşırımında yollar açıqdır. Şəmkir rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
15
Ələt-Astara-İran İslam Resp. ilə dövlət sərhədi
Astara rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
16
Masallı-Yardımlı
Masallı rayonu ərazisində yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində zəif qar yağır, 9-10 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin təmin olunub.
17
Lənkəran-Lerik
Lənkəran rayonu ərazisində yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Lerik rayonu ərazisində zəif qar yağır, 9-10 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin təmin olunub.
18
Hacıqabul-Bəhramtəpə-Horadiz
Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hidrometeoroloji müşahidə şəbəkəsindən daxil olan məlumata əsasən ölkənin şimal-şərq rayonlarında daha aşağı temperatur göstəriciləri qeydə alınıb.
ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, fevralın 25-i gecə və səhər ölkə ərazisində ən aşağı temperatur Quba-Xaçmaz bölgəsində müşahidə edilib.
İ.İbrahimovanın sözlərinə görə, sözügedən rayonlarda 13-17 dərəcə şaxta müşahidə edilibsə, Qəbələ, Zaqatala, Şəkidə 6-10, Aran rayonlarında 5 dərəcəyədək şaxta olub.
"Maraqlıdır ki, adətən qışın ən şaxtalı keçdiyi Naxçıvan, Şərur , Ordubadda bu gecə mənfi 2- 3 dərəcə şaxta qeydə alınıb, bu da Bakı şəhərində faktiki qeydə alınan temperaturdan 3 dərəcə yüksəkdir. Bakıda və Abşeronda minimal temperatur mənfi 6 dərəcəyədək olub, şəhərin nisbətən yüksəklikdə yerləşən ərazilərində havanın temperaturu daha aşağı enib".
Xəzər dənizinin ləpədöyən hissəsində donma qeydə alınıb.
Bu barədə sosial şəbəkələrdə foto yayılıb.
Görüntülərdən məlum olur ki, Şabran rayonunun Xəzər dənizinin ləpədöyən hissəsi buz bağlayıb.
Bakının bəzi enişli və yoxuşlu ərazilərdə buzlaşma var.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov "Ölkə.Az"a bildirib.
Onun sözlərinə görə, paytaxtın inzibati ərazisində bütün küçə və prospektlərdə DYPİ-nin əməkdaşları tərəfindən nəzarətə götürülüb:
“Bir daha sürücülərə müraciət edərək diqqətli olmağa çağırırıq. Evdən çıxmağa hazırlaşan bütün sürücülərə müraciət edirik ki, istiqaməti dəqiqləşdirsin.
Ərazidə sürüşmə ehtimalı olduğunu düşünsünlər. Hazırda polis əməkdaşları da xidmət aparaq yollarda nizamlayıcı qismindədirlər. Odur ki, sürücülər ara məsafələri saxlamaqla, diqqətli hərəkət etməlidirlər.
Hazırda “20 Yanvar” ərazisindəki körpü, Biləcəri enişi, Sumqayıt istiqamətində olan Avtovağzalın yanı, ən hündür ərazi hesab olunan Yasamal, Tbrilisi prospekti, Ziya Bünyadov prospekti, Günəşli, III kənar dairəvi yollarda sürüşmə ehtimalı. İndiyə qədər Bakıda 26 yol qəzası qeydə alınıb”, - deyə Vaqif Əsədov bildirib.
Soyuq hava şəraiti ilə əlaqədar olaraq bu gün də Bakının bəzi məktəblərində tədris təxirə salınıb.
“Report” xəbər verir ki, bir sıra məktəblərin rəhbərliyi valideynlərə övladlarını dərsə gətirməməyi tövsiyə edib.
Hava şəraiti ilə əlaqədar ümumtəhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı Təhsil Nazirliyinin qərarı yoxdur. Nazirlik ötən gün üçün yalnız davamiyyətin çox aşağı düşməsi ilə bağlı məlumat vermişdi.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda bu gecə havanın temperaturu mənfi 9 dərəcə şaxta olub, yollar buz bağlayıb. Günün ikinci yarısından etibarən hava şəraitinin normallaşacağı gözlənilir.
Qar yağdı, taksi qiymətləri ceyran belinə mindi.
Xəzər TV xəbər verir ki, güclü qar səbəbindən paytaxt nəqliyyatında yaranan problem, xüsusilə də ictimai naqliyyatda gecikmələr və dayanacaqlarda yaranan sərnişin sıxlığı taksilərə tələbatı artırdı. Bu isə qiymət artımı ilə müşayiət olundu...
Sərnişinlərin sözlərinə görə, bəzi taksi şirkətləri və fərdi şəxslər qiymətləri hətta 2-3 dəfə artırıblar.
Bəzi taksi şirkətləri isə ya ümumiyyətlə telefonlara cavab verməyib, ya da zəng edib düşmək mümkün olmayıb.
Şəhər ərazisində və mərkəzi hissələrdə səyyar taksilər də əvvəlki günlərə nisbətən az gözə dəyirdi.
Taksi sürücüləri isə əməkdaşlıq etdikləri şirkətlərin qiymətləri 20-25 faiz artırdığını bildirdilər. Fərdi şəkildə xidmət göstərdikdə isə qiymətləri dəyişmədiklərini dedilər.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, qiymətləri qurum tənzimləmir.
Bakıda yolların qarlı və buzlu olması səbəbindən ötən gündən indiyə qədər 64 nəfər yıxılaraq xəsarət alıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, yıxılanlardan 35-i kişi, 29-u qadındır.
Onlar hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.