|
Qubada ötən gün körpülərin sel aparması ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin başçısı əraziyə gəlib. Yol-xeber.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev gediş-gəliş əlaqəsinin müvəqqəti bərpa edilməsi üçün əraziyə texnikanın cəlb olunması və digər zəruri tədbirlərin həyata keçirilməsi üçün göstəriş və tövsiyələrini verib.
Çağacıq çayında suyun həcmi hələ azalmayıb, sel davam edir.
İcra başçısı Z.Əliyev bildirib ki, körpülərin inşaası zamanı iri diametrli metal borulardan istifadə olunub: “Lakin bu üsul əlverişli olmadı. Buna görə də hər iki körpünün yenidən betondan tikilməsi qərarı qəbul olunub”.
Qeyd edək ki, Quba rayonunun Xanagah kəndində Çağacıq çayının üzərində inşa edilən körpülərin sel aparması nəticəsində kəndin məhəllələri arasındakı gediş-gəliş əlaqəsi kəsilib.