|
Sürücülərin böyük əksəriyyəti tormozlama və sürətləndirmə zolaqlarından istifadə qaydalarını bilmirlər. Bunun nə dərəcədə təhlükəli olduğunu da düşünmürlər. Avtosfer.az xəbər verir ki, mayın 23-də Bakı-Dairəvi yolunda hərəkət edən 35-BG-525 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü sağa - "Meyvəli" bazarı istiqamətinə gedən zaman tormozlama zolağından düzgün istifadə etməyib. O, yolayrıcına çatan zaman orta zolaqdan birbaşa sağa manevr edərək yolunu dəyişib. Bu zaman düzünə hərəkət edən avtomobilə mane olub.
"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, "Tormozlama zolağı olduqda, hərəkət istiqamətini dəyişmək istəyən sürücü vaxtında həmin zolağa keçməli və yalnız burada sürəti azaltmalıdır. Yola giriş yerində sürətləndirmə zolağı olduqda, sürücü həmin zolaqla getməli və bu yolla gedən nəqliyyat vasitələrinə yol verərək qonşu zolağa keçməlidir".
Bu videoda hərəkət istiqamətini dəyişən "Mercedes" markalı avtomobilin sürücüsü tormozlama zolağı başlayan yerdən öncə həmin zolağa keçməli və bundan sonra tormoz verərək sürətini azaldıb hərəkətinə davam etməli idi.
Bu xətaya yol verən sürücülər 40 manat məbləğində cərimə oluna bilər.