|
Nazim Eynallı - XX əsrin ortalarında keçmiş SSRİ-də milli dövlətçilik təfəkkürünün çiçəklənməsi üçün tarixi şərait yetişməyə başlamışdı. Lakin simvolik funksiya daşıyan SSRİ daxilinddəki dövlət rəhbərləri respublikalarda həmin prosesin lazımi intensivlikdə getməsinə, milli dövlətçilik təfəkkürü olan kadrların formalaşdırılmasına diqqət yetirmədilər. Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ilə respublika nəinki sovet dövlətinin - mərkəzin verdiyi imkanlar daxilində, hətta müəyyən maneələri dəf edərək müstəqil düşüncəyə meydan açdı. 70-80-ci illərdə Azərbaycanda gedən milli oyanış, siyasi-ideoloji dirçəliş prosesinin nəticələri özünü 80-ci illərin sonu 90-cı illərin əvvəllərindəki xalq hərəkatında göstərdi.
Heydər Əliyev xalqın enerjisinin, milli müstəqillik hissinin təzahürünə çalışır, onu dünyanın inkişaf etmiş xalqlarının səviyyəsinə çatdırmaq istəyirdi. Onun imzasına 60-cı illərin sonu 70-ci illərin əvvəllərindən Azərbaycanın hər yerində, iqtisadi, ictimai-siyasi, mənəvi-ideoloji həyatın, demək olar ki, bütün sahələrində rast gəlmək mümkündür. 70-80-ci illərin Azərbaycanını ən müxtəlif baxımlardan "Heydər Əliyevin Azərbaycanı" adlandırmaq üçün hər cür əsas vardır.
Heydər Əliyev müdrikliyi yalnız bir insanın fərdi qabiliyyətinin nəticəsi deyil, bütövlükdə mənsub olduğumuz xalqın tarixi iradəsinin ifadəsidir. El bu iradənin daşıyıcısı olan xalqın nümayəndəsi deyirdi: “Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır... Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir".
Ulu öndər Heydər Əliyev bildirirdi ki, Azərbaycanın müstəqilliyini sadəcə elan etmək nə qədər sevindirici hal olsa da, xalqın milli hisslərini nə qədər oxşasa da, həlledici bir şey deyil. Müstəqillik uğrunda illər boyu, tədricən, həm tələsmədən, həm də gecikmədən mübarizə aparmaq, millətin daxilindəki kimdənsə asılı olmaq hissini öldürmək lazımdır. Çünki xalq bəzən müstəqillik uğrunda mübarizə prosesində məhz müstəqilliyini itirir. Dünyanın böyük dövlət qurucusunun, dahi mütəfəkkirinin düşünüb müəyyənləşdirdiyi ritm üzrə hərəkət edən, get-gedə möhkəmlənən elə bir sosial-siyasi reallıqdır ki, bizim hər birimizin azərbaycanlı kimi vətəndaş xoşbəxtliyi ondan asılıdır.
Heydər Əliyev ən çətin məqamlarda belə öz nikbinlik hissini itirməmiş, məhz bu hissi ölkə vətəndaşlarına da təlqin etmişdir. O deyirdi: “Azərbaycan xalqını əsrlər boyu yaşadan, bu günə qədər gətirib çıxaran onun gələcəyə həmişə nikbinliklə baxması olmuşdur.” Əslində bu fikri söyləməklə Ulu öndər insanlarda ölkənin və dövlətçiliyin gələcəyinə bir işıq saçırdı.
2 noyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə növbəti hücumları və təcavüzü ilə bağlı xalqa müraciətində: “Kim bizim əxlaqımıza, mənəviyyatımıza, milli ənənələrimizə zidd olan yollarla gedəcəksə, o cür həyat tərzi ilə yaşayacaqsa, onların Azərbaycanda yaşamaq hüququ yoxdur” – deyirdi. Həmin dövrü yaşayanlardan bu fikirlərə inanmayanlar, kifayət qədər idi. Amma Heydər Əliyev bu fikirlərində də uzaqgörənliyini sübut etdi. Həmçinin xalqımızın potensialını yüksək qiymətləndirdiyini bütün dünyaya bəyan etdi. “Azərbaycan xalqının potensialı - həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür.”
Azərbaycan xalqının Ümummilli Liderinin çıxışlarına bir daha nəzər-diqqət yetirərkən onun xalqın tarixdən süzülüb gələn dəyərlərinin dəqiq qiymətləndirdiyini görmək olur. O dövlət başçısı olmaqla yanaşı, bir müəllim, pedaqoq, psixoloq idi. Öz enerjisi ilə xalqda müsbət aura formalaşdıra bilirdi. Xoşbəxt xalqıq ki, onun Heydər Əliyev kimi, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir.