|
Yol-xeber.az" xəbər verir ki, Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti Quba rayonu ərazisində bəzi avtombil yollarında fəsadlara səbəb olub, yol infrastrukturuna ciddi ziyan dəyib.
Belə ki, leysan xarakterli yağışlar nəticəsində rayonun Qonaqkənd istiqamətində Çayqovuşan-Yerfi-Talış-Dərk, Çayqovuşan-Söhüb-Adur-Qarxun avtomobil yollarının hərəkət hissəsinə sel sularının özü ilə bərabər gətirdiyi qum, palçıq və iri qaya parçaları tökülüb, yolların bəzi hissələri yararsız hala düşüb, suötürücü borulara, körpülərə ziyan dəyib.
Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “11 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur.
Qeyd edək ki, sözügedən yollar nəzarətdə saxlanılır, sel sularının avtomobil yollarına vurduğu ziyan aradan qaldırılır.
YOLUNUZ AÇIQ OLSUN...