İkinci Qarabağ müharibəsinin başlaması tarixindən 2 il ötdü. Vətən müharibəsi adlandırılan 44 günlük savaş Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi ilə dayandı. Yekunlaşdı demək olmur, çünki işğalda olan ərazilərimizin 80 faizi Azərbaycan Ordusunun qüdrəti ilə azad olunsa da, Qarabağda suverenliyimizin bərpa olunmadığı şəhərlərimiz var – Xankəndi, Xocalı, Xocavənd, Ağdərə kimi. İkinci Qarabağ müharibəsini dayandıran 10 noyabr Üçtərəfli Birgə Bəyanatda qeyd olunan bəndlərin demək olar ki, yarısından çoxu Ermənistan tərəfindən icra edilmir. Bununla yanaşı, sərhəddə düşmən tərəf geniş təxribatlara əl atmaqdadır.

Bu il sentyabrın 13-14-ü tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı təxribat nəticəsində qanlı döyüşlər başladı, hər iki tərəf yenidən itkilər verdi. Ortada olan fakt göstərir ki, rəsmi İrəvan sülhdən yayınmaqda israrlıdır. Hazırda istər Qarabağla bağlı, istərsə də sülh sazişi ilə bağlı qeyri-müəyyənlik hökm sürür.

DİA.AZ-ın məlumatına görə, hazırkı prosesi AYNA-ya müsahibəsində şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, əslində Qarabağla bağlı məsələ aydındır:

- Ermənistan hakimiyyəti Qarabağla bağlı məsələni Rusiyanın ixtiyarına buraxıb. Paşinyan belə deyək, Qarabağ yükünü daşımaq istəmir. Bunu Baş nazir Ermənistan Parlamentində bəyan etdi, bildirdi ki, Ermənistanın ərazisi 29 min kvadratkilometrdir. BMT Baş Assambleyasında Paşinyan bu fikrini yenidən təkrarladı.

Əslində Paşinyan BMT-də ikibaşlı danışdı: Azərbaycanı ittiham etdi, absurd məsələlərdə günahlandırdı, amma öz ölkəsinə, cəmiyyətlərinə də mesaj verdi. Bildirdi ki, əraziləri nə qədərdir və o ərazilərə Qarabağ daxil deyil. Dolayısı ilə bildirdi ki, Ermənistan Azərbaycanla razılaşmalıdır, əks təqdirdə müharibə olacaq, itkilər verəcəklər.

İndi Rusiya Ukraynaya qarşı işğalçı müharibədə məğlubiyyətə doğru gedir. Rusiyanın məğlubiyyəti Azərbaycan üçün də, Ermənistanın özü üçün də faydalıdır. İrəvanda anlamalıdırlar ki, Rusiyanın boyunduruğundan qurtulmalı, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdırlar. Bu halda rahat yaşaya bilərlər.

“Bir yaşlı erməni Rusiyaya videomüraciətində dedi ki, “Moskva, bütün bəlalar sizinlə bağlıdır, azərbaycanlılar, türklər bizim düşmənimiz deyil. Biz 600 il Osmanlının içində normal yaşamışıq, amma siz gəldiniz aləmi bir-birinə qatdınız”

- Ermənilər bunu anlayacaqlarmı?

- Ermənistan cəmiyyətində normal düşüncəli insanlar da var. Məsələn, bu günlərdə bir video qarşıma çıxdı. Bir yaşlı erməni Rusiyaya videomüraciətində dedi ki, “Moskva, bütün bəlalar sizinlə bağlıdır, azərbaycanlılar, türklər bizim düşmənimiz deyil. Biz 600 il Osmanlının içində normal yaşamışıq, amma siz gəldiniz aləmi bir-birinə qatdınız”. Davam edir ki, Daşnaksütyunu Rusiya yaratdı, Osmanlıya xəyanətə sövq etdilər, sonunda da hazırkı rəzil vəziyyətə düşdülər. Əslində erməni qoca haqlı idi. Deməyim odur ki, onlarda da normal düşüncəli adamlar var, sadəcə sayı azdır.

- Hazırda sülhün yaradılması istiqamətində əsas vasitəçi Rusiya, yoxsa Qərbdir?

- Rusiya ənənəvi vasitəçidir. Amma Qərb indi daha çox aktivlik nümayiş etdirir. Məsələn, Avropa İttifaqının təşkilatçılığı ilə Brüsseldə liderlərin 4 görüşü keçirilib. Hər görüşdə də sülh istiqamətində müəyyən razılıq əldə edilib. Ən əsası, heç bir görüşdə, görüşdən sonra verilən açıqlamada, bəyanatda “Dağlıq Qarabağ” ifadəsi işlədilməyib. Avropa İttifaqının vasitəçiliyi tərəflərin hər ikisi üçün faydalıdır. Sadəcə Paşinyan çəkinir, daxili qarşıdurmadan, devrilməsindən qorxur. Ona görə də razılaşmaların icrasını uzadır, vaxt qazanmağa çalışır.

- Bir də İrandan anti-Azərbaycan mövqeli bəyanatlar gəlir. Rəsmi İrəvan bir qədər də bundan ruhlanmır ki?

- Əlbəttə, Paşinyanın gedişlərinə İranın mövqeyi də təsir göstərir. Problemin birini də məhz Tehran rejimi yaradır. İranı ixtişaşlar başına götürüb, aləm qarışıb bir-birinə, amma İran deputatları yığışıb Azərbaycanı müzakirə edirlər. Ağlasığmaz bəyanatlar verirlər. “Azərbaycan sionistlərlə dostluq edir”, “Sərhədlər bizim qırmızı xəttimizdir” kimi bəyanatlar səsləndirirlər. 30 il Azərbaycan əraziləri işğalda oldu, bir dəfə İran rəsmiləri, deputatları tərəfindən eşitmədik ki, “sərhədlərin dəyişdirilməsi yolverilməzdir”. Amma o ifadəni indi işlədirlər. Halbuki işğalçılıq edərək sərhədləri dəyişdirən Ermənistan idi. Tehrana demək lazımdır ki, gedib öz məsələlərini həll etsin. Təbrizdə “milli hökumət” şüarları səsləndirilir. Bunu İran başa düşməlidir. Azərbaycanı hədələməklə Tehran rejimi özünə quyu qazır.

- İranı Zəngəzur dəhlizi narahat edir. Bunun səbəbi nədir?

- İranın qorxusu odur ki, Zəngəzur dəhlizi reallaşacağı təqdirdə bunların Ermənistanla sərhədləri olmayacaq. Ona görə də təhdid xarakterli bəyanatlar səsləndirirlər. Amma Azərbaycan öz siyasətini davam etdirməlidir. Əsasən də iki istiqamətdə işlər görülməlidir.

“Ermənistanla 3 sənəd imzalanmalıdır: sərhədlərin müəyyənləşməsi, dəhlizin açılması və sülh sazişi. Hələ ki, bu üç sənədin heç birinin reallaşmasında irəliləyiş yoxdur”

- Onlar hansı istiqamətlərdir?

- Birincisi, Ermənistanla 3 sənəd imzalanmalıdır: sərhədlərin müəyyənləşməsi, dəhlizin açılması və sülh sazişi. Hələ ki, bu üç sənədin heç birinin reallaşmasında irəliləyiş yoxdur. Düşünürəm ki, bunun reallaşması istiqamətində işləməli, irəliləyişə nail olmalıyıq. İkinci istiqamət isə daha əsasdır. Bu, Qarabağ məsələsidir. Biz işğalda qalan ərazilərdə Azərbaycanın suverenliyinin bərpasını təmin etməliyik. Qarabağda isə yenə deyirəm, Ermənistanla yox, faktiki olaraq Rusiya ilə üz-üzəyik. Düşünürəm ki, Rusiyanın Ukraynadakı uğursuzluqları çoxalarsa, mərkəzdənqaçma meylləri artarsa, Rusiya faktorunu Qarabağdan, ümumiyyətlə bölgədən çıxarmaq daha asan olacaq.

Rusiya prezidenti Vladimir Putinin nüvə hədəsindən sonra ABŞ “hücumun fəlakətli nəticələr verəcəyi” barədə xəbərdarlıq edib. Bəs ABŞ-ın danışdığı fəlakətli nəticələr nələrdir? Rusiya nüvə hücumu əmri verəndə Qərb necə cavab verəcək?

Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin ölkəsində “qismən səfərbərlik” elan edən nitqində üstüörtülü nüvə təhdidindən və “mən blef etmirəm” deməsindən sonra Rusiya ilə Qərb arasında gərginlik birdən-birə artıb.

Avropa Birliyi, NATO və bir çox Avropa ölkələri Putinin təhdidini ciddi qəbul etdiklərini bildirərkən, ABŞ Prezidenti Co Bayden BMT tribunasından Rusiya liderinin özünə cavab verib. Baydenin bəyanatı ilə kifayətlənməyən ABŞ Rusiyaya xüsusi xəbərdarlıq edərək nüvə silahının istifadəsinin “fəlakətli nəticələrə” səbəb olacağı barədə xəbərdarlıq edib.

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan canlı yayımda bildirib ki, " qırmızı xətti aşsa, bunun Rusiya üçün fəlakətli nəticələri olacaq".

Bundan əlavə, o, ABŞ-ın Moskvaya bunun tam olaraq nə demək olduğunu özəl olaraq çatdırdığını bildirib. Bəs ABŞ-ın danışdığı “fəlakətli nəticələr” nədən ibarətdir? ABŞ gizli kanallarla Putinə hansı fəlakətləri vəd edib?

Britaniyanın “The Teleqraf” qəzetində yer alan xəbərə görə, Rusiya nüvə silahından istifadə edərsə, Qərbin reaksiyası nüvə hücumundan tutmuş Rusiya iqtisadiyyatına qədər dəyişə bilər.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Strategiya, Texnologiya və Silahlara Nəzarət Departamentinin direktoru Uilyam Alberquenin sözlərinə görə, Rusiyanın nüvə silahından istifadəsinə mütənasib cavab Krımda aviabaza və ya kəşfiyyat mərkəzini hədəfə almaqdır.

Alberkenin açıqlamasına görə, Qərbin Rusiyaya cavab olaraq müəyyən edəcəyi hədəfin nüvə hücumu ilə əlaqəli radarlar və ya kəşfiyyat, müşahidə sistemləri olacağı gözlənilir. Bu hədəflər çox güman ki, Belarusda və ya Ukraynanın Rusiyanın nəzarətində olan hissələrində deyil, Rusiyanın özündə olacaq. Yəni NATO birbaşa Rusiya ərazisindəki hədəfləri vurmaqla cavab verəcək.

ABŞ-ın belə bir vəziyyətdə təkbaşına hərəkət etmək istəməyəcəyini də irəli sürən Alberque Vaşinqtonun 2011-ci ildə Liviyaya edilən hücumlarda olduğu kimi İngiltərə və Fransa kimi ölkələrdən hərbi dəstək istəyəcəyini iddia edib.

Ehtiyatda olan general-mayor Rupert Cons isə “The Telegraph”-a deyib ki, Putin Ukraynada nüvə silahından istifadəyə göstəriş verərsə, Qərbin bir çox müxtəlif ənənəvi cavabları ola bilər: “Məsələn, Rusiya donanmasına hücum və ya Hərbi Hava Qüvvələrinə qarşı məqsədyönlü əməliyyat ənənəvi cavablar sırasındadır”.

Rusiya Prezidenti Vladimir Putin Tehrana səfəri zamanı İran Prezidenti İbrahim Rəisi ilə Rusiya qoşunlarının bir hissəsinin Suriyadan çıxarılması və hərbi bazaların iranlılara verilməsi müqabilində pilotsuz təyyarələrin tədarükü ilə bağlı razılığa gəlib.

Axar.az xəbər verir ki, bunu rusiyalı şərqşünas İqor Semivolos deyib.

O bildirib ki, İran əslində Ukraynaya qarşı müharibəyə Rusiyanın tərəfində daxil olub:

“Ruslar Suriyadan qoşunlarının bir hissəsini çıxarır, hərbi bazalarını iranlılara təhvil verir və müvafiq olaraq bunun əvəzinə iranlılar, bu dronları tədarük etməyə söz veriblər, çünki rusların həqiqətən də pilotsuz təyyarələrlə problemləri var”.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi İkinci Qarabağ müharibəsində şəhid olanların ailələrinə dərin hüznlə başsağlığı verir.

Bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi feysbuk səhifəsində paylaşım edib.

“2020-ci il müharibəsində həlak olanların xatirəsinin anım günündə Aİ-nin Azərbaycandakı Nümayəndəliyi münaqişədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir. Aİ Azərbaycan və Ermənistanla davamlı sülh naminə yaxından işləmək niyyətindədir, barışığa və düşmənçilik səhifəsini çevirməyə yönəlik səyləri dəstəkləyir. Azərbaycan xalqına və regiona sülh və firavanlıq arzulayırıq!”, - paylaşımda bildirilib.

Xatırladaq ki, bu gün Vətən müharibəsinin başlamasından iki il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.

Bu gün Azərbaycanda Vətən Müharibəsində həlak olmuş şəhidlərin Anım Günü kimi qeyd olunur.

“Ermənistan çətin və ağrılı qərarlar gözləyir, həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq”.

“Report” xəbər verir ki, bu fikri Ermənistanın ictimai televiziyasına müsahibəsində bu ölkənin sabiq dövlət başçısı - birinci prezidenti Levon Ter-Petrosyan deyib.

“Bu, heç kimə xoş gəlmir, lakin elə an gələcək ki, başqa seçim olmayacaq”, - Ter-Petrosyan bildirib.

Onun sözlərinə görə, əgər rəsmi Bakı və Ankara ilə problemlər həll olunmasa, tezliklə Ermənistan dövlətçiliyinin mövcudluğu təhlükə altına düşəcək.

Eyni zamanda, sabiq prezident Azərbaycanla mümkün sülh müqaviləsinin imzalanmasını Ermənistanın kapitulyasiyası adlandırıb.

O, xatırladıb ki, tarixdə Ermənistandan qat-qat güclü dövlətlərin təslim olması halları çox olub. Bu kontekstdə keçmiş prezident Yaponiyanı misal çəkib.

"Dünyada elə bir qonşu ölkə yoxdur ki, onlar arasında sülh sazişləri imzalanmasın. Bəli, bu, Ermənistanın kapitulyasiyasıdır", - Ter-Petrosyan bildirib.

Onun sözlərinə görə, Paşinyanın yerinə gələcək hər kəs, yəqin ki, daha xoşagəlməz sənədə imza atacaq.

ABŞ və Fransanın rəsmi dairələri, artıq tarixin arxivinə verilmiş Minsk Qrupunun həmsədrləri kimi, son 30 ildə tutduqları pozucu mövqelərinə hələ də sadiqdirlər... Rəsmi Bakı baş verənləri xüsusi həssaslıqla izləyir, hər dəfə Azərbaycanın “dəmir yumruq” zərbəsi ilə yerinə oturdulan Ermənistanın Cənubi Qafqazda geopolitik şərtləri dəyişmək şansları qətiyyən mövcud deyil...
Cənubi Qafqaz regionunda hərbi-siyasi situasiyanın gərginləşdirilməsinə yönəlik cəhdlər davam edir. Bu məsələdə əsasən iki dövlət – ABŞ və Fransa “fəallıq” göstərir. Və bu iki nüfuzlu dövlət son vaxtlar artıq Cənubi Qafqazda hərbi qarşıdurmanın dərinləşdirilməsinin əsas təşəbbüskarı rolunda çıxış edir.

II Qarabağ savaşı cəmisi 44 gün ərzində Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdıqdan sonra Ermənistanla yanaşı, ermənilərin beynəlxalq himayədarları – ABŞ və Fransa da məğlub duruma süşmüş oldular. Belə ki, Azərbaycan ordusunun parlaq hərbi qələbəsi Minsk Qrupunu tarixin arxivinə göndərdi. Və bununla da, ABŞ-Fransa cütlüyünün Cənubi Qafqazda baş verənlərə yeganə müdaxilə mexanizmi sıradan çıxdı.

Nəticədə ABŞ və Fransa Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik proseslərdə “oyundankənar vəziyyətə” düşdü. Rusiyanın regional mövqeləri nisbətən möhkəmləndi. Azərbaycan şəriksiz geopolitik iradə sahibinə və regional supergücə çevrildi. ABŞ və Fransanın geopolitik mövqeləri isə Türkiyənin nəzarəti altına keçmiş oldu. Azərbaycan-Türkiyə İttifaqı modelinin reallaşmasından sonrasa, Cənubi Qafqaz tamamilə Türk Alyansının hegemonluğu altına düşdü.

Ukraynada “savaş bataqlığı”na salınan Rusiya bu duruma o qədər də ciddi müqavimət göstərmir. Kremli Rusiyanın regionda mövqelərini qoruması da tamamilə qane edir. Azərbaycan-Türkiyə İttifaqı ilə daha sıx münasibətlərə can atan Rusiya hələlik bunu bacarır.

Ancaq Ukrayna savaşı ucbatından ciddi şəkildə zəifləməkdə olan Rusiya son vaxtlar Cənubi Qafqazdakı mövqelərini itirmək təhlükəsi ilə üzləşməyə başlayıb. Belə ki, ABŞ və Fransa Rusiyanı regiondan sıxışdırıb çıxartmağa, onun əvəzinə bölgəyə yerləşməyə can atır. Və bütün bunları da Ermənistan üzərindən reallaşdırmağa çalışır.

Hazırda ABŞ və Fransanın əsas “fəaliyyəti” Ermənistanın Rusiyadan uzaqlaşdırılmasına yönəlib. Bu istiqamətdə kifayət qədər ciddi məsafə qət edildiyi də açıq-aşkar nəzərə çarpır. Çünki, erməni toplumunun və elitasının xəyanət ənənəsi bu məsələdə həm ABŞ-ın, həm də Fransanın işinə yarayır. Ona görə də, Paşinyan hakimiyyətinə müəyyən geopolitik vədlər verməklə, Ermənistanın Rusiya ilə münasibətlərini korlamaq elə bir ciddi çətinlik törətmir.

Digər tərəfdən, ABŞ və Fransa Cənubi Qafqazı tamamilə təsir altına ala bilmək üçün bu regionda hərbi əməliyyatların bərpa edilməsinə də ciddi cəhdlər göstərir. Ermənistanın sentyabrın 13-14-də törətdiyi hərbi təxribatların da məhz ABŞ və Fransanın təlimatlarından, sifarişlərindən qaynaqlandığı indi qətiyyən şübhə doğurmur.

CİA şefi Uilyan Börnsün, eləcə də, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelasinin İrəvana müəmmalı və qalmaqallı səfərindən sonra Ermənistanın hərbi təxribatlara həm cəsarəti, həm də “həvəsi” daha da artıb. Son məlumatlara görə, Ermənistan Azərbaycanla sərhəd bölgəsinə yenidən qoşun birləşmələri cəmləşdirməyə başlayıb. Və bu, Paşinyan hakimiyyətinin ABŞ-Fransa cütlüyündən yeni hərbi təxribat sifarişi almış ola biləcəyi ilə bağlı şübhələrə ciddi əsaslar verir.

Onu da qeyd edək ki, bir neçə gün öncə ABŞ və Fransanın Ermənistandakı səfirlikləri də olduqca müəmmalı xəbərdarlıqlar etmişdilər. Bu iki dövlətin səfirlikləri öz ölkələrinin vətəndaşlarını Ermənistanın Azərbaycanla sərhəd bölgələrinə səfərlərdən yayınmağa çağırmışdılar. Onlar bu çağırışlarını sərhəd bölgəsində yeni silahlı toqquşmaların ola biləcəyi ilə izah etməyə çalışmışdılar.

Böyük ehtimalla ABŞ və Fransanın Ermənistandakı səfirlikləri daha dəqiq məlumatlara malikdirlər. Hər halda, bu ölkələrin səfirlikləri Ermənistana ABŞ və Fransadan verilən təlimatların məzmununu hamıdan daha yaxşı bilirlər. Və bu səbəbdən də, Ermənistan növbəti dəfə hərbi təxribatlar törətməsi ucbatından silahlı toqquşmaların baş verəcəyinə bu qədər əmindirlər.

Maraqlıdır ki, Ermənistandan ABŞ və Fransaya siyasi səfərlərin sayı da artıb. Belə ki, bir tərəfdən, Xankəndi və ətraf bölgədə olan erməni terrorçu-sepratçıların təmsilçiləri müxtəlif bəhanələrlə ABŞ və Fransaya səfərlər edirlər. Digər tərəfdənsə, Paşinyan hakimiyyətinin nümayəndələri bu ölkədə müxtəlif görüşlər keçirirlər.

Məsələ ondadır ki, Ermənistan baş naziri Nikol Paşinyan ABŞ-dan yenicə qayıdıb. İndisə Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan ABŞ-a yola düşüb. Baş nazir Nikol Paşinyansa, indi Fransaya üz tutub. O, bildirib ki, Fransa prezidenti Emmanuel Makronla vacib görüşü çox səbrsizliklə gözləyir.

Təbii ki, bütün bunlar qətiyyən təsadüfi deyil. Böyük ehtimalla Ağ Evdən və Parisdən Paşinyan hakimiyyətinə yeni regional hərbi təxribatlarla bağlı planın növbəti mərhələsinin necə icra edilməli olduğunu anladırlar. Eyni zamanda, planın uğurla icra ediləcəyi təqdirdə, Ermənistana hansısa vədlər verirlər. Və bu səbəbdən də, Paşinyan hakimiyyətinin təmsilçiləri həm ABŞ-a, həm də Fransaya bu qədər həvəslə şütüyürlər.

Şübhəsiz ki, rəsmi Bakı bütün bunları xüsusi həssaslıqla, müşahidə edir. Baş verənlərin təhlilinə əsasən mümkün mənfi proseslərin qarşısının alınmasına da hazırlıq görür. Bu baxımdan, indiki situasiyada Ermənistan yalnız hərbi təxribatlar törədə bilər. Ancaq hər dəfə Azərbaycanın “dəmir yumruq” zərbəsi ilə yerinə oturdulan Ermənistanın Cənubi Qafqazda geopolitik şərtləri dəyişmək şansları qətiyyən mövcud deyil.

Belə anlaşılır ki, ABŞ və Fransa artıq tarixin arxivinə verilmiş Minsk Qrupunun həmsədrləri kimi, son 30 ildə tutduqları pozucu mövqelərinə hələ də sadiqdirlər. Ağ Ev və rəsmi Paris açıq-aşkar Ermənistanı, eləcə də, erməni terrorçu-separatçıları dəstəkləyirlər. Və bu baxımdan, bu iki dövlətin neytrallıqdan, eləcə də ədalətdən danışmağa haqqı çatmır.

Hər halda, Ağ Evdə və Parisdə erməni baş nazirin qulağına pıcıldanan təlimatların qısa müddət ərzində Cənubi Qafqazda silahlı toqquşmalar kimi ortaya çıxdığı indi heç kəsdə elə bir ciddi şübhə doğurmur. ABŞ və Fransa regional maraqları naminə Ermənistanı israrla “geopolitik alətə” çevirib. Bununla da, hər dəfə Azərbaycanın “dəmir yumruğu” altında əzilən Ermənistanı fəlakətə sürükləmiş olur. (Yeni Müsavat)

Bu yaxınlarda İsveç Krallığında keçirilən seçkilərdə soydaşlarımız parlament, əyalət, bələdiyyə məclislərində yer alıblar.

Bu barədə axar.az-a Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Sosial Demokratlar Partiyasından Aylin Fazelian ölkə parlamentinə, İradə Söderberq Jonöping region məclisinə, Xalidə Mərifət Huddingen bələdiyyə məclisinə, Mərkəz Partiyasından Aida Kərimli Vastara Hötaland region məclisinə, Turan Əliyev Partille şəhər bələdiyyə məclisinə, Moderat Partiyasından Amina Sadiqbəyli Solentuna bələdiyyə məclisinə seçiliblər. Böyük nailiyyətdir. Həm də soydaşlarımızın yaşadıqları ölkələrin siyasi-ictimai həyatında yer alması və uğurları onların inteqrasiya prosesini sürətləndirir. Bu, həm də Azərbaycan-İsveç əlaqələrinin inkişafına öz töhfəsini verir”, - E.Eltürk bildirib.

Rusiyada qismən səfərbərlik elan olunandan sonra ölkəni 261 min kişi vətəndaş tərk edib.

Bu barədə məlumatı “Novaya Qazeta. Evropa” nəşri yayıb.

Bildirilir ki, Rusiyanı tərk edən kişilərin sayı açıqlandıqca Kreml daxilində çağırış yaşına uyğun gələn şəxslər üçün sərhədlərin bağlanması müzakirə olunur.

Xatırladaq ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlikdən sonra ölkədən çıxmağa çalışanların sayı artıb. Ölkənin hava limanlarında son günlər üçün biletlər başa çatıb və Rusiyanın qonşu ölkələrlə quru sərhədlərində tıxaclar yaranıb.

“Ukrayna, Suriya, Liviya və Qafqazda apardığımız siyasət bütün dünyanın xeyrinə nəticələnir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.

O vurğulayıb ki, rəsmi Ankara beynəlxalq aktor olaraq fəal xarici siyasət həyata keçirir. Nazir “Taxıl sazişi”, Rusiya ilə Ukrayna arasnda əsir mübadiləsi kimi məsələri buna nümunə kimi göstərib: “İndi də Rusiya və Ukrayna gübrələrinin dünya bazarına çıxarılmasına çalışırıq”.

M.Çavuşoğlu Türkiyənin geniş coğrafiyada humanitar xarici siyasət yeritdiyini bildirib.

İranda 22 yaşlı Məhsa Əmaninin əxlaq polisi tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlar davam etdiyi vaxtda ölkədən daha bir dəhşətli xəbər gəldi.

 BAKU.WS xəbər verir ki, saçlarını topladığı video ilə etirazların simvoluna çevrilən Güney azərbaycanlı Hədis Nəcəfi təhlükəsizlik qüvvələri tərəfindən 6 güllə ilə öldürülüb. 

20 yaşlı gəncin ölümünü İranlı jurnalist və fəal Məsih Əlinejad sosial media hesabında açıqlayıb. 

İran dövlət televiziyasında yayımlanan xəbərə görə, ölkə daxilində baş verən etirazlarda 41 nəfərin həyatını itirdiyi bildirilir. 

Qeyd edək ki, İranda etiraz şüarları ilk olaraq 13 sentyabr tarixində Tehranda ucalmağa başlayıb. Hazırda iğtişaşlar ölkənin bütün şəhərlərinə və dünya iranlılarına qədər genişlənib. 

 

Xəbər lenti