![]() |
|
Suriyalıların işgəncə və kütləvi qırğın kimi qeyri-insani rəftarlara məruz qaldığı Sednaya həbsxanasında 30 min məhbusun işgəncə ilə öldürüldüyü və ya edam edildiyi təxmin edilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Sednaya Həbsxanası Məhbusları və İtkinləri Dərnəyinin (ADMSP) yayımladığı hesabatda deyilir.
Dünyanın ən ağır şəraitlərindən birinə malik olan Sednaya həbsxanası ilə bağlı araşdırma bəşəriyyətə qarşı cinayətlərə görə məsuliyyət daşıyan şəxslər və qurumlar şəbəkəsini üzə çıxarıb.
ADMSP həbsə atılması üçün “qanuni zəmin” yaradılaraq hədəfdə olan şəxslərin Sednayada edama məhkum edildiklərini bildirir.
Məlumata görə, həbsxananın aparıcı idarəçiləri arasında İbrahim Süleyman, Tələt Məhfud və Mahmud Matuk kimi şəxslər yer alır. Bu şəxslər məhbuslara qarşı cinayətlərə nəzarət etmək üçün məsuliyyət daşıyırdılar.
Həbsxanada törədilən bədnam cinayətlərin hüquqi prosesdə nə dərəcədə əsaslandırıldığını üzə çıxaran ADMSP araşdırmaları və həbsxana əməkdaşlarından və məhkum olunmuş şahidlərdən aldığı ifadələr nəticəsində 2011-2018-ci illərdə Sednayada 30 minə yaxın məhbusun işgəncə nəticəsində öldüyünü və ya edam edildiyini açıqlayıb.
ADMSP-nin əldə etdiyi məlumata görə, həbsxanadakı məhbuslar Əsəd rejiminə bağlı hərbi məhkəmələrdə bir neçə dəqiqə davam edən dinləmələrdə mühakimə olunub. Həmin bir neçə dəqiqədə yüzlərlə insanın edamına qərar verilib.
Şahidlər iddia edirlər ki, 2018-2021-ci illər arasında hərbi məhkəmələr tərəfindən 500-ə qədər adam edam olunub.
Tişrin Hərbi Xəstəxanası edam edilmiş və ya işgəncəyə məruz qalan məhbusların cəsədlərinin qorunmasında və kütləvi məzarlıqda basdırılmasında mühüm rol oynayıb.
Əsəd rejiminin 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri 100 min suriyalını həbs etdiyi bildirilir. Harada olduğu bilinməyən suriyalıların hansı formada yoxa çıxarıldığı isə məlum deyil. Əsəd rejiminin 2011-ci ildən bəri təxminən 500 min suriyalını qətlə yetirdiyi və milyonlarla insanı didərgin saldığı təxmin edilir.
Sednaya həbsxanası 1987-ci ildə paytaxt Dəməşqdən təxminən 30 kilometr şimalda yerləşən dağlıq bölgədəki təpədə tikilib. Təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu həbsxana yüzlərlə mühafizəçi tərəfindən qorunur. 184 stadion böyüklüyündə olduğu deyilən Sednaya həbsxanası minalanmış sahələrlə mühasirəyə alınıb.
Əsəd ordusuna bağlı 3-cü Diviziya mina sahələrinin arxasındakı həbsxananın xarici təhlükəsizliyinə cavabdehdir. Digər tərəfdən, həbsxananın təhlükəsizlik əməkdaşları daxili-xarici əlaqəni kəsmək və içəriyə məlumat sızmasının qarşısını almaq üçün rabitə xətlərinə nəzarət edir.
Beynəlxalq Əfv Təşkilatı Sednaya həbsxanasını “insan sallaqxanası” (kəsim yeri) adlandırır.
“Mən sülh gündəliyinə sadiq olduğumuzu təsdiqləyirəm”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamendə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sülh gündəliyinin konkret düstur üzrə həyata keçirilməsi ilə bağlı məsuliyyəti öz üzərinə götürür.
N.Paşinyan həmin düsturu əvvəlki müsahibəsində açıqladığını deyib.
Qeyd edək ki, Paşinyan daha əvvəl Ermənistanın İctimai Televiziyasına müsahibəsində Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bildirib. Onun fikrincə, yalnız bu halda regionda sülhün bərqərar olması mümkün olacaq.
"Yunanıstanın baş naziri ABŞ-dan kömək istəyir. Kimə qarşı? Türkiyəyə qarşı”.
"Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın deyib.
“Nə etsəniz, biz həmişə lazım olanı edəcəyik, etməyə hazırıq",- deyə o bildirib.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauzun Axar.az-a müsahibəsini təqdim edirik:
- Ermənistan 13 sentyabrda sərhəd təxribatı zamanı çəkildiyi iddia edilən videonu Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Sözügedən videonun dəqiqliyi müəyyən olunmadan beynəlxalq informasiya agentlikləri tərəfindən yayımlanmasını necə qiymətləndirirsiniz?
- Hər şeydən öncə bildirmək istəyirəm ki, Ermənistan bir terror dövlətidir. Ermənilər son iki yüz ildir ki, keçmiş Osmanlı dövləti dövründə və indi də Cənubi Qafqazda terror fəaliyyəti ilə məşğul olurlar. Bu ölkənin qurulmasının əsas məqsədi terror və terrorizmə dəstəkdir. Ermənistan 1988-ci ildə deportasiya zamanı, sonra isə Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycan xalqına qarşı terror aktları törədib. Təəssüf ki, 44 günlük müharibənin üzərindən 2 il keçməsinə baxmayaraq, bu gün də terror davam edir. Ermənistan dövlətinin və onu idarə edənlərin əli qanlıdır. Müharibə zamanı Azərbaycanın müharibə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər kimi şəhərləri raket atəşinə tutulub. Bu cinayəti Paşinyanın hərbi məsələlər üzrə müşaviri Aqarşak Arutyunyan da etiraf edib. Ermənistandakı canilər hələ də Xocalı soyqırımının cavabını verməyiblər. O hadisələrə görə də Azərbaycan dövlətinə, xalqına cavab vermə günü yaxınlaşır. Ermənistan getdikcə təkləndiyinin fərqində olduğu üçün müharibə və ondan sonrakı dövrdə qara təbliğatla, dezinformasiya ilə məşğuldur. Bunun iki əsas səbəbi var. Birincisi, bölgədə təhlükəsizlik probleminin olduğunu dünyaya göstərmək istəyir, ikincisi, beynəlxalq hüququ Azərbaycana qarşı təzyiq vasitəsinə çevirmək məqsədi güdür. Apardıqları dezinformasiyasının bir çox örnəyinin artıq şahidi olmuşuq. Hətta öz atdıqları “İsgəndər” raketini Azərbaycanın atdığını iddia edəcək qədər irəliyə getdilər. Sözügedən videonun dəqiqləşdirilmədən beynəlxalq ictimaiyyətin rəyinə təsir göstərə biləcək informasiya agentliklərinə göndərilməsi isə özlərinin etdikləri cinayətləri, söylədikləri yalanları gizlətmək planının bir parçası və günahkarlıq psixologiyasının bir təzahürüdür.
- Sizcə, Nensi Pelosinin Ermənistan səfərindən öncə sərhəddə təxribatların törədilməsi, sonra KTMT-yə qarşı mitinqlər, Paşinyanın təşkilatdan çıxmaq barədə sözləri, Minsk Qrupunu aktivləşdirmə cəhdləri və son videonun yayılması böyük bir kirli oyun ssenarisinin pərdələri hesab edilə bilərmi?
- Sualınıza cavab kimi vurğulamaq istəyirəm ki, hazırda təxribatları göz önünə alsaq, müharibə meydanda, diplomatiya və informasiya sahəsində davam edir. Pelosidən öncə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün iyul ayında İrəvana səfəri, Ermənistandakı mitinqlər və gərginlik, sülh müqaviləsini imzalamağa razı kimi görünən Paşinyana mane olmaq üçün edilənlərin hamısı böyük bir oyunun parçasıdır. Eyni zamanda Pelosinin İrəvanda Oskar mükafatı ala biləcək şəkildə saxta göz yaşı tökməsi, yalnız Azərbaycanı deyil, həm də Türkiyəni günahkar çıxarmaq üçün atılan addımlar böyük rəsmi görməyimiz üçün çox önəmlidir. Bəhs etdiyimiz videonun yayılması da bizə qarşı əvvəlcədən qurulan plan və proqramlı oyunun bir parçasıdır.
- ABŞ və Fransa bölgədə Türkiyə və Azərbaycanın güclənməsini istəmir. Adlarını çəkdiyimiz ölkələr həm də bölgədə öz hərbi qüvvələrini yerləşdirmək istəyirlər. Bunu Rusiyaya qarşı ikinci cəbhə həmləsi kimi dəyərləndirmək olar?
- ABŞ və Avropa İttifaqı çərçivəsində Fransanın Cənubi Qafqaza yerləşmək məqsədi var. Burada da iki əsas səbəb var. Birincisi, Rusiyaya qarşı ikinci cəbhənin açılması və Rusiyanı Qafqazda siyasi, iqtisadi baxımından və KTMT çərçivəsində təkləməkdir. İkincisi isə Türkiyə və Azərbaycanı gücdən salmaqdır. Bizim digər türk dövlətləri ilə əlaqələrimizə əngəl olmaq istəyirlər. 28 il ərzində olduğu kimi, münaqişənin həlli üçün əlini tərpətməyən regiondan kənar ölkələr indi maşa dövlət olan Ermənistan üzərindən yenidən buraya yerləşmək istəyirlər. Bölgə ölkələri buranın gələcəyi haqqında özləri qərar verməlidirlər. Əgər bölgədən kənar ölkələr buraya sülhməramlı və ya başqa missiya adı altında sərhədə, yaxud başqa bir yerə yerləşsələr, bu problem heç vaxt həll edilməyəcək. Çünki sözügedən güclər eyni Kiprdə olduqları kimi, burada da öz missiyalarını 60-70 il davam etdirmək istəyəcəklər. Türkiyə, Rusiya və Azərbaycan bölgə ilə bağlı məsələlərdə özləri qərar vermək istəsə də, kukla dövlət olan Ermənistan peşka kimi ona verilmiş rolu oynayır. Bu, “həllsiz”liyi həll yolu kimi bizə qəbul etdirmək istəyənlərin planıdır. Ermənistanın başqalarının diktəsi ilə atdığı addımlar çox təhlükəlidir və İrəvan belə davam etməklə öz sonunu hazırlayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyanın Çexiyanın paytaxtı Praqada baş tutacaq görüşündə müzakirə olunacaq məsələlər açıqlanıb.
Bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb.
Məlumata görə, görüşdə Ankara-İrəvan münasibətlərinin normallaşdırılması, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə yox, Türkiyə və Ermənistanda keçirilməsi müzakirə ediləcək.
“Böyük Britaniya Ukrayna müharibədə qələbə qazanana qədər ona kömək etməyə davam edəcək”.
Qafqazinfo xəbər verir ki, bunu Britaniyanın XİN rəhbəri Ceyms Kleverli deyib.
“Biz ukraynalılara onların suverenliyi bərpa olunana qədər kömək edəcəyik. Biz heç vaxt Luqansk, Donetsk, Xerson, Zaporojye və yaxud Krımın Rusiyaya birləşdirilməsini tanımayacağıq. Bu ərazilər Ukraynanın bir hissəsidir. Və Ukrayna bu müharibədə qalib gəldiyi zaman biz onlara evlərinin, iqtisadiyyatlarının və cəmiyyətinin bərpa olunmasında köməklik göstərəcəyik”, - deyə Kleverli qeyd edib.
İsrailin müdafiə naziri Benni Qantsın Azərbaycana rəsmi səfəri təhlükəsizlik, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və siyasi məsələlərə həsr olunub.
Bunu “Jeruselim Post” yazır.
Mətbu orqanın yazdığına görə, İsrailin müdafiə naziri Benni Qantsın Azərbaycana rəsmi səfəri başa çatıb, o, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevlə görüşüb.
İsrail nazirinin ofisindən verilən açıqlamaya görə, səfər "təhlükəsizlik və siyasi məsələlərə həsr olunub". Səfər çərçivəsində Qantz müdafiə naziri, Dövlət Sərhəd Xidmətinin rəisi ilə də görüşüb və Dövlət Sərhəd Xidmətinin qərargahında olub. Onu Müdafiə Nazirliyinin baş direktoru general-mayor Əmir Eşel, Siyasət bürosunun direktoru Dror Şalom və hərbi katib, briqada generalı Yaki Dolf müşayiət edib.
Azərbaycan rəsmiləri ilə görüşdə Qantz “İsrail Dövləti ilə Azərbaycan arasında strateji münasibətlərin qorunub saxlanılmasının, regional və qlobal sülh və sabitliyin əldə edilməsi istiqamətində işi davam etdirməyin vacibliyini vurğulayıb”.
Rəsmilər həmçinin İbrahim sazişinin imzalanmasından sonra Yaxın Şərqdə baş verən dəyişiklikləri, İsrailin Türkiyə, region və dünyanın digər ölkələri ilə əlaqələrinin inkişafını müzakirə ediblər.
“JP”nin qeyd etdiyi kimi, Azərbaycan İranla həmsərhəddir, “xarici məlumatlara görə, bu, İsrailə casusluq əməliyyatları və daha çoxunu həyata keçirməyə imkan verir”.
Bakı həm də İsrailin əsas xam neft tədarükçüsü olub və son illərdə İsrail hərbi texnikasının əsas alıcısına çevrilib. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun 2020-ci il hesabatında deyilir ki, Bakı Hindistandan sonra İsrailin silah sistemlərinin ikinci ən böyük alıcısı olub.
Mətbu orqanı daha sonra yazır ki, 1990-cı illərdən etibarən davam edən Ermənistan- Azərbaycan münaqişəsi 2020-ci ildə genişmiqyaslı müharibəyə çevrildi. Azərbaycan 6 həftə davam edən müharibədə 1990-cı illərdə Ermənistan tərəfindən zəbt edilən ərazilərdə nəzarəti bərpa etdi. Bu müharibədə İsrailin silah sistyemindən və PUA-larından istifadə edib.
Rusiya Prezidenti Vladimir Putinin “qismən səfərbərlik” elanından sonra ən azı 300 minədək rusiyalı ölkəni tərk edib.
“Bu barədə Amerikanın CNN telekanalı müxtəlif ölkələrin ümumiləşdirilmiş məlumatlarına istinadən məlumat yayıb.
Ən çox rus Qazaxıstana üz tutub. Qazaxıstana 100 minədək rusun köç etdiyi bildirilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib ki, dünyada COVID-19 səbəbindən təsdiqlənmiş ölüm hallarının sayı 2020-ci il mart ayından bəri ən aşağı səviyyədə olub. Pandemiyanın başa çatması göz önündədir. ABŞ Prezidenti Co Bayden də CBS telekanalına müsahibəsində koronavirus pandemiyasının bitdiyini elan edib. Azərbaycan-Türkiyə səhiyyə biznes forumunda Azərbaycanın səhiyyə naziri Teymur Musayev də jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda koronavirusa yoluxma halları olsa da, ölüm halları minimal səviyyədədir. Buna görə pandemiyanın sonuna doğru getdiyimizi deyə bilərik.
Bəs, görəsən, bu açıqlamalardan sonra, həqiqətən, pandemiyanın bitməsi nəticəsinə gəlmək olar?
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim Elvin Hüseynov açıqlamasında bildirib ki, son vaxtlar ağır COVID xəstələrinə çox az rast gəlinir:
“Pandemiyanın bitməsi ilə əlaqədar müxtəlif fikirlər mövcuddur. Bəzi mütəxəssislər pandemiyanın, həqiqətən, sona çatdığını fikirləşirlər. Bəziləri isə mümkün variant kimi yeni dalğaların olmasını istisna etmirlər. Son həftələrdə ağır gedişli COVID xəstələrinə, demək olar ki, rast gəlməmişəm”.
Həkim qeyd edib ki, yoluxmaların azalmasının səbəbləri müxtəlifdir:
“Əsas səbəblərdən biri odur ki, omikron variantı hazırda yoluxmaların önəmli hissəsini təşkil edir. Bu variant əvvəlki variantlara nisbətən nadir hallar istisna olmaqla ağır gedişli ağciyər iltihabına səbəb olmur. İkinci əsas səbəb əhalinin əksər hissəsində istər peyvəndləmə, istərsə də xəstəliyə yoluxub sağalma nəticəsində immunitetin formalaşmasıdır. Üçüncü səbəb də müalicə üçün dərman preparatının mövcud olmasıdır. Risk qrupuna aid olan insanlarda yoluxmanın ilkin mərhələsində dərman vasitəsilə ağır gedişli xəstəliyin qarşısını almaq olur”.
E.Hüseynovun sözlərinə görə, bundan sonrakı dalğalarda itkilər daha az olacaq:
“Pandemiyanın bitib-bitmədiyini isə növbəti gedişatlar göstərəcək. Amma əminliklə deyə bilərəm ki, əvvəlki dalğalarla müqayisədə növbətilər çox yoluxmalara və insan ölümünə səbəb olmayacaq”.
İnfeksionist Mərdan Əliyev isə bildirib ki, dünyada kollektiv immunitet formalaşıb deyə, yoluxma da azalır:
“Pandemiyanın bitməsi barədə qəti söz demək hələ ki, tezdir. Amma belə demək olar ki, pandemiya artıq yumşalma istiqamətində gedir. Hələ də Rusiya, Tayvan, Yaponiyada günlük yoluxma sayı 40 mindir. Avropa ölkələrində yoluxma sayı 2-3 min civarındadır. Nəzərə alaq ki, əvvəllər ABŞ-da gündəlik yoluxma sayı 100 minin üzərində olurdu, amma indi xeyli dərəcədə azalma var. Çində də çox güclü karantin hesabına yoluxma sayında azalmaya nail olunub. Ümumi götürəndə son günlər dünya üzrə yoluxmada artma müşahidə edilmir. Daha çox azalmağa doğru istiqamətlənib. Bu da ona bağlıdır ki, bütün dünyada artıq kollektiv immunitet formalaşır”.
Həkim qeyd edib ki, karantin olmadan da təbii şəkildə yoluxmada azalma ola bilər:
“Ölkəmizdə də yayın sonlarından virusa yoluxmada azalma müşahidə edilməyə başladı. Hər gün 200-500 yoluxma müşahidə etdik. Yayın ortalarında yoluxma bir qədər artdı, indi isə yenidən azalma başlayıb. Bu da onu göstərir ki, karantin, məhdudiyyət olmadan da yoluxma sayında azalmanın olması təbii şəkildə baş verir. Bu da kollektiv immunitetin formalaşdığını göstərir. Yay aylarının sonlarındakı yoluxmalar kollektiv immuniteti bir qədər də gücləndirdi”.
M.Əliyevin fikrincə, buna baxmayaraq, risk qrupuna aid olan şəxslər arxayınlaşmamalıdırlar:
“Qarşıdan payız-qış mövsümü gəlir. Bu da koronavirusun yayılması üçün əlverişli zamandır. Yoluxma sayı artsa da, bunun çox ciddi rəqəmlərə gedib çıxacağını gözləmirik. Lakin yenə də risk qrupuna daxil olan şəxslər ehtiyatlı olmalıdırlar. Yaşlı şəxslər, onkoloji xəstələr, immun sistemini zəiflədən dərmanları qəbul edənlər, kimya terapiyası alanlar mütləq şəkildə özlərini qorumalıdırlar. Bu xəstəlik onlar üçün hələ də təhlükəli ola bilər”.
Həkimin sözlərinə görə, qorunmağın ən yaxşı yolu hələ də maskadır:
“Maska gərək hər kəsin üstündə olsun. Avtobusda, metrolarda pik saatlarda insanlar bir-birinə çox yaxın olur, orada yoluxma ehtimalı çoxdur. Yaxud da xəstəxanalarda yoluxma təhlükəsi var. Ona görə maskalardan istifadə etmək lazımdır. Maska bizi tək koronavirusdan yox, qrip və digər kəskin respirator virus infeksiyalarından, vərəmdən də qoruya bilər”.
Rusiyanın Ukrayna ərazisi sayılan Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərini özünə birləşdirməsini rədd edirik.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Türkiyə 2014-cü ildə keçirilən qeyri-legitim referendumla Krımın Rusiya tərəfindən ilhaqını tanımayıb və hər dəfə Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə güclü dəstəyini vurğulayıb.
Bu gün də Rusiyanın Ukrayna ərazisi sayılan Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərini özünə birləşdirməsini rədd edirik.
Beynəlxalq hüququn formalaşmış prinsiplərinin kobud şəkildə pozan bu qərarı qəbul etməyimiz mümkün deyil. Hazırda gərginləşən müharibənin danışıqlar yolu ilə əldə ediləcək ədalətli sülh əsasında həllini dəstəklədiyimizi bir daha bildiririk”, - bəyanatda vurğulanıb.