![]() |
|
Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyətə müraciət edib.
“Report” xəbər verir ki, o, Qərb dövlətlərindən Ukraynanın hava məkanını bağlamağı tələb edib.
“Əgər NATO Ukrayna səmasını bağlamasa, Rusiya raketləri Alyans ölkələrinin vətəndaşlarının evlərinə də düşəcək. Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinin atəşə tutulması nəticəsində 35 nəfər həlak olub, daha 134 nəfər yaralanıb. NATO sərhədləri oradan cəmi 20 km məsafədədir”, - V.Zelenski bildirib.
O, keçən il NATO-ya etdiyi xəbərdarlığı xatırladıb: “Biz demişdik ki, NATO sərt addımlar atmasa, Rusiya müharibəyə başlayacaq. Biz haqlı idik. İndi isə deyirəm ki, Ukrayna hava məkanını bağlamasanız, raketlər NATO ölkələrini hədəf alacaq. Bu, an məsələsidir”.
Dövlət başçısı Ukraynanın ölkə tarixinin ən ağır sınağından keçdiyini və qələbəyə inandığını vurğulayıb: “Nümayəndə heyətimizin konkret vəzifəsi var- prezidentlər səviyyəsində görüşün baş tutmasını təmin etmək”.
Ukrayna tərəfi bəyan edib ki, Rusiya yaxın vaxtlarda Odessaya paraşütçülər endirməyi planlaşdırır.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiyanın tezliklə Odessaya desant endirməyi planlaşdırdığını açıqlayıb: “Rusiya desantları 3-4 gün əvvəl Qara dənizə enməli idi. Lakin hava şəraiti ilə əlaqədar olaraq onlar geriyə Sevastopola qayıtmalı olublar. Amma indi oradan geri dönərək, Odessaya və ətraf bölgəyə desant enişi planlaşdırırlar. Biz Odessada nə baş verdiyini anlayırıq və hər şey nəzarətdədir. Odessalılar rus desantçılarını qarşılamaq üçün gözləyirlər. Çerniqov və Kiyevdə olduğu kimi…”
Rusiya Çindən Ukraynaya hücumunda istifadə etmək üçün hərbi texnika istəyib.
Tələb barədə ilk olaraq “Financial Times” və “The Washington Post” məlumat yayıb.
“Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib ki, son günlər Rusiya Ukrayna ilə davam edən müharibədə irəliləmək üçün Çindən hərbi texnika da daxil olmaqla dəstək istəyib. Rəsmi sorğunun əhatə dairəsi barədə ətraflı məlumat verməyib” - xəbərdə deyilir.
Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, bu, ABŞ və Çin hökumətlərinin yüksək səviyyəli köməkçiləri arasında bazar ertəsi Romada keçirilən görüşdən əvvəl davam edən müharibə ilə bağlı gərginliyi artırıb. Danışıqlardan əvvəl Sallivan açıq şəkildə Çinə xəbərdarlıq edərək Rusiya iqtisadiyyatına zərbə vuran qlobal sanksiyalardan yayınmaqda kömək etməkdən çəkinməyə çağırıb:
“Biz bunun irəli getməsinə imkan verməyəcəyik", - o söyləyib.
“Rusiya ilə danışıqların məqsədi effektiv zəmanətlər əldə etməkdir”.
“Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Nümayəndə heyətimizin qarşısında aydın vəzifə var - Prezidentlərin görüşünün keçirilməsi üçün hər şeyi etmək. İnsanların bu görüşü səbirsizliklə gözlədiyinə əminəm. Bizim məqsədimiz ondan ibarətdir ki, bu mübarizədə, mürəkkəb danışıqlar işində Ukrayna lazımi nəticəni alsın. Bu da bizim üçün zəruridir.
Sülh və təhlükəsizlik üçün. Beləliklə, normal və effektiv zəmanətlərimiz olsun deyə. Budapeştdəki kimi deyil, səmamızdakı kimi deyil. Ukraynalılar deyə bilsinlər - bu işləyir, bunlar zəmanətdir”, - Zelenski Telegram kanalında yayımladığı videomüraciətdə bildirib.
Zelenski qeyd edib ki, Rusiya ilə danışıqlar aparmaq lazımdır, çünki bu danışıqlar sayəsində bu gün Ukraynanın müxtəlif bölgələrindən 5 550 nəfər, 6 gün ərzində isə 130 mindən çox insan təxliyə edilib.
Ukrayna Müdafiə Nazirliyi 14 mart saat 6:00-dək olan əməliyyat şəraiti ilə bağlı məlumat yayıb.
Ukrayna MN-in “Facebook” səhifəsi xəbər verir ki, məlumatda deyilir:
“Ukrayna Silahlı Qüvvələri işğalçılar tərəfindən müvəqqəti işğal olunmuş Ukrayna ərazilərində düşmənin maddi-texniki təminatı sistemini pozmaq üçün arxa infrastruktura (sahə bazaları və anbarlar) sarsıdıcı zərbələr endirib. Ötən gün ərzində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri tərəfindən dörd təyyarə, üç helikopter və pilotsuz uçuş aparatı vurulub (tip məlumatı dəqiqləşdirilir).
İşğalçı qüvvələr bütün istiqamətlərdə hücum əməliyyatı keçirsələr də, ciddi uğur qazana bilməyiblər. İşğalçıların əsas səyləri əvvəllər işğal olunmuş sərhədlərin möhkəmləndirilməsinə və saxlanılmasına yönəldilib.
Düşmənin atəş mövqelərini təchiz etmək, silah və hərbi texnika yerləşdirmək üçün mülki infrastrukturdan, o cümlədən dini obyektlərdən istifadə etməsi ilə bağlı təkrar hallar qeydə alınıb.
Düşmənin mənəvi-psixoloji vəziyyəti aşağı olaraq qalır ki, bu da RF Silahlı Qüvvələrinin hərbçilərinin komandanlığın əmrlərini yerinə yetirməkdən imtina etməsinə səbəb olur” - məlumatda qeyd edilib.
Ukrayna MN həmçinin qeyd edib ki, Belarus Respublikasının Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Ukrayna ilə müharibədə iştirak etməyəcək.
Martın 13-də Ukrayna hərbçiləri Rusiya ordusunun dörd döyüş təyyarəsini, üç helikopterini və bir dronunu məhv edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
“Martın 13-də gün ərzində dövlətin hava hücumundan müdafiə qüvvələri işğalçıların dörd təyyarəsini, üç helikopterini və bir pilotsuz uçuş aparatını vurub. Xüsusən də Kiyev vilayətində strateji istiqamətlərdən birində düşmənin Su-35, Su-34 və Su-25 kimi qırıcılarından ibarət qrup ukraynalı hərbçilərin müdafiə istehkamlarına zərbələr endirməyə cəhd göstərib. Hava hücumundan müdafiə qüvvələri düşmənin hava hədəflərinə zenit raketləri endirib. İlkin olaraq düşmənin üç təyyarəsi vurulub”, - məlumatda deyilir.
Bundan əlavə, zenit raket bölmələri işğalçıların üç helikopterini və bir pilotsuz uçuş aparatını məhv edib.
Albaniyanın paytaxtı Tiranada minlərlə insan həftə ərzində yanacaq qiymətlərinin 40%-dən çox bahalaşmasına etiraz əlaməti olaraq nümayiş keçirib.
"Trend xəbər verir ki, ölkənin bir neçə şəhərini əhatə edən kütləvi etirazlar artıq dördüncü gündür ki davam edir.
Tirana şəhərinin mərkəzindəki Skanderbeg Meydanına toplaşan izdiham əllərində plakatlar tutaraq və şüarlar səsləndirərək hökumət binası istiqamətində yürüş edib. Nümayişçilərdən ibarət kiçik bir qrup əvvəlki etirazlarda həbs edilmiş onlarla insanın azad edilməsini tələb etmək üçün polis idarəsinə yönəlib.
Nümayişçilər aztəminatlı ailələrə vurulan zərbəni azaltmaq üçün vergiləri azaltmağa və yardım proqramları həyata keçirməyi tələb edirlər.
Rusiyaya qarşı sanksiyalar Qərbin həmişə təbliğ etdiyi bütün prinsip və yanaşmaların pozulmasıdır.
Bu açıqlama ilə Rusiyanın maliyyə naziri Anton Siluanov çıxış edib.
“Məhdudiyyətlər bütün dünya ticarətinə şamil edilir. Və sonda bu məhdudiyyətlər onları tətbiq edən ölkələrə qayıdacaq və bu məhdudiyyətləri tətbiq edən ölkələr də geri çəkiləcək”, - nazir vurğulayıb.
Siluanovun fikrincə, dünya iqtisadiyyatı qaçılmaz olaraq yenidən qurulacaq:
“İstənilən məhdudiyyət qlobal iqtisadiyyata ziyan vurur. Rusiya Federasiyası kimi böyük iqtisadiyyata tətbiq edilən məhdudiyyətlər şübhəsiz ki, bütün dünyada hiss olunacaq”.
Britaniyanın “Daily Mail” nəşri Rusiya prezidenti Vladimir Putinin ciddi psixi problemlərə malik olduğunu yazıb.
"Qeyd olunub ki, müvafiq məlumatları ABŞ kəşfiyyatı yayıb.
Nəşr bildirib ki, dövlət başçısı xərçəngin steroidlərlə müalicəsindən sonra meydana çıxan demensiya, Parkinson xəstəliyi və “steroid qəzəbi” nəticəsində yaranan beyin pozğunluğundan əziyyət çəkir.
Rusiya və Ukrayna arasında aparılan danışıqlar çərçivəsində yaradılmış işçi qruplar daim fəaliyyət göstərir, martın 14-də ilkin nəticələrin çıxarılması üçün Moskva və Kiyev arasında danışıqlar aparılacaq.
"Bu barədə Ukrayna Prezidentinin Ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
“Danışıqlar videokonfrans formatında fasiləsiz davam edir. İşçi qruplar daim işləyir. Problemlərin geniş spektri daimi diqqət tələb edir. Bazar ertəsi, martın 14-də ilkin nəticələrin yekunlaşdırılması üçün danışıqlar sessiyası keçiriləcək”, - Podolyak tviterdə yazıb.
Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlar martın 14-ü videoformatda davam edəcək.