![]() |
|
Ermənistanda ölkənin Baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında gərginlik artıb.
“Qafqazinfo” Ermənistan mediasına istinadən xəbər verir ki, N.Paşinyan hökumətin dünənki iclasında çıxışı zamanı Erməni Apostol Kilsəsini yenidən tənqid edib və kilsələrin hazırda yaxşı vəziyyətdə olmadığını söyləyib.
“Kilsələrimiz hinə çevrilib”, - deyən Baş nazir kilsələrdən narazılığını ifadə edib.
Onun sözlərinə görə, kilsələrdə sement torbaları, köhnə, paslanmış armatur parçaları saxlanılır: “Kilsəyə gedirsiniz və orada zibil, kiminsə köhnə paltarı, ayaqqabısını görürsünüz”.
O, bununla yanaşı təhsil, elm, mədəniyyət və idman nazirini kilsələr üçün standartlar təyin etməyə çağırıb.
Paşinyanın bu çıxışı ölkənin din xadimlərinin tənqidlərinə səbəb olub.
Bunun ardınca, Baş nazir feysbuk hesabında kilsələrlə bağlı paylaşımlar edərək din xadimlərini dini qaydaları pozmaqda ittiham edib.
Həmçinin Paşinyan paylaşımında hazırda rəsmi nikahda olmamasının bəzi şəxsləri narahat etdiyini vurğulayıb və bildirib: “Din xadimlərimizin yarısı eyni vəziyyətdədir və bu, heç kəsi narahat etmir”.
Xatırladaq ki, N.Paşinyan ötən ilin dekabrında Anna Akopyanla nə dini, nə də rəsmi nikahının olduğunu açıqlamışdı. Bu zaman o, onların münasibətini övladlarının möhkəmləndirdiyini qeyd etmişdi. Cütlüyün 28 illik münasibətdən 4 övladı var.