|
Obama dönəmində ABŞ yumşaq gücdən istifadə edirdisə, Tramp Administrasiyası birbaşa açıq təzyiqə əl atır.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O qeyd edib ki, Tramp bir ölkəyə inamı azalan kimi dərhal sanksiya siyasətinə keçir:
“Bu kobud xəttin bir təmsilçisi Pompeodursa, ikincisi Boltondur. Əslində, Boltonun Cənubi Qafqaza səfəri də ABŞ-ın Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından çıxması ilə bağlı idi. Ötən ilin sonunda Trampın sazişlə bağlı bəyanatı təsadüfi deyildi. ABŞ raket sistemlərinin Rusiya ərazisi ətrafında yerləşdirilməsində o qədər uğurlu bir xətt yürütdü ki, Moskvanı fakt qarşısında qoydu. Hətta 2005-2006-ci illərdə Moskva hiss etdi ki, ABŞ hücum edərsə, Rusiyanın hərbi potensialının 90 faizini 1 saat ərzində məhv edə bilər. Əslində, ABŞ sözügedən sazişin müddəalarını pozmamışdı. Sazişdə sadəcə Yer üzərindəki raketlərdən imtina qeyd olunmuşdu. ABŞ da bunun müqabilində gəmilərinə yerləşdirdiyi raketləri saxlaya bilmişdi. Vaşinqtonun bunun üçün əsasları da var idi. ABŞ faktiki olaraq əvvəlcə SSRİ-ni, sonra isə Rusiyanı aldatdı”.
Politoloq Rusiyadan fərqli olaraq İranın ABŞ qarşısında daha üstün olduğunu düşünür:
“Təbii ki, ABŞ dünyanın ən qüdrətli dövlətidir və istənilən bölgədə öz sözünü deyə bilər. Ancaq İran raket proqramını inkişaf etdirməklə öz sərhədləri ətrafında təhdid törədən bütün qüvvələrə tutarlı cavab verməyə qadirdir. İranın ballistik raketləri istənilən hədəfi dəqiqliklə məhv edə bilir. ABŞ-ın körfəzdə yerləşən hərbi donanmasının bütün vahidləri hazırda İranın raket qoşunlarının hədəfindədir. Bu mənada İran rəsmiləri artıq ABŞ təhdidindən özlərini qoruya bildiklərini boş yerə bəyan etmədilər. Vaşinqtona verilən mesaj belə idi: ABŞ müharibə istəyirsə, başlasın, ancaq o müharibəni biz sona yetirəcəyik”.