|
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov "TYPSA" şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə regional direktoru Alexandro Martin Roalezi qəbul edib.
İdarə Heyətinin sədri Saleh Məmmədov qonağı salamlayaraq, rəhbərlik etdiyi qurum, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icra olunduğunu qeyd edən İdarə Heyətinin sədri Saleh Məmmədov, 2022-2025-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyata keçirilən avtomobil yolu layihələrinin tikintisi ilə bağlı görülən işlərin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının yol-nəqliyyat xəritəsinin dəyişməsinə və regionlar arası nəqliyyat əlaqələrinin genişləndirilməsinə böyük ölçüdə töhfə verəcəyini qeyd edib.
Qeyd olunub ki, ölkəmizdə yol infrastrukturunun yenilənməsi Azərbaycan Prezidenti İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir.
Agentlik tərəfindən inşa edilmiş avtomobil yollarının keyfiyyəti barədə yüksək fikir bildirən qonaq həyata keçirilən yol infrastrukturu layihələrinin əhəmiyyətindən danışıb.
Görüşdə avtomobil yollarının tikintisi sahəsində əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Agentliyin Aparatının rəhbəri İlqar Əhmədov, İnvestisiya idarəsinin rəisi Seyidhəsən Ağazadə, İnvestisiya layihələrinin idarəedilməsi şöbəsinin rəisi Emin Məmmədzadə, İnvestisiya proqnozlaşdırılması şöbəsinin baş mütəxəssisi Şakir Xanməmmədov və “Azəryolelmitədqiqatlayihə” İnstitutu MMC-nin direktoru Azər Nemətli iştirak etmişdir.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar tədbirlər planına dair Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində “Heydər Əliyev - 100 il” adlı jurnalın təqdimatı keçirilib.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə nəşr olunan jurnalın təqdimat mərasimini giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıb.
Saleh Məmmədov Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq ölkəmizin hər yerində silsilə tədbirlərin keçirildiyini, bunların həm də müdrik şəxsiyyətin ideyalarına sadiqliyin ifadəsi olduğunu bildirib.
Saleh Məmmədov Azərbaycanın müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi sahədə əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın dayandığını diqqətə çatdırıb.
O, qeyd edib ki, Heydər Əliyev irsi böyük bir elmi məktəbdir: “Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr Azərbaycanda intibah dövrüdür. Azərbaycanın bugünkü inkişafını təmin edən ən böyük amil Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdir”.
Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə nəşr edilən jurnal təqdim olunub.
Qeyd edilib ki, jurnalda Azərbaycana rəhbərliyi dövründə Ümummilli lider Heydər Əliyevin respublika iqtisadiyyatında etdiyi inqilabi dəyişikliklərdən, yenidən qurulan yol təsərrüfatından, Ulu Öndərin ideyaları sayəsində Azərbaycanın qlobal nəqliyyat qovşağına çevrilməsindən, Prezident İlham Əliyevin Azərbaycanın yol infrastrukturunu müasir səviyyəyə çatdırmasından, Qarabağ və Şərqi Zəngəzurda qurulan dünyanın ən modern yol infrastrukturu layihələrindən və Azərbaycanın yol infrastrukturu sahəsində aparılan islahatların real nəticə verməsindən bəhs edilir.
Jurnalda dərc edilən məqalələrin hər birinin başlığının və ideyasının Ümumilli Lider Heydər Əliyevin kəlamları əsasında hazırlandığı nəzərə çatdırılıb.
Sonda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov yekun nitqi ilə çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC Bakı Dəmiryol Vağzalında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mən dəmiryolçu övladıyam!” adlı tədbir təşkil edib. ADY-nin təşəbbüsü ilə keçirilmiş tədbirdə ilk dəfə olaraq dəmiryolçu övladları valideynlərinin iş yerləri, o cümlədən vağzal və qatarların iş prinsipi ilə tanış olmaq imkanı qazanıblar.
Ümumilikdə tədbirdə ADY-nin II Qarabağ müharibəsində şəhid olmuş əməkdaşlarının və Vətən Müharibəsi iştirakçılarının uşaqları da daxil olmaqla 500-ə yaxın dəmiryolçu övladı iştirak edib.
Uşaqların yüksək texnologiyalara olan marağı nəzərə alınaraq tədbir çərçivəsində Bakı Dəmiryol Vağzalında pilotsuz uçuş aparatları, planer, roboteks sahələrinə aid guşələr hazırlanıb.
Eyni zamanda onlar gənc cüdoçuların xalça üzərində məşqlərini izləməklə yanaşı, bu idman növü haqqında məlumat da əldə etmişdilər. Əlavə olaraq bədii qiraətə marağın artırılması istiqamətində tanınmış nağıl müəllifləri ilə görüşlər təşkil olunub, animatorların iştirakı ilə maraqlı oyunlar keçirilib.
Tədbirin keçirilməsində Milli Aviasiya Akademiyasının ''Teknofest-2022'' festivalının qaliblərinin, ‘’AzerRobot Education’’ Robototexnika tədris mərkəzinin və Azərbaycan Cüdo Federasiyasının iştirak etməsi tədbirin yadda qalan olmasına xüsusi töhfə verib.
Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bu gün Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (DYƏT) rəhbəri Miroslav Antonoviç ilə görüşüb.
Görüşdə ADY-də həyata keçirilən infrastruktur layihələr, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin artmaqda olan potensialı barədə ətraflı məlumat verməklə yanaşı, DYƏT-lə əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub.
DYƏT 1956-cı ildə iyunun 28-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində dəmir yoluna rəhbərlik edən nazirlərin müşavirəsində yaradılıb. Ölkəmiz 1993-cü ildən Təşkilatın üzvüdür. Hazırda DYƏT-də üzv ölkələrinin sayı 30-dur.
Yol-xeber.az" xəbər verir ki, Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər haqqında məlumat verdi.
Bildirildi ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb. Buradakı ən uzun tunel Murov dağının altından keçir. Həmin tunelin uzunluğu 11,6 kilometrdir.
Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişə imkan yaradacaq.
Məlumat verildi ki, uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu mövcud yoldan 33,1 kilometr qısadır. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4,1 kilometr olan 23 körpü və ümumi uzunluğu 1076 metr təşkil edəcək 3 qovşaq inşa olunacaq.
Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qəbələ rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Qəbələ rayonu “10 №-li Yol İstismarı” MMC-nin inzibati binasında keçirilən qəbulda Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.
Yol-xeber.az" xəbər verir ki, Bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur.
Ümummilli lider Heydər Əliyevin xatirəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində də dərin hörmətlə yad edilib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq agentliyin kollektivi inzibati binada Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Müasir dövlətçiliyimizin qurucusu olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.
Görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 8-də Şuşaya səfər ediblər.
Dövlətimizin başçısı və birinci xanım Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olublar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilən Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,7 kilometr uzunluğundakı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir. Yolun 66-81-ci kilometrliyində işlərin 85 faizi başa çatıb. Uzunluğu 15,72 kilometr olan bu hissədə yolun hərəkət sahəsinin eni 10,75 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınaraq, dörd hərəkət zolaqlı olmaqla 1b texniki dərəcəyə uyğun inşa edilir.
Qeyd edildi ki, layihəyə əsasən, yolun bu hissəsində 5 viadukun (dərə üzərində körpü), 6 tunelin və bir körpünün tikintisi üzrə əsas işlər yekunlaşıb. Hazırda həm viaduklarda, həm də tunellərdə son tamamlanma işləri icra olunur. Viadukların tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. Yolun bu hissəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 15 dairəvi suötürücü boru, 24 düzbucaqlı su keçidi, 4 alt keçid və bir neçə ehtiyat keçid inşa edilib.
Dövlətimizin başçısı və birinci xanım görülən işlərlə bağlı videoçarxa baxdılar.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil magistralının tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
Yol-xeber.az" xəbər verir ki, Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.
Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən inşa olunan bu dəmir yolu xəttinin tikintisinin 2023-cü ildə başa çatdırılması nəzərdə tutulur. Uzunluğu 47,1 kilometr (yan yolları ilə birlikdə 57 kilometr) olan bu dəmir yolu təkxətlidir və elektrikləşdirilməyib. Yol boyunca Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcək. Dəmir yolunun üzərində 3 körpü inşa olunacaq. Yolun keçdiyi ərazi minalardan təmizlənib.
Bildirildi ki, dəmir yolu xəttinin layihələndirilməsi işləri 90 faiz yerinə yetirilib, Ağdam vağzalının təməli qoyulub. Həmçinin Bərdə və Ağdam mənzillərində 3 platforma, həmin platformalar üçün əlavə yolun və iki yoldəyişənin layihələndirilməsi nəzərdə tutulur. Dəmir yolu xəttinin 32,8 kilometrlik hissəsində relslər quraşdırılıb. Həmçinin torpaq işləri, mühəndis qurğularının tikintisi, yolun üst quruluş elementlərinin və yoldəyişənlərin quraşdırılması birinci mərhələ üzrə tam başa çatdırılıb. Hazırda 45-ci və 47-ci kilometrlərarası ərazidə üst quruluş elementlərinin quraşdırılması və Ağdam stansiyasının 6-cı yolunun torpaq işləri davam etdirilir.
Diqqətə çatdırıldı ki, tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. Yolun Bərdə-Təzəkənd hissəsində işlərin 80 faizi icra edilib. Təzəkənd-Ağdam istiqamətini əhatə edən ikinci mərhələdə isə icra vəziyyəti 71 faizdir.
Dövlətimizin başçısına Ağdam şəhər dəmir yolu və avtovağzal kompleksi barədə də məlumat verildi.
Bildirildi ki, kompleks vahid nəqliyyat qovşağı kimi dizayn olunub. Bu da sərnişinlərin rahat hərəkətinə imkan yaradacaq. Milli memarlıq üslubunda inşa olunacaq kompleksin binasında şüşə elementlər üstünlük təşkil edəcək.
Avtovağzalda ilkin mərhələdə şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının sayının 10 olması planlaşdırılır. Dəmir yolu vağzalında gündəlik 1000, avtovağzalda isə 1500 nəfərədək sərnişinin qəbul edilməsi nəzərdə tutulur.