|
Yol-xeber.az" xəbər verir ki, 26 aprel tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov və "Rusiya Dəmir Yolları" ASC-nin baş direktoru Oleq Belozerov arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında tranzit yük daşımaları sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə “Şimal-Cənub’’ marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub.
Görüşdə müvafiq marşrutun rəqabətə davamlılığı və əlavə yük həcmlərinin cəlb olunması barədə geniş fikir mübadiləsi aparılıb.
O cümlədən iki ölkə arasında tranzit vaxtının optimallaşdırılması, sənəd dövriyyəsinin elektronlaşdırılması və marşrutlar üzrə əməliyyatların sinxronlaşdırılması ilə bağlı təkliflər planı geniş müzakirə olunub.
Yol-xeber.az" xəbər verir ki, 27 aprel tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin təşəbbüsü, “Rusiya Dəmir Yolları” ASC, Rusiya Nəqliyyat Universiteti və Azərbaycanın Rusiyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyevin Baykal-Amur magistral xəttinin tikintisində müstəsna rolu” mövzusunda tədbir keçirilib.
Rusiya Nəqliyyat Universitetində təşkil olunmuş tədbirdə əvvəlcə Heydər Əliyevin BAM-ın tikintisinə verdiyi töhfələri özündə ehtiva edən sənədli film nümayiş etdirilib.
Daha sonra tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ümummilli Liderin Sovet İttifaqının ən nəhəng infrastruktur layihəsi hesab olunan BAM-ın uğurla həyata keçirilməsindəki fövqəladə xidmətlərindən danışıb.
Nazir qeyd edib ki, Ulu Öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə nəqliyyat sahəsinin kuratoru olaraq mükəmməl təşkilatçılıq bacarığı, qətiyyəti və inamı sayəsində BAM-ın inşasının uğurla başa çatdırılmasına nail olub: “Heydər Əliyev BAM dəmir yolu xəttinin tikintisini Sibirin və Uzaq Şərqin böyük kəşfi kimi qiymətləndirirdi. Çünki bu tikinti ilə dəmir yolu xətti zonasında faydalı qazıntılarla zəngin olan böyük bir ərazi istismara verilib. Heydər Əliyev qısa bir müddətdə BAM-ın coğrafi ərazisini mühüm sənaye bazasına, sosial-iqtisadi və mədəni mərkəzə çevirməyi bacardı”.
Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin çıxış edərək bildirib ki, mürəkkəb geoloji struktura və sərt iqlimə malik ərazidə magistral və dəmir yollarının çəkilməsi əsl qəhrəmanlıq nümunəsi olub: “BAM-ın ərsəyə gəlməsi Sakit okean regionu və Avropa ölkələri arasında ən qısa marşrut olmaqla Sibirin və Uzaq Şərqin təbii ehtiyatlarından səmərəli istifadə edilməsinə əlverişli şərait yaratdı. Heydər Əliyevin BAM üzrə kurator işlədiyi dövrdə tikinti işləri xeyli intensivləşmiş, qarşıya qoyulan məqsədlərə tam nail olunmuşdu”.
Yol-xeber.az" xəbər verir ki, 26 aprel tarixində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin təşəbbüsü, “Rusiya Dəmir Yolları” ASC, Rusiya Nəqliyyat Universiteti və Azərbaycanın Rusiyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Kazan Dəmiryol Vağzalının “Çar Qülləsi” salonunda foto-sərgi təşkil olunub.
Sərgidən öncə Azərbaycan nümayəndə heyəti Yaroslavl Dəmiryol Vağzalında Baykal-Amur magistral xəttinin (BAM) iştirakçılarının xatirəsini əbədiləşdirən lövhəni ziyarət edib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Rusiya nəqliyyat naziri Vitali Savelyev BAM-ın tikintisinə həsr olunmuş “Nəsillərin estafeti” adlı səyahət kuponunu imzalayıblar. Kupon Rusiya Nəqliyyat Universitetinin tələbə-gənclər dəstələrinin qərargahına və veteran BAM əməkdaşlarına təqdim olunub.
Foto-sərgidə Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə BAM-ın nəqliyyat kuratoru olaraq layihənin ərsəyə gəlməsində verdiyi önəmli töhfələrlə bağlı fotolar nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin peşəkar keyfiyyətləri ilə yanaşı, şəxsi keyfiyyətləri də böyük rol oynayıb: “Həqiqətən də, relyefi mürəkkəb, iqlimi sərt bir regionda layihənin uğurla inşa edilməsində məhz Heydər Əliyevin diqqəti, həssaslığı və qayğıkeşliyi ilə güclü komanda ruhu formalaşdı. Ulu Öndərin rəhbərliyi ilə bütün BAM ailəsi qeyri-mümkün olanı reallığa çevirə bildi. Bu gün sərgilənən fotolarda həmin tarixin ən nadir anları nümayiş etdirilir. Onu da qeyd etmək lazımdır ki, BAM-ın uğur hekayəsində 1975-ci ildən bu regiona işləməyə gəlmiş azərbaycanlı mütəxəssislərin də rolu böyük olub”.
Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin sözügedən tədbirdə çıxış edərək Heydər Əliyevin yüksək idarəetmə bacarığı sayəsində BAM-da görülmüş işlərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. “9 may 1984-cü ildə Heydər Əliyevin Miroşniçenko yolayrıcında relslərin qovuşduğu hissəyə rəmzi qızıl yanlığı vurması mərasimində iştirak edən nümayəndə heyətinin üzvü olaraq Heydər Əliyev kimi liderlə təmasda olduğum həmin illəri iftixarla xatırlayıram”.
“2008-ci ildə BAM-ın Anqoya stansiyasında istifadəyə verilən yeni vağzala Heydər Əliyevin adının verilməsi onun xidmətlərinin böyük minnətdarlıqla yad edilməsinin təzahürüdür”, – İqor Levitin vurğulayıb.
Daha sonra rəsmilər foto stendlərlə tanış olub və sərgi iştirakçıları ilə fikir mübadiləsi aparıb.
Tədbirdə Rusiya Nəqliyyat Nazirliyinin yüksək nümayəndə heyəti, “Azərbaycan Dəmir Yolları” QSC, “Rusiya Dəmir Yolları” ASC-nin rəhbərlikləri, Azərbaycanın Rusiyadakı səfirliyinin diplomatları, Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri, Rusiyanın “BAM” İctimai Birliyinin üzvləri, yerli ictimaiyyət və media təmsilçiləri iştirak ediblər. Sərgi 26 may tarixinə kimi davam edəcək.
Qeyd edək ki, ümumi uzunluğu 4300 km olan BAM-ın tikintisinə 1940-cı ildə başlanılsa da, tikinti işləri təxirə salınıb, 1974-cü ildən layihə yenidən gündəmə gəlib. Layihə çərçivəsində BAM-da 200-dən çox dəmir yolu stansiyası inşa edilib, dəmir yolu xətti isə 60-dan çox şəhər və qəsəbəni birləşdirir. BAM boyunca 10 dəmir yolu tuneli tikilib. BAM xətti 11 iri çayın üzərindən keçir, ümumilikdə xətt üzrə 2230 iri və xırda körpü inşa edilib.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanovu qəbul edib.
İdarə Heyətinin sədri Saleh Məmmədov qonaqları salamlayaraq, rəhbərlik etdiyi qurum, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icra olunduğunu qeyd edən İdarə Heyətinin sədri 2022-2025-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyata keçirilən 20 avtomobil yolu layihəsi və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə bağlı görüləcək işlərin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının yol-nəqliyyat xəritəsinin dəyişməsinə və regionlar arası nəqliyyat əlaqələrinin genişləndirilməsinə böyük ölçüdə töhfə verəcəyini qeyd edib.
Agentlik tərəfindən inşa edilmiş avtomobil yollarının keyfiyyəti barədə yüksək fikir bildirən qonaq, "Zəfər Yolu"na olan vurğunluğunu xüsusi olaraq qeyd edib.
İşgüzar ziyarətinin əsas məqsədinin Özbəkistan Respublikası tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının tikintisi sahəsində əldə etdiyi təcrübəni və bu sahədə tətbiq etdiyi yeniliklərin öyrənilməsi olduğunu qeyd edən fövqəladə və səlahiyyətli səfir Baxrom Aşrafxanov müvafiq sahə üzrə əməkdaşlığın inkişaf etdirilməsinin hər iki ölkənin avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsinə xidmət edəcəyini bildirib.
Qeyd edək ki, görüşdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayev, Agentliyin Aparatın rəhbəri İlqar Əhmədov, Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi Kamran Əzizov iştirak ediblər.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Neftçala rayonunda Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolu sakinlərin xahişi ilə yenidən qurulub.
Neftçalanın 3 yaşayış məntəqəsini əhatə edən 19 kilometr uzunluğunda bu yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Nəticədə 20 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşıması asanlaşıb. Yolboyu torpaq, qazma, yataq yolun profilə salınması işləri görülüb. Yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsi isə 6 metrdir.
Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud borular yenilənib, boru başlıqları tikilib, yola yeni asfalt-beton örtüyü döşənib.
Prezident İlham Əliyevə Neftçalada 4 yaşayış məntəqəsini əlaqələndirən yolların layihəsi də təqdim olundu.
Qeyd edildi ki, Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu avtomobil yolunun 7-ci kilometrliyindən ayrılan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq aparılan yenidənqurma işləri yekunlaşıb.
Uzunluğu 10 kilometr olan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yolları 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolun eni 10 metrə qədər genişləndirilib. Buraya 6 metrlik hərəkət hissəsi və 2 metr enində çiyinlər daxildir.
Yolun 8,5 kilometr uzunluğunda Həsənabad–Neftçala hissəsində normativ enin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb, yeni yol əsasının inşası və asfaltlanma işləri aparılıb. Yolun yaşayış məntəqəsindən keçən hissəsində eni 1,5 metr, uzunluğu 900 metr olan piyada səkisi inşa olunub.
Layihə çərçivəsində yolun 1,5 kilometrlik Bankə–Beştalı hissəsində də sadalanan işlər icra olunub. Layihə üzrə yolun bu hissəsində Kür çayı üzərində yerləşən və uzunluğu 286 metr olan körpü təmir edilib. Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib.
Layihənin icrası 38 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının daha da inkişafına töhfə verəcək.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədilə Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında olub.
Səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov ümumi uzunluğu 82 km olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikinisi və yol üzərində inşa olunan dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinə baxış keçirib.
Hazırda Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda torpaq yatağının, süni qurğuların və 4 avtomobil tunelinin tikintisi davam etdirilir. 3 tuneldə artıq qazma, püskürtmə və beton işləri tamamlanıb, Murovdağ tunelində isə qazma işləri davam etdirilir. Artıq tuneldə hər bir istiqamət üzrə 5 km-ə yaxın qazma, püskürtmə və beton işləri tamamlanıb, 14 ehtiyat keçidinin tikintisi yekunlaşıb.
Daha sonra İdarə Heyətinin sədri 72.3 km uzunluğunda olacaq Kəlbəcər-Laçın avtomobil yolunda aparılan tikinti işləri, həmçinin Laçın hava limanının tikintisi ilə əlaqədar torpaq işlərinin yerinə yetirilməsi ilə tanış olub. Hazırda Kəlbəcər-Laçın avtomobil yolu boyunca torpaq yatağının, süni qurğuların və tunellərin tikintisi davam etdirilir.
Səfər zamanı Saleh Məmmədov Laçın şəhərinin daxili yollarının bərpası layihəsi, həmçinin Xudafərin-Qubadlı-Laçın avtomobil yolu layihəsinin icra vəziyyətləri ilə tanış olub. Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda torpaq yatağının və yol əsasının tikintisi, yol əsası hazır olan ərazilərin asfaltlanması, süni qurğuların, körpü və tunellərin inşası davam etdirilir. Ümumilikdə yol boyunca yerinə yetirilmiş işlər 40 fazidən artıqdır.
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun başlanğıcını götürdüyü Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi), həmçinin Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun da tikintisi sürətlə davam etdirilir. Layihələrin icra vəzityyəti ilə yerindəcə tanış olan Agentliyin İdarə Heyətinin sədrinə məlumat verildi ki, yol boyu torpaq yatağının və yol əsasının, asfalt-beton örtüyünün döşənməsinin, boru və keçidlərin, tunel və körpülərin tikintisi tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov sadalanan avtomobil yollarına baxış zamanı yol infrastrukturu layihələrinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev ideyaları Zəfər yollarının təməlidir” adlı konfrans keçirilib. “Heydər Əliyev İli” çərçivəsində baş tutan konfrans “Azərbaycan” qəzeti ilə birgə təşkil olunub.
Konfransdan öncə AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Agentliyin rəhbər şəxsləri Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra cəmiyyətin akt zalında keçirilən konfransı giriş nitqi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədri Saleh Məmmədov açıb.
Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş konfransda Ümummilli Liderin tarixi missiyası, dövlətçilik yolu, onun ideyalarının indi tam reallaşması barədə fikirlər səsləndirilib, respublikamızın mövcud nailiyyətlərinin əsaslarının yaradıcısı olan Heydər Əliyevin fəaliyyəti, Vətənin inkişafı və azadlığı yolunda atdığı addımlardan bəhs edilib.
AAYDA-nin İdarə Heyətinin sədri Saleh Məmmədov “Azərbaycan yollarının inkişaf və zəfər salnaməsi: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda çıxış edib.
Saleh Məmmədov müstəqil dövlətimizin banisi Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, neft və sənaye sahələrinə verdiyi töhfələr, əsasını qoyduğu irimiqyaslı layihələr barədə danışaraq deyib:
“Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi dəyişikliklər nəticəsində bütün sahələrdə olduğu kimi, yol təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyuldu. Həmin islahatların nəticəsidir ki, bu gün ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan avtomobil yolları təsərrüfatında köklü dəyişikliklər baş verib. Yol infrastrukturu üzrə mühüm layihələr həyata keçirilib, yeni yollar, körpülər salınıb. Bir sözlə, Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib”.
Saleh Məmmədov Azərbaycanın müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi sahədə əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın dayandığını diqqətə çatdırıb.
Qeyd edilib ki, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu mükəmməl strategiya və uğurlu xarici və daxili siyasət müasir dövrün reallıqlarına uyğun olaraq qətiyyətlə və ardıcıllıqla gerçəkləşdirilir.
Daha sonra Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası” mövzusunda nitq söyləyib.
Bəxtiyar Sadıqov, Heydər Əliyevin Azərbaycanın bütün sahələrdə inkişafı və tərəqqisi üçün gördüyü işlərdən ətraflı danışaraq bildirib ki, Ulu Öndər hər gün xatırlanır, hər gün anılır. Çünki daim bizimlədir, daim onun yaratdıqlarından bəhrələnir, qurduğu yeni Azərbaycanda yaşayır, müəyyən etdiyi siyasi kursla dönmədən irəliləyirik.
Konfrans Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini, Yeni Azərbaycan Partiyasının ərazi partiya təşkilatının sədri Əvəz Qocayevin “Heydər Əliyev ideyaları Azərbaycanı qlobal nəqliyyat qovşağına çevirdi” mövzusuna həsr olunmuş çıxışı ilə davam edib.
Konfransda həmçinin Agentliyin Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov “İlham Əliyev Azərbaycanın yol infrastrukturunu müasir və mükəmməl səviyyəyə çatdırdı”, Agentliyin Magistral yolların istismarı və təmiri şöbəsinin rəisi Mehman Musayev “Qarabağ və Şərqi Zəngəzurda dünyanın ən modern yol infrastrukturu qurulur”, “Azəryolelmitədqiqatlayihə” institutunun mütəxəssisi Elmar İntiqam “Azərbaycanın yol infrastrukturu: islahatlar real nəticə verir” mövzularında çıxışlar ediblər.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətinin hər bir azərbaycanlı üçün nümunə olduğu bildirilib. Vurğulanıb ki, Ulu Öndərin siyasi xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konfrans Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədovun yekun nitqi ilə başa çatıb.
Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Göygöl rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Göygöl rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Göygöl rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.