|
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır.
Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yol Ağdam, Ağcabədi, Füzuli rayonlarının ərazisindən keçir. Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla, birinci texniki dərəcəyə uyğun inşa edilir.
Torpaq işlərinin icrası çərçivəsində yararsız süxurun çıxarılması, qazma, yatağın genişləndirilməsi işləri davam etdirilir. Həmçinin yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin tikintisi aparılır. Yol üzərində layihələndirilən körpülərin tikintisi davam etdirilir və yol əsasının inşası bitən hissələrdə asfalt-beton örtüyün döşənməsi işləri görülür.
Sonra yolun tikintisi ilə bağlı görülən işləri əks etdirən videoçarx nümayiş olundu.
Qeyd edək ki, yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 2023-cü il ərzində Qarabağ və Şərqi Zəngəzurda daha 12 yol layihəsinin başa çatdırılmasını hədəfləyir.
Yol-xeber.az xəbər verir ki, bunu AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov “Azərbaycan” qəzetində dərc edilən “Zəfər yollarının qüdrətli qurucusu” adlı yazısında deyib.
S. Məmmədov, o cümlədən hazırda bu ərazilərdə icra olunan yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 km-ə yaxın olan 39 avtomobil tunelinin inşasının həyata keçirildiyini bildirib: “Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərimizdə 2026-cı ilə qədər 2 300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur”.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə 2021-ci il oktyabrın 3-də uzunluğu 28,5 km təşkil edən Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu, 2021-ci il noyabrın 7-də uzunluğu 101,5 km olan Zəfər yolu istifadəyə verilib. 2022-ci ilin oktyabrında Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsinin, 2023-cü ilin mayında isə 8,2 kilometrlik hissəsinin açılışı olub. 2022-ci ildə həmçinin Laçın şəhərinə daxil olmadan 22 km-lik yeni alternativ avtomobil yolunun tikintisi başa çatdırılıb. 2023-cü ilin may ayında Füzuli-Hadrut avtomobil yolunun tikintisi tam yerinə yetirildi. Eyni zamanda Zəngəzur dəhlizinin mühüm elementi olan 123,6 km-lik 1-ci texniki dərəcəli Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd layihəsi üzrə işlərin böyük hissəsi artıq görülüb.
Yol-xeber.az" xəbər verir ki, Oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb.
Tədbirdə Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş iştirak ediblər.
Araz çayı üzərindən tikintisi başlanılan körpünün koordinatları və texniki parametrləri, körpüyə yaxınlaşma yolu layihəsi, ərazidə yaradılacaq müvafiq sərhəd-gömrük məntəqəsinin göstəriciləri, çayın əvvəlki məcrasına qaytarılma məqsədilə görüləcək sahilbərkitmə və məcratəmizləmə tədbirləri və İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında inşa ediləcək yeni dəmiryolu xətti və körpülərinin planları barədə aidiyyəti dövlət qurumları tərəfindən Şahin Mustafayevə və Mehrdad Bəzrpaşa ətraflı məlumat verilib.
Həmsədrlər avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun göstəricilərinin ölkələrin ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcəyini xüsusi qeyd ediblər. Belə ki, 7 gediş-gəliş xətləri olacaq dövlət sərhədindən buraxılış məntəqəsinin, eləcə də avtomobil körpüsünün gündəlik qəbul edə biləcək yük-nəqliyyat vasitələrinin sayı ən azı 1100 təşkil edəcək.
Yol-xeber.az" xəbər verir ki, Anım Günü ilə əlaqədar sentyabrın 27-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin digər rəhbər şəxsləri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
Agentliyin rəhbərliyi və əməkdaşları parkın girişindəki xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 Sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.
Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Masallı rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Masallı Rayon İcra Hakimiyyəti başçısı Araz Əhmədov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Şəhidlər xiyabanı ziyarət olunub, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla yad edilib.
Daha sonra Masallı rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Masallı və Yardımlı rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayon ərazisində son günlər yağan intensiv yağışlar nəticəsində yaranmış sel sularının zərər vurduğu avtomobil yollarına və yol qurğularına baxış keçiriblər.
Baxış zamanı Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunması, yol qurğularının bərpası istiqamətində işlərin qısa müddətdə və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.
Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini cənab Cavid Qurbanov doğum günüdür. 65 yaşı münasibət ilə Yol-xeber.az-ın rəhbərliyi və kollektivi adından cənab Cavid Qurbanovu təbrik edir, dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Cavid Qurbanov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Cavid Qurbanovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Cavid Qurbanov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Yol-xeber.az" xəbər verir ki, Bu gün səhər saatlarında intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının uçurduğu Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsünün sökülməsinə başlanılıb.
Qeyd edək ki, hadisə baş verəndən dərhal sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.
Agentliyin rəhbərliyi və aidiyyəti qurumların əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində çökmüş körpüyə baxış keçirilib və yerində yeni avtomobil körpüsünün inşası qərara alınıb. Bununla əlaqədar olaraq əraziyə xüsusi texnikalar cəlb edilərək işlərə başlanılıb.
Qısa müddət ərzində yeni körpünün inşasının həyata keçirilməsi nəzərdə tutulub.
Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan istifadə edə bilərlər.