![]() |
|
Yol-xeber.az" xəbər verir ki, Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər haqqında məlumat verdi.
Bildirildi ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb. Buradakı ən uzun tunel Murov dağının altından keçir. Həmin tunelin uzunluğu 11,6 kilometrdir.
Qeyd edək ki, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə Kəlbəcər rayonunun ərazisindən keçir. Buna görə də yol rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişə imkan yaradacaq.
Məlumat verildi ki, uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu mövcud yoldan 33,1 kilometr qısadır. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir. Bu yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4,1 kilometr olan 23 körpü və ümumi uzunluğu 1076 metr təşkil edəcək 3 qovşaq inşa olunacaq.
Yol-xeber.az" xəbər verir ki, Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Qəbələ rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Qəbələ rayonu “10 №-li Yol İstismarı” MMC-nin inzibati binasında keçirilən qəbulda Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.
Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildiriblər.
Yol-xeber.az" xəbər verir ki, Bu gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur.
Ümummilli lider Heydər Əliyevin xatirəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində də dərin hörmətlə yad edilib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq agentliyin kollektivi inzibati binada Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Müasir dövlətçiliyimizin qurucusu olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.
Görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 8-də Şuşaya səfər ediblər.
Dövlətimizin başçısı və birinci xanım Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olublar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilən Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,7 kilometr uzunluğundakı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir. Yolun 66-81-ci kilometrliyində işlərin 85 faizi başa çatıb. Uzunluğu 15,72 kilometr olan bu hissədə yolun hərəkət sahəsinin eni 10,75 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınaraq, dörd hərəkət zolaqlı olmaqla 1b texniki dərəcəyə uyğun inşa edilir.
Qeyd edildi ki, layihəyə əsasən, yolun bu hissəsində 5 viadukun (dərə üzərində körpü), 6 tunelin və bir körpünün tikintisi üzrə əsas işlər yekunlaşıb. Hazırda həm viaduklarda, həm də tunellərdə son tamamlanma işləri icra olunur. Viadukların tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. Yolun bu hissəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 15 dairəvi suötürücü boru, 24 düzbucaqlı su keçidi, 4 alt keçid və bir neçə ehtiyat keçid inşa edilib.
Dövlətimizin başçısı və birinci xanım görülən işlərlə bağlı videoçarxa baxdılar.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil magistralının tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
Yol-xeber.az" xəbər verir ki, Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.
Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən inşa olunan bu dəmir yolu xəttinin tikintisinin 2023-cü ildə başa çatdırılması nəzərdə tutulur. Uzunluğu 47,1 kilometr (yan yolları ilə birlikdə 57 kilometr) olan bu dəmir yolu təkxətlidir və elektrikləşdirilməyib. Yol boyunca Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcək. Dəmir yolunun üzərində 3 körpü inşa olunacaq. Yolun keçdiyi ərazi minalardan təmizlənib.
Bildirildi ki, dəmir yolu xəttinin layihələndirilməsi işləri 90 faiz yerinə yetirilib, Ağdam vağzalının təməli qoyulub. Həmçinin Bərdə və Ağdam mənzillərində 3 platforma, həmin platformalar üçün əlavə yolun və iki yoldəyişənin layihələndirilməsi nəzərdə tutulur. Dəmir yolu xəttinin 32,8 kilometrlik hissəsində relslər quraşdırılıb. Həmçinin torpaq işləri, mühəndis qurğularının tikintisi, yolun üst quruluş elementlərinin və yoldəyişənlərin quraşdırılması birinci mərhələ üzrə tam başa çatdırılıb. Hazırda 45-ci və 47-ci kilometrlərarası ərazidə üst quruluş elementlərinin quraşdırılması və Ağdam stansiyasının 6-cı yolunun torpaq işləri davam etdirilir.
Diqqətə çatdırıldı ki, tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir. Yolun Bərdə-Təzəkənd hissəsində işlərin 80 faizi icra edilib. Təzəkənd-Ağdam istiqamətini əhatə edən ikinci mərhələdə isə icra vəziyyəti 71 faizdir.
Dövlətimizin başçısına Ağdam şəhər dəmir yolu və avtovağzal kompleksi barədə də məlumat verildi.
Bildirildi ki, kompleks vahid nəqliyyat qovşağı kimi dizayn olunub. Bu da sərnişinlərin rahat hərəkətinə imkan yaradacaq. Milli memarlıq üslubunda inşa olunacaq kompleksin binasında şüşə elementlər üstünlük təşkil edəcək.
Avtovağzalda ilkin mərhələdə şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarının sayının 10 olması planlaşdırılır. Dəmir yolu vağzalında gündəlik 1000, avtovağzalda isə 1500 nəfərədək sərnişinin qəbul edilməsi nəzərdə tutulur.
Yol-xeber.az" xəbər verir ki, 26 aprel tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov və "Rusiya Dəmir Yolları" ASC-nin baş direktoru Oleq Belozerov arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında tranzit yük daşımaları sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə “Şimal-Cənub’’ marşrutu üzrə birgə fəaliyyət planı müzakirə olunub.
Görüşdə müvafiq marşrutun rəqabətə davamlılığı və əlavə yük həcmlərinin cəlb olunması barədə geniş fikir mübadiləsi aparılıb.
O cümlədən iki ölkə arasında tranzit vaxtının optimallaşdırılması, sənəd dövriyyəsinin elektronlaşdırılması və marşrutlar üzrə əməliyyatların sinxronlaşdırılması ilə bağlı təkliflər planı geniş müzakirə olunub.
Yol-xeber.az" xəbər verir ki, 27 aprel tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin təşəbbüsü, “Rusiya Dəmir Yolları” ASC, Rusiya Nəqliyyat Universiteti və Azərbaycanın Rusiyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyevin Baykal-Amur magistral xəttinin tikintisində müstəsna rolu” mövzusunda tədbir keçirilib.
Rusiya Nəqliyyat Universitetində təşkil olunmuş tədbirdə əvvəlcə Heydər Əliyevin BAM-ın tikintisinə verdiyi töhfələri özündə ehtiva edən sənədli film nümayiş etdirilib.
Daha sonra tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ümummilli Liderin Sovet İttifaqının ən nəhəng infrastruktur layihəsi hesab olunan BAM-ın uğurla həyata keçirilməsindəki fövqəladə xidmətlərindən danışıb.
Nazir qeyd edib ki, Ulu Öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə nəqliyyat sahəsinin kuratoru olaraq mükəmməl təşkilatçılıq bacarığı, qətiyyəti və inamı sayəsində BAM-ın inşasının uğurla başa çatdırılmasına nail olub: “Heydər Əliyev BAM dəmir yolu xəttinin tikintisini Sibirin və Uzaq Şərqin böyük kəşfi kimi qiymətləndirirdi. Çünki bu tikinti ilə dəmir yolu xətti zonasında faydalı qazıntılarla zəngin olan böyük bir ərazi istismara verilib. Heydər Əliyev qısa bir müddətdə BAM-ın coğrafi ərazisini mühüm sənaye bazasına, sosial-iqtisadi və mədəni mərkəzə çevirməyi bacardı”.
Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin çıxış edərək bildirib ki, mürəkkəb geoloji struktura və sərt iqlimə malik ərazidə magistral və dəmir yollarının çəkilməsi əsl qəhrəmanlıq nümunəsi olub: “BAM-ın ərsəyə gəlməsi Sakit okean regionu və Avropa ölkələri arasında ən qısa marşrut olmaqla Sibirin və Uzaq Şərqin təbii ehtiyatlarından səmərəli istifadə edilməsinə əlverişli şərait yaratdı. Heydər Əliyevin BAM üzrə kurator işlədiyi dövrdə tikinti işləri xeyli intensivləşmiş, qarşıya qoyulan məqsədlərə tam nail olunmuşdu”.
Yol-xeber.az" xəbər verir ki, 26 aprel tarixində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin təşəbbüsü, “Rusiya Dəmir Yolları” ASC, Rusiya Nəqliyyat Universiteti və Azərbaycanın Rusiyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Kazan Dəmiryol Vağzalının “Çar Qülləsi” salonunda foto-sərgi təşkil olunub.
Sərgidən öncə Azərbaycan nümayəndə heyəti Yaroslavl Dəmiryol Vağzalında Baykal-Amur magistral xəttinin (BAM) iştirakçılarının xatirəsini əbədiləşdirən lövhəni ziyarət edib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Rusiya nəqliyyat naziri Vitali Savelyev BAM-ın tikintisinə həsr olunmuş “Nəsillərin estafeti” adlı səyahət kuponunu imzalayıblar. Kupon Rusiya Nəqliyyat Universitetinin tələbə-gənclər dəstələrinin qərargahına və veteran BAM əməkdaşlarına təqdim olunub.
Foto-sərgidə Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə BAM-ın nəqliyyat kuratoru olaraq layihənin ərsəyə gəlməsində verdiyi önəmli töhfələrlə bağlı fotolar nümayiş etdirilib.
Açılış mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin peşəkar keyfiyyətləri ilə yanaşı, şəxsi keyfiyyətləri də böyük rol oynayıb: “Həqiqətən də, relyefi mürəkkəb, iqlimi sərt bir regionda layihənin uğurla inşa edilməsində məhz Heydər Əliyevin diqqəti, həssaslığı və qayğıkeşliyi ilə güclü komanda ruhu formalaşdı. Ulu Öndərin rəhbərliyi ilə bütün BAM ailəsi qeyri-mümkün olanı reallığa çevirə bildi. Bu gün sərgilənən fotolarda həmin tarixin ən nadir anları nümayiş etdirilir. Onu da qeyd etmək lazımdır ki, BAM-ın uğur hekayəsində 1975-ci ildən bu regiona işləməyə gəlmiş azərbaycanlı mütəxəssislərin də rolu böyük olub”.
Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin sözügedən tədbirdə çıxış edərək Heydər Əliyevin yüksək idarəetmə bacarığı sayəsində BAM-da görülmüş işlərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. “9 may 1984-cü ildə Heydər Əliyevin Miroşniçenko yolayrıcında relslərin qovuşduğu hissəyə rəmzi qızıl yanlığı vurması mərasimində iştirak edən nümayəndə heyətinin üzvü olaraq Heydər Əliyev kimi liderlə təmasda olduğum həmin illəri iftixarla xatırlayıram”.
“2008-ci ildə BAM-ın Anqoya stansiyasında istifadəyə verilən yeni vağzala Heydər Əliyevin adının verilməsi onun xidmətlərinin böyük minnətdarlıqla yad edilməsinin təzahürüdür”, – İqor Levitin vurğulayıb.
Daha sonra rəsmilər foto stendlərlə tanış olub və sərgi iştirakçıları ilə fikir mübadiləsi aparıb.
Tədbirdə Rusiya Nəqliyyat Nazirliyinin yüksək nümayəndə heyəti, “Azərbaycan Dəmir Yolları” QSC, “Rusiya Dəmir Yolları” ASC-nin rəhbərlikləri, Azərbaycanın Rusiyadakı səfirliyinin diplomatları, Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri, Rusiyanın “BAM” İctimai Birliyinin üzvləri, yerli ictimaiyyət və media təmsilçiləri iştirak ediblər. Sərgi 26 may tarixinə kimi davam edəcək.
Qeyd edək ki, ümumi uzunluğu 4300 km olan BAM-ın tikintisinə 1940-cı ildə başlanılsa da, tikinti işləri təxirə salınıb, 1974-cü ildən layihə yenidən gündəmə gəlib. Layihə çərçivəsində BAM-da 200-dən çox dəmir yolu stansiyası inşa edilib, dəmir yolu xətti isə 60-dan çox şəhər və qəsəbəni birləşdirir. BAM boyunca 10 dəmir yolu tuneli tikilib. BAM xətti 11 iri çayın üzərindən keçir, ümumilikdə xətt üzrə 2230 iri və xırda körpü inşa edilib.
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanovu qəbul edib.
İdarə Heyətinin sədri Saleh Məmmədov qonaqları salamlayaraq, rəhbərlik etdiyi qurum, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icra olunduğunu qeyd edən İdarə Heyətinin sədri 2022-2025-ci illər ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində həyata keçirilən 20 avtomobil yolu layihəsi və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə bağlı görüləcək işlərin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının yol-nəqliyyat xəritəsinin dəyişməsinə və regionlar arası nəqliyyat əlaqələrinin genişləndirilməsinə böyük ölçüdə töhfə verəcəyini qeyd edib.
Agentlik tərəfindən inşa edilmiş avtomobil yollarının keyfiyyəti barədə yüksək fikir bildirən qonaq, "Zəfər Yolu"na olan vurğunluğunu xüsusi olaraq qeyd edib.
İşgüzar ziyarətinin əsas məqsədinin Özbəkistan Respublikası tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının tikintisi sahəsində əldə etdiyi təcrübəni və bu sahədə tətbiq etdiyi yeniliklərin öyrənilməsi olduğunu qeyd edən fövqəladə və səlahiyyətli səfir Baxrom Aşrafxanov müvafiq sahə üzrə əməkdaşlığın inkişaf etdirilməsinin hər iki ölkənin avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsinə xidmət edəcəyini bildirib.
Qeyd edək ki, görüşdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayev, Agentliyin Aparatın rəhbəri İlqar Əhmədov, Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi Kamran Əzizov iştirak ediblər.