|
Əvvəlki iki görüşlə müqayisədə tarixi əhəmiyyət baxımından bu görüşün daha sönük keçəcəyini düşünürəm.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli ABŞ Prezidenti Trampla Rusiya lideri Putin arasında bu gün keçiriləcək görüşü şərh edərkən deyib. O bildirib ki, liderlər arasında hansısa məxfi razılaşma olacağına inanmır:
“Əlbəttə, Tramp və Putin bu cür razılaşmanın olmasını istəyərdi. Lakin Putindən fərqli olaraq, Tramp ölkəsində yekdil söz sahibi deyil. Ona görə də onlar arasında hər hansı razılaşmanın olacağı inandırıcı görünmür”.
Politoloq qeyd edib ki, bu daha çox protokol qaydası bir görüş olacaq:
“Tramp mediaya poza verəcək, Putin isə eqosunu yüksəldəcək. Suriya, Ukrayna və digər məsələlərdə də tərəflər əvvəlki mövqelərində qalacaqlar”.
Qeyd edək ki, bu gün Putin Helsinkidə ABŞ Prezidenti Donald Trampla görüşəcək. Görüşdə əsas müzakirə mövzusu beynəlxalq təhlükəsizlik, Yaxın Şərqdəki vəziyyət və “Şimal axını-2” boru kəmərinin tikintisi olacaq.