|
24 iyunda Türkiyədə növbədənkənar seçkilər keçirildi. Hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan seçkiyə qatılan 88 faiz seçicinin 52,5 faizinin səsini alaraq yenidən prezident seçildi. Bununla da artıq Türkiyə prezident üsul-idarəsi ilə idarə olunacaq.
Bəs prezident üsul-idarəsi Türkiyəyə nə verəcək?
“Yeni Müsavat”a danışan politoloq Nəzakət Məmmədova bildirib ki, hələ 2016-cı ildə Türkiyədə çevriliş cəhdindən sonra bir çox məqamlar bəlli oldu:“Bu hadisədən sonra Türkiyədə fövqəladə hal elan olundu və indiyə qədər də bu, davam edir. Siyasi sistemin dəyişdirilməsi zərurəti bu olaylardan sonra başladı. Türkiyənin idarəçilik sistemini dəyişdirməsinə səbəb hərbi çevriliş cəhdi, ölkə ərazisində davamlı sürətdə baş verən terror aktları, dövlətin daxilində FETO şəbəkəsinin kök salması kimi daxili səbəblər oldu. Xarici təhdidlərə gəlincə isə Türkiyənin Suriya ilə sərhədi boyunca yeni dünya düzəninin yaranması prosesi gedir. Yaxın Şərq bunun episentridir və Türkiyə isə ərazi bütövlüyünün parçalanması təhdidi ilə üz-üzə qalıb. Qısası, demək olar ki, Türkiyəyə həm daxili, həm də xarici təhdidlər var. Bu isə təxirəsalınmaz qərarlar verilməsini tələb edir. Yəni terror aktı, çevriliş cəhdi olarsa, buna ölkənin siyasi rəhbərləri dərhal cavab verib, adekvat tədbirlər görməlidir. Lakin Türkiyənin parlament sistemi bunun qarşısında bir əngəl idi. Təbii ki, parlament sistemi demokratik sistemdir və 1923-cü ildə Atatürk tərəfindən Türkiyədə əsası qoyulub. Ancaq Ərdoğanın hakimiyyətə gəldiyi dövrdən bəri olan Türkiyənin beynəlxalq vəziyyəti 1920-ci illərdəki halından çox fərqlidir. 1923-cü ildən bəri Türkiyə Qərbə meyllənib, NATO-nun üzvü olub və sairə. Yəni Türkiyə Ərdoğana qədər daha çox Qərblə, İsraillə, ABŞ-la müttəfiq idi. Buna görə də Türkiyəyə qarşı təhdid yox idi. AKP hakimiyyəti dövründən sonra Yaxın Şərqdə ”Böyük Orta Şərq" layihəsinin icrasına başlanıldı və bölgə ölkələrinə qarşı təhdid yarandı. Belə olan təqdirdə bütün bu təhdidlərin qarşısında Türkiyə parlament üsul-idarəsi ilə duruş gətirə bilməzdi. Çünki ölkənin siyasi rəhbərliyi qərar qəbul edirsə, parlament üsul-idarəsində bu, bir neçə mərhələdən keçərək və zaman itkisi ilə nəticələnəcək. Müzakirə edən zaman da parlamentdə müxtəlif qüvvələr, məsələn, PKK-ya qarşı radikal addıma etiraz edirdilər. Artıq idarəetmədə bu kimi maneələr, əngəllər olmayacaq".
Politoloq bildirib ki, dəyişiklik Türkiyə üçün çox doğru bir addımdır: “Ərdoğanı qınayırlar ki, guya o, avtoritarizmə yuvarlanır. Hətta Qərb ölkələrində bir az da irəli gedib, onu diktator adlandırırlar. Bu fikirlər kökündən yanlışdır. Çünki Ərdoğanın buna ehtiyacı yoxdur. Onun xalq arasında nüfuzu böyükdür. Ərdoğan referenduma getməyi belə izah etdi ki, bundan sonra Türkiyəyə qarşı böyük təhdidlər gözlənilir. Doğrudan da bu, belədir. Çünki görünən budur ki, dünyada bundan sonra uzun müddət sabitlik olmayacaq. Ən əsası da dünya düzəninin dəyişməsi prosesi Türkiyənin sərhədləri yaxınlığında baş verir. İran təhdid olunur, Ermənistanda qərbpərəst qüvvələr hakimiyyətə gəldi. Belə bir şəraitdə prezidentin səlahiyyəti geniş olmalıdır, ölkənin suverenliyini, təhlükəsizliyini təmin edə bilsin. Ona görə də prezident üsul-idarəsi Türkiyəyə divident gətirəcək. AKP hakimiyyəti bu dəyişikliklə öz hakimiyyətlərini yeni bir mərhələyə çıxardı. Çünki sistem ölkənin hazırkı daxili və xarici siyasətinə adekvatdır. Düşünürəm ki, bu seçkilərdən sonra Türkiyə yenə də Qərbə, ABŞ-a boyun əyməyəcək. Eyni zamanda Türkiyəyə qarşı təhdidlər də davam edəcək.
İslam dünyasının liderliyi uğrunda ambisiyalar davam edəcək. Yaxın Şərqdə Osmanlı imperiyasının nüfuz dairəsinə daxil olan ölkələrdə Türkiyə yenə də öz təsirini artırmağa çalışacaq. Biz bunu Ərdoğanın səfərlərindən, Türkiyə şirkətlərinin yatırımından da görürük. Türkiyənin xarici siyasətində əsas prioritet NATO və ABŞ-dan uzaqlaşmaq, onların göstərişlərini yerinə yetirməmək və vaxtilə Osmanlının nüfuz dairəsinə daxil olduğu ərazilərdə öz nüfuzunu bərpa etməkdir. Bunu Şimali Afrikada, Yaxın Şərq məsələsində də çox aydın şəkildə görürük. İsraillə münasibətlərə son qoyulur, daha çox İslam dünyasının problemlərinə, Qüds, Fələstin məsələsinə diqqət edilir. Ərdoğan və onun ailəsi bu məsələdə çox aktivdir.
Bu hal da Ərdoğanın piarına müsbət təsir göstərdi. Məsələn, Arakanda Ərdoğanın həyat yoldaşı humanitar yardım payladı, Afrikada, Somalidə bütün bunları gördük. 3 milyon suriyalıya Türkiyə vətəndaşlıq verib. Bununla Ərdoğan İslam dünyasının lideri olmaq ambisiyasını ortaya qoyub. Bilirik ki, ərəb ölkələri, İran və Türkiyə bu ambisiyadadır. Ancaq daha çox Ərdoğanı qəbul edirlər. Türkiyənin əsas problemi iqtisadiyyatıdır. Yəqin ki, Ərdoğan yaxın müddətdə bu problemlə məşğul olacaq. Çünki iqtisadi rifah olmalıdır ki, xalq Ərdoğandan razı qalsın. Qarşıdan bələdiyyə seçkiləri gəlir. AKP istəyəcək ki, orada da üstünlük qazansın. Parlamentdə isə yenə də müxalifətçilər öz mövqelərini saxlaya biliblər. Çünki bilirlər ki, onların yeganə sığındıqları qala parlamentdir.
Eyni zamanda müxalifət bələdiyyə seçkilərinə də önəm verir. Yəqin ki, AKP bələdiyyə seçkilərində də qalib gəlməyə çalışacaq. Ərdoğanın qələbəsi müxalifəti dəstəkləyən Amerikanın təzyiqlərini, ittihamlarını artıracaq. İndiyə qədər Qərb öz adamlarını həm hərbi çevriliş, həm də seçki yolu ilə hakimiyyətə gətirə bilməyib. Bundan sonra Qərb Ərdoğanın müstəqil siyasətinə sərt reaksiyalar verəcək. Artıq Amerika bəyan edib ki, Türkiyə ”S-400" alarsa, ona qarşı sanksiya tətbiq edə bilərik. Türkiyəni özlərinə tabe etmək üçün bundan sonra hər yola əl atacaqlar. İqtisadi təxribatlarla, daxildəki müxalifətə dəstək verməklə Qərb öz siyasətini davam etdirəcək. Çox güman ki, PKK da yenə də Türkiyə daxilində terrora cəhd edəcək. Eyni zamanda Suriyada Amerika yenə də kürdləri siyasi fəaliyyətə qoşacaq. Türkiyəyə qarşı təzyiq və təhdidlər davam edəcək. Çünki Türkiyəni itirmək istəmirlər. Türkiyəyə hakim olmaq Yaxın Şərqə hakim olmaq deməkdir.