|
Gürcüstan və Ukraynanın NATO-ya gələcəkdə gözlənilən üzvlüyü ilə əlaqədar Kremldən verilən aqressiv bəyanatların intensivliyi artıb.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, ittifaqın son zirvə toplantısında bir daha rəsmən Gürcüstanla Ukraynaya üzvlük perspektivinin verildiyi 2008-ci il tarixli Buxarest sammitinin qərarı qüvvədə olduğu bəyan edilib:
"Xüsusən Gürcüstanın üzvlüyə daha yaxın olduğunu söyləmək olar, baxmayaraq ki, Brüssel zirvəsinin yekunları qonşu ölkəni elə də məmnun etmədi. Putin son 3 gün ərzində 2-ci dəfə bildirdi ki, Gürcüstan və Ukraynanı NATO-ya daxil etməyə çalışanlar bu siyasətin nəticələrini yaxşı düşünməlidir. Qərbə ünvanlanan bu mesajın tərcüməsi budur ki, “postsovet məkanı bizim həyati maraqlarımızın olduğu zonadır və siz Gürcüstanla Ukraynanı NATO-ya qəbul etməyə qərar versəniz, biz buraları yenidən cəhənnəmə çevirərik”. Həm Gürcüstan, həm də Ukraynanın ərazisində Rusiya qoşunları dayanıb”.
Politoloq vurğulayıb ki, Putinin aqressiv ritorikasının səbəbi Rusiyanın tarixən maraqlarının olduğu vacib region – Balkanlarda Qərblə girişdiyi rəqabəti uduzmasından qaynaqlanır:
"SSRİ-nin və Yuqoslaviyanın dağılmasından sonra Balkan ölkələrindən Rumıniya, Bolqarıstan, Xorvatiya, Albaniya və Sloveniya NATO-ya qəbul olundular. 2017-ci ilin iyununda Monteneqro 29-cu üzv qismində NATO-ya qəbul edildi, ötən həftə keçirilən Brüssel sammitində isə Makedoniya üzvlüyə rəsmi dəvət aldı. Makedoniyadan sonra növbə Bosniya-Herseqovinaya çatacaq və bununla həm Adriatik sahilləri tamamilə NATO-ya aid olacaq, həm də Balkanlarda Rusiyanın yeganə müttəfiqi Serbiya ətrafındakı həlqə qapanaraq dənizə çıxışı olmayan bu ölkə hər tərəfdən NATO məkanı ilə əhatələnəcək. Serbiya hökuməti proseslərin hara apardığını anlayaraq tədrici avrointeqrasiya yolunu seçib. Əgər bu ölkə zəruri islahatlar həyata keçirib, Kosovonu da tanıyarsa, 2025-ci ilə qədər Avropa Birliyinə üzv olmaq şansı var".
Politoloq qeyd edib ki, Rusiya son illər Balkanların əlindən çıxmasına müqavimət göstərməyə çalışıb və indi də çalışır:
"2016-cı ildə Monteneqroda keçirilən parlament seçkiləri zamanı Rusiya kəşfiyyatı bu zəif və balaca ölkədə çevriliş həyata keçirməyə və qərbyönlü lider Milo Cukanovuçə sui-qəsd təşkil etməyə cəhd göstərdi, lakin SVR və QRU-nun bu əməliyyatı MKİ və Mİ6 tərəfindən neytrallaşdırıldı. Makedoniyada isə Moskva 2016-cı ilin dekabrında keçirilmiş parlament seçkilərindən sonra qərbyönlü hökumətin qurulmasına imkan vermirdi. Yarım il davam edən siyasi böhranın sonunda seçkilərdə ikinci olmuş Sosial Demokrat İttifaqı ilə 2 alban partiyası koalisiya yaradaraq yeni hökuməti formalaşdıra bildilər. Lakin etnik alban Tələt Cəfərinin parlamentin sədri seçilməsini bəhanə edən millətçi makedonlar parlamentə hücum etdilər və bir neçə deputatı, o cümlədən Sosial Demokrat İttifaqının lideri, hazırkı baş nazir Zoran Zayevi döydülər. Yeri gəlmişkən, dünyanın əksər regionlarında Rusiya yerli millətçi-faşist partiyalar və qruplarla çox yaxın əlaqələr qurub. Bunun əsas səbəbi yəqin ki, millətçiləri “vətən əldən gedir” təbliğatı ilə manipulyasiya etməyin çox asanlıqla mümkün olmasıdır. Rusiya prosesin qarşısını ala bilmədi və Zayevin başçılığı ilə qurulan hökumət parlament tərəfindən təsdiqləndi. Makedoniyanın qarşısında növbəti maneə ölkənin bu adla avroatlantik strukturlara qəbuluna Yunanıstan tərəfindən veto qoyulması idi. İki ölkənin bu ilin iyununda anlaşma əldə etməsi və Makedoniyanın avroatlantik inteqrasiya naminə adını dəyişməyə razılaşmasından sonra yunanlar vetolarını qaldırdılar. Hələ ki Makedoniyada addəyişmə prosedurları yekunlaşmayıb".
Politoloqun sözlərinə görə, indi Moskvanın Afinanın mövqeyinə təsir etmək üçün bu ölkə daxilində ciddi pozuculuq işləri apardığı məlum olub:
"Belə ki, Makedoniya ilə anlaşmanı əngəlləmək üçün Rusiya Yunanıstanda bəzi yüksək vəzifəli dövlət məmurlarını satın alırmış və dini liderləri də bu destruktiv prosesə cəlb edirmiş. Rusiya imperiyasının Orta Şərqdə nüfuzunu gücləndirmək, bölgə xalqları ilə əlaqələri möhkəmləndirmək, pravoslavların hüquqlarını qorumaq, pravoslavlığın müqəddəs yerlərinə (indiki İsrail ərazisi) ziyarətlər təşkil etmək məqsədilə 1882-ci ildə yaradılmış İmperatorun Pravoslav Fələstin Cəmiyyəti (İPPO) adlı təşkilat bu prosesdə xüsusi rol oynayıb. İPPO-ya FSB-nin sabiq rəhbəri, keçmiş daxili işlər və keçmiş ədliyyə naziri Sergey Stepaşinin başçılıq etməsi faktı yetərlidir ki, bu təşkilatın Kremlin siyasətindəki önəmini anlayaq. İPPO yunan pravoslav kilsəsi və müqəddəs Afon dağındakı monastırlar üzərindəki təsirindən istifadə edərək onları Makedoniya və Yunanıstan hökumətləri arasında razılıq əldə olunmasına qarşı yönəldirmiş. Nəticədə Afon keşişləri iyunun sonunda bəyanat verdilər ki, yunan xalqı Makedoniyanın adının dəyişməsini istəmir və bu prosesi dayandırmaq lazımdır".
Politoloq vurğulayıb ki, Yunanıstan hökuməti sonda dözməyərək daxili işlərinə bu dərəcədə müdaxilə edilməsinə qarşı hərəkətə keçdi və 2 Rusiya diplomatını (kəşfiyyatçısını) ölkədən qovdu, daha ikisinin ölkəyə girişinə isə qadağa qoydu:
"Münasibətlərin pisləşməsindən sonra Sergey Lavrov Yunanıstana planlaşdırılan səfərini təxirə saldı. Hamıya məlumdur ki, Rusiya ilə Yunanıstan (ruslar və yunanlar) arasında tarixi yaxınlıq, hətta doğmalıq var. Bu yaxınlıq və doğmalıq rusların din seçərkən qrek (Bizans) pravoslavlığına üstünlük verməsindən qaynaqlanır. Lakin Moskva öz qaba siyasəti üzündən Qərb bloku içərisindəki ən yaxın dostu ilə əlaqələrini korlamağı da bacardı. Ümumiyyətlə, diqqət çəkən məqam budur ki, Putinin xarici siyasətində din-məzhəb amilinin son illər önə çıxmasına baxmayaraq, Rusiyanın pravoslav-xristian dövlətlərinin böyük əksəriyyəti ilə əlaqələri yaxşı səviyyədə deyil, bəziləri ilə hətta düşmənçilik var. Pravoslav dövlətlərindən Yunanıstan, Bolqarıstan, Rumıniya və Monteneqro NATO-nun üzvüdür, Makedoniya, Ukrayna və Gürcüstan isə NATO-ya can atır. Yalnız Serbiya ilə münasibətlər yaxşıdır, amma serblər də tədricən Rusiyadan uzaqlaşır".
Politoloq bildirib ki, Balkanlardan sonra NATO-nun növbəti genişlənmə dalğasının postsovet məkanını əhatə edəcəyi sirr deyil. Putini qəzəbləndirən və müdafiə tədbirləri görməyə sövq edən də budur.