“Böyük yarışlarda hədəf dünya çempionluğu qoyulursa, bu zaman onların şəxsi sponsoru olması mütləqdir”.

 

Məşhur şahmatçı Şəhriyar Məmmədyarovun bu günlərdə sponsorunun olmaması və komandasını maliyyələşdirmək məqsədi ilə ardıcıl olaraq yarışlara qatıldığı barədə yazdığı status ciddi rezonans doğurdu. Məsələ ilə bağlı həm sosial şəbəkələrdə, həm də mətbuatda müzakirələr açıldı. Azərbaycan Şahmat Federasiyasının mövqeyi gecikmədi. Federasiyanın vitse-prezidenti Faiq Həsənov mətbuata açıqlama verərək bildirdi ki, Məmmədyarovun sponsoru Azərbaycan dövlətidir və onun rəsmi turnir və çempionatlara səfərləri ilə bağlı bütün xərcləri dövlət tərəfindən ödənilir. Əgər söhbət kommersiya turnirlərindən gedirsə, pulu onun meneceri tapmalıdır.

Bir qədər sonra isə idman jurnalisti Sənan Şəfizadə sosial şəbəkədə məlumat yayaraq qeyd edib ki, çoxsaylı şirkətlər qrossmeysterə sponsorluq etmək üçün təkliflərini bildirib: “Məlum statusdan sonra mənə zəng vuran 2 bank, qida sektorunu təmsil edən 1 şirkət, 1 hotel onunla sponsorluq müqaviləsi imzalamağa hazır olduğunu bildirib. Yəqin ki, nəticəsi müsbət olacaq. Bir şirkət 3 il müddətinə onun şəxsi saytını pulsuz idarə etmək, eləcə də dizaynını yeniləməyi təklif etdi. Təkliflər az deyil. Sadəcə çox istərdim ki, Şəhriyarın sponsoru dünya brend şirkətlərindən biri olsun”.

Maraqlıdır, bəs Şəhriyar Məmmədyarovun sponsor məsələsi rəsmiləşdimi? Məlum statusundan sonra Şahmat Federasiyası və ya Gənclər və İdman Nazirliyi qrossmeysterə hər hansı diqqət göstərdimi?

İlgili resim

Faiq Həsənov

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı Şahmat Federasiyanın vitse-prezidenti Faiq Həsənovla əlaqə saxlayıb. Vitse-prezident bu mövzu ilə bağlı qətiyyən danışmaq istəmədiyini bildirib:

“Hər şey deyilib, qurtarıb, daha bu haqda danışmaq istəmirəm. Siz jurnalistlərin başqa işi yoxdur?”

Gənclər və İdman Nazirliyinin məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışsaq da zənglərimiz cavabsız qaldı.

İdman jurnalisti Sənan Şəfizadə ile ilgili görsel sonucu

Sənan Şəfizadə

İdman jurnalisti Sənan Şəfizadə isə qeyd edib ki, Şəhriyar Məmmədyarovun sponsor məsələsinin həlli üçün bir müddət zaman lazımdır: “Məlum statusdan sonra böyük şirkətlər tərəfindən Şəhriyar Məmmədyarova böyük maraq var. Hazırda  həmin şirkətlərin adlarının çəkilməsi doğru olmazdı. Amma yəqin ki, müəyyən müddətdən sonra uğurlu sponsorun adı açıqlanacaq.

Qeyd edim ki, Şəhriyarın statusu müəyyən mənada düzgün qəbul edilmədi. Şəhriyar həmin statusda heç bir qurumdan şikayət etmir. Məlum olduğu kimi o, dünyaca məşhur qrossmeysterdir. Onun bütün oyunları həm dövlət tərəfindən, həm də Şahmat Federasiyası tərəfindən yüksək qiymətləndirilib, dəstək verilib. Sadəcə olaraq, böyük yarışlarda hədəf dünya çempionluğu qoyulursa, bu zaman onların şəxsi sponsoru olması mütləqdir. Bu zaman özü seçir - yarışa getsin, ya yox. Məsələn, Şəhriyarın uğur qazanması üçün bütöv komanda çalışmalıdır. Təkcə şahmatçının çıxıb 6 saat oynaması ilə məsələ bitmir. Şahmatçının uğur qazanması üçün məşqçiləri, fiziki hazırlıqla bağlı məşqçiləri, meneceri, köməkçiləri olmalıdır. Dünyaca məşhur şahmatçılar var ki, onlar daim öz yanlarında şəxsi aşpazlar da saxlayırlar. Yəni, bu mənada bu cür komanda yetişdirmək üçün sponsor olmalıdır ki, xərcləri qarşılansın. Bu mənada Şəhriyara sponsor lazımdır. Lakin qeyd etdiyim kimi, onun oyunları hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib".

Qeyd edək ki, şahmatçının qalmaqallı statusunun müzakirəsi getdiyi bir zamanda ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Sinquefield Cup” turnirində o, 5 xalla 4-cü yeri tutub.

Xəbər lenti