|
"Qarabağ" bu gecə oynadı! Oyandı! Hətta dirildi! Hamını bir daha "Qarabağ"ın hələ meydandan çəkilməyəcəyinə inandırdı...
Stadiona az azarkeş gəlməsindən narazılıq edənləri anlamaq çətindi. Bu xalqı qələbəyə tamarzı qoymaq olmaz, bu xalqı qələbədən məhrum etmək olmaz! Niyə azarkeş yox, xalq deyirəm? "Qarabağ" yalnız azarkeşlərin klubu deyil! "Qarabağ"a heç həyatında futbola baxmayan evdar xanım da, nəinki stadionda, heç televizorda oyuna baxmağa zamanı olmayan dülgər də, bənna da, hətta nazir də biganə deyil. Amma Qarabağ adı varsa, hamı qələbə gözləyir. Bunu anlamaq lazımdır, hərdən çox çətin olsa da, olduğu kimi anlamaq! Anlamayan varsa, gedib başqa klubda oynasın...
..."Şerif" əslində əvvəldən bizim yemimiz idi, ötən mövsüm bunlara öz meydanlarında qalib gəlmişdik. Amma indi elə bir durum vardı ki, Avroliqanın qrupu bizim üçün əlçatmaz ola bilərdi. "Qarabağ" isə bu məsuliyyəti yaxşı anladı və finalı Bakıda keçiriləcək Avroliqanın qrupuna vəsiqə qazandı. "Qarabağ" belə oynasaydı, Çempionlar Liqasının qrupuna da düşə bilərdik. Amma naşükürlük etməmək lazım, Avroliqanın qrupuna düşmək böyük uğurdur. Əgər bu gün "Qarabağ" qrupa vəsiqə qazanmasaydı, bu, çox ağır zərbə olacaqdı.
"Qarabağ" nə qədər ki, Qarabağımız işğaldadır, bu yükü çəkməlidir, bəlkə də hamımızın yerinə...Son bir ayda ən çox tənqid edilən, ən çox qınanan və...sonda da ən çox sevilən "Qarabağ" oldu.
"Qarabağ" bizim meydandakı vətənimizdi, onun zəif oyunu canımızı ağrıdır, uğuru isə gözümüzü yaşardır. "Qarabağ" sadəcə, klub deyil "Qarabağ" bizim gələcəyə olan ümidimizdir, Qarabağı görməyən gənclərin oraya gedən döyüş yoludur, "Qarabağı unutma!" devizidir, düşmənlərimizə verilən göz dağıdır!
Bu klubu qorumaq lazımdır, bu klubdan üz döndərməyə imkan vermək olmaz.
"Qarabağ" bu gün başqa cür oynaya bilməzdi. Bunun nə qədər həyati əhəmiyyətli olduğunu Qurban Qurbanov da yaxşı bilirdi, klubun üzvləri də. Qəşəng qələbə idi, hamıya lazımlı qələbə...
Sabah Avroliqanın püşkatmasıdır. "Qarabağ" üçün çətin bir mövsüm olacaq, amma oynayacaqlar. Onlardan nə üz döndərəsi, nə əl çəkəsiyik...
"Qarabağ"ı təbrik edək, onu dəstəkləyək, onu tənqid edək, onu şımartmayaq, onu tək də qoymayaq, ona sevgimizi gizlətməyək, ona qəzəblənək, ona "nə yaxşı varsan" deyək...