|
FİFA ilin ən yaxşı futbolçusu adına son üç namizədi açıqlayıb.
Axar.az xəbər verir ki, siyahıda Portuqaliya millisinin futbolçusu Kristiano Ronaldo (“Yuventus”, İtaliya), Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç (“Real Madrid”, İspaniya) və Misir yığmasının oyunçusu Məhəmməd Salah (“Liverpul”, İngiltərə) yer alıblar.
Beşqat “Best FİFA Football Awards” nominasiyanın qalibi Argentina millisinin və “Barselona” klubunun ulduz oyunçusu Lionel Messi siyahıya daxil edilməyib.
Ən yaxşı qapıçıların siyahısında Belçika millisindən Tibo Kurtua (“Real Madrid”, İspaniya), Fransa yığmasından Uqo Lyoris (“Tottenhem”, İngiltərə), Danimarka seçməsindən isə Kasper Şmeyxel (“Lester Siti”, İngiltərə) yer alıblar.
FİFA-nın təqdim etdiyi ən yaxşı üç məşqçi siyahısında isə Zlatko Daliç (Xorvatiya millisi), Didye Deşam (Fransa millisi) və “Real Madrid” klubunun sabiq baş məşqçisi Zinəddin Zidan yer alıb.
Qeyd edək ki, mükafat sentyabrın 24-də İngiltərənin paytaxtı Londonda təqdim ediləcək.