|
"Milli komanda üçün hər bir çağırışa hazır olmalıyıq.
Bura gələrək, meydanda və meydandan kənarda köməyimizi edir, təcrübəmizi bölüşürük. Ölkəmiz üçün əlimizdən gələnin ən yaxşısını ortaya qoyuruq".
"Report"un məlumatına görə, bunu Albaniya yığmasına yenidən dəvət alan "Qarabağ" klubunun futbolçusu Ansi Aqolli İsraillə bu gün keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında deyib. 36 yaşlı müdafiəçi milli komanda karyerasını başa vurduğuna dair fikirlərlə razılaşmayıb. O, kollektivdaxili ab-havanın qaydasında olduğunu söyləyib: "Düşünmürəm ki, komandanı tərk etmişəm. Heyətdə əvvəlki və yeni futbolçular cəmləşib. Onlar Albaniya adına yeni-yeni qələbələr qazanmalıdırlar. Kollektivdaxili atmosfer yaxşıdır. Qarşıdakı oyuna yaxşı hazırlaşmışıq. İndi itkiləri xatırlatmaq lazım deyil. Hətta bu itkilərdən də komanda dərs alıb".
Cinah oyunçusu Millətlər Liqasındakı hədəflərindən də danışıb: "Bu, yeni təcrübədir. Hələlik nə isə demək tezdir. İlkin hədəfimiz yaxşı oyunla qələbə qazanmaqdır. Sonra inkişafı görməli, növbəti oyunlar barədə düşünməliyik. İsrail və Albaniya ilə yoldaşlıq görüşləri bizim üçün pis təcrübə oldu. Həmin vaxt bir çox amil oyunumuza təsirini göstərdi. Fikrimcə, tələb olunanı ortaya qoya bilmədik. Qırmızı vərəqə aldıq, qol vurduq. Lakin istədiyimizi əldə etmədik. İndi isə yeni oyuna çıxacağıq. İsraillə matça hazırıq".
Qeyd edək ki, Elbasan şəhərindəki eyniadlı stadionda keçiriləcək Albaniya - İsrail matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.