|
Bizim üçün çətin oyun oldu. Azərbaycanın favorit olduğunu bilirdik.
Yaxşı mübarizə apardıq. Azərbaycandan aldığımız bir xal bizim üçün çox dəyərlidir. 3 gün sonra evdə Farer adaları ilə oyunumuz var. Bu bir xalı qiymətli etmək üçün doğma həmin oyunda qalib gəlməliyik.
Sportnet.az xəbər verir ki, bunu Kosovo millisinin futbolçusu Vedat Muriqi Bakıda Azərbaycan yığması ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının ilk tur matçı barədə danışarkən deyib.
24 yaşlı hücumçu daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Sanki 1 xala razı idiniz. Bunu nə ilə əlaqələndirirsiniz?
- Biz istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Azərbaycan da yaxşı komandadır. Hücuma da çıxa bilmədik. Bir xal bizim üçün yaxşıdır. İnanıram ki, Farer adalarına evdə qalib gələrik.
- Gözlədiyiniz Azərbaycan komandasını meydanda gördünüz?
- Gözlədiyimiz komandanı gördük. Rəqibimizi kimsə kiçiltməyib. Analizlər etmişdik, ona görə də deyirəm ki, bu bir xal çox dəyərlidir.
- Cavab matçında Azərbaycanı məğlub edə bilərsiz?
- O zamana qədər yaxşı çalışsaq, niyə də olmasın?! Biz doğma divarlar arasında oynayacağıq. Azarkeşlərimizin güclü dəstəyi olacaq. Bu dəstək çox önəmlidir. Orada yəqin fərqli çıxış edəcəyik.
- Burada əldə edilən bir xal Kosovonu favorit etdimi?
- Təqvimə baxsaq, elə görünə bilər. Son matçımız Azərbaycanla oynayacağıq. Farer adaları və Malta ilə matçlarda maksimum nəticə ilə ayrılsaq, belə qənaətə gəlmək olar.
- Millimizdən hansı futbolçu daha təhlükəli idi?
- Meydanda bunu hiss etmək bəzən çətin olur. Meydandan kənarda bunu rahat görmək olur. Amma Kamran Ağayevlə Türkiyədə "Girəsunspor"un şərəfini qoruduğum vaxtlarda bir neçə dəfə üz-üzə gəlmişəm. Kamranı ordan tanıyırdım. Meydanda buna diqqət etmək çətindir.
- Hər iki komanda ilk oyunda bir-birindən çəkindi... Bu fikirlə razısınız?
- İlk matç belə olur. Nəyin gözlədiyini bilmirdik. Qol epizodları yarada bilmədik. Bir xal yaxşı nəticə sayılmalıdır.