|
Millətlər Liqasında komandamız hər oyuna qələbə üçün çıxır.
Lakin bu oyunun ilk dəqiqələrində də gördük ki, rəqib 1 yox, 3 xal qazanmaq istəyir. Onlar da qələbə qazanmaq barədə düşünürdülər. Çətin oyun idi. Qrupumuzda rəqibləri müqayisə etsək, Kosovo sürpriz komandadır. Yeni federasiyaları var. İki ildir ki, təsis olunub. UEFA və FİFA-ya üzv qəbul olunub. Amma ona baxmayaraq, futbolçuları tanınmış liqalarda çıxış edir. Əksəriyyəti əsas heyətlərdə oynayır. Milli komandalara cəlb olunublar. Ötən seçmə mərhələ onlar üçün başlanğıc olub. Bu, Kosovo üçün ikinci sınaqdır. Mən həmin komandanın buraya üç xal üçün gələcəyini gözləmirdim. Birinci hissədə bəzi epizodlarda pressinq etməyə başladılar. Buna baxmayaq, komandamız ikinci hissədə topa nəzarət etməyi bacardı. İlk xalımızı qazandıq. Millətlər Liqasının qrup mərhələsi qısa bir turnirdir. 3 ay ərzində 6 oyun keçirilməlidir. Hər oyunda qələbə qazanmağa çalışmalıyıq. Unutmayaq ki, 3 gün sonra növbəti oyunumuzu keçirəcəyik. Baş məşqçi də komandanı Malta ilə səfər oyununa hazırlayacaq.
Report xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan millisinin Bakıda Kosovo ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının ilk tur matçı barədə danışarkən deyib.
Federasiya rəsmisi daha sonra jurnalistlərin suallarını cavablandırıb:
Rəqib komandanın kapitanı Samir Uykani jurnalistlərə açıqlamasında meydanın vəziyyətinin yaxşı olmadığını vurğuladı. O, ot örtüyünün rəngləndiyini dedi. Avropa Liqasının finalının keçiriləcəyi stadion niyə bu vəziyyətdədir?
- Dünən UEFA nümayəndəsi də stadiona baxış keçirib. Heç bir mənfi rəyi olmayıb. Əsas UEFA nümayəndəsinin rəyidir. Meydanda əvvəlki aylarda bəzi problemlər olub. Amma o aradan qaldırılıb. Nümayəndə ciddi bir problem aşkarlamayıb.
Özünüz ot örtüyünə yaxından baxmısınız?
- Bəli. Yaxından baxmışam. Meydana 5 qiymətini vermərik. Az qiymət verərdik. Daha yaxşı ola bilərdi. Yay mövsümündən çıxmışıqsa, stadion düzəlməlidir. Stadiona baxan şəxslər bunun üçün məsuliyyət daşıyır. Biz istəyirik ki, stadion 5 qiymətini alsın.
Adətən vacib oyunları AFFA prezidenti Rövnəq Abdullayev də stadiondan izləyirdi. Bu gün isə onu görmədik...
- Rövnəq müəllim bu gün oyunda idi. Oyunu stadiondan izlədi. İcraiyyə Komitəsinin bəzi üzvləri də gəlmişdi. Fürsətdən istifadə edib, bu gün stadiona gələn azarkeşlərə çox sağ olun demək istərdim. Qeyd eləmək istərdim ki, əsas Azərbaycan millisinə dəstək göstərməkdir. Bu dəstəyə ehtiyacımız var.
Malta və Farer adaları ilə ev oyununun yerini Tofiq Bəhramov adına Respublika Stadionuna dəyişmək mümkündürmü?
- Millətlər Liqasının qaydalarına əsasən, UEFA bir stadiona üstünlük verir. Biz də eyni stadionda oynayacağıq. Dəyişmək istərdik. BOS-da böyük oyunlar olacaq. Avropa çempionatına da hazırlıqlar başlayıb. Stadionu hər zaman sınaqdan keçirmək lazımdır. Azərkeş dəstəyi rəqibə görə yox, öz millimizə görə olmalıdır.