|
Ağır səfərdən çox vacib qələbə ilə qayıdırıq.
Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Slovakiyada “DAK 1904” klubuna 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis ilk dəqiqələrdən sonadək nizam-intizamlı olduqlarını bildirib: "Azarkeşlərimizi, klub rəhbərliyini, futbolçularımı təbrik edirəm".
Baş məşqçi Avropa Liqasında Moldovanın "Şerif" komandasına uduzduqları görüşdən sonra hər hansı ciddi dəyişiklik etmədiklərini söyləyib: "Azlıqda qalmasaydıq, bu rəqibi də keçməyə yaxın idik. Məyus olmamalı, yolumuza davam etməliyik".
Qeyd edək ki, Bakıdakı ilk qarşılaşmada Slovakiya təmsilçisinə dörd cavabsız qolla qalib gələn "Zirə" III təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" kollektivi ilə qarşılaşacaq. Bu raundun oyunları avqustun 8-də və 15-də baş tutacaq.