SOCAR-ın yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verildi

Bu gün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin şimal hissəsi, Binəqədi – Novxanı yolu istiqamətində SOCAR brendi altında yeni yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.
Bu barədə Report-a “SOCAR Petroleum”un mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Onun sözlərinə görə, bununla da, ümumilikdə respublikada SOCAR brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 34-ə çatdırılıb.

“Binəqədi yolu vasitəsilə Novxanı, Saray və digər yaxın ətraf qəsəbələrdə hərəkət edən avtonəqliyyat vasitələrinin sahibləri üçün bu YDM daha əlverişlidir. Yeni istifadəyə verilmiş məntəqədə yeddi yanacaq paylayıcı “kalonka” quraşdırılıb ki, onlardan ikisi sıxılmış təbii qaz (STQ) satışını həyata keçirəcək.

YDM-də STQ ilə yanaşı, “Super”, “Premium”, “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı reallaşdırılacaq. Bununla da, səkkiz kiçik avtonəqliyyat vasitəsi və iki iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb”, - deyə o bildirib.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC-nin 34 YDM şəbəkəsi və 11 neft terminal bazası fəaliyyət göstərir. Respublikada yeganə CNG terminalı və CNG şəbəkəsi olan QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının tətbiqində liderdir.

SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərdə hər bir müştəri üçün yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı və digər üstünlüklər var.

Nazir: “Sahibkarlar üç milyon manata qədər güzəştli kredit götürə bilərlər”
“İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlar üçün yeni platforma təqdim edilib”.

Oxu.az məlumatına görə, bunu mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bu, Elektron Kredit Platformasıdır (e-edf.gov.az).

Platforma vasitəsilə sahibkarlar iki banka müraciət etmək imkanı əldə edəcəklər. 

Nazir qeyd edib ki, yeni platformada pandemiyadan zərər çəkən şəxslər üçün güzəştli kredit təklif edilir:

“Sahibkarlar üç milyon manat məbləğə qədər kredit götürə bilərlər. Kredit üzrə güzəşt 12 ay müəyyən olunub. Platforma sahibkarın müraciətini daha da asanlaşdıracaq”.

Pandemiya Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurub?

“Pandemiya dövründə ümumilikdə idxalın həcminin azalması beş faiz ətrafında müşahidə edilir”.
Oxu.az məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ixrac əməliyyatında azalma müşahidə edilir:

“Dünya bazarında neftin qiymətində azalmanın olması ixraca da təsir edib. Qeyd edim ki, bizim ixrac etdiyimiz məhsulların dəyəri idxalın dəyərini üstələyir”.

Nazir qeyd edib ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurması barədə danışmaq hələ tezdir:

“Hazırda bu proses davam edir. Hesablamalar aparılır”.

Aztəminatlı gənclərə pulsuz mənzillər veriləcək

Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan uşaqlara Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.
Bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Uşaq hüquqları haqqında” qanuna edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Bu gün iki yeni qatar xəttə buraxılacaq

"Bakı Metropoliteni" bu gün 2 yeni qatarını xəttə buraxacaq.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama verib.

Bakı metrosunda stansiyaların sayı 76-ya çatdırılacaq

2030-cu ildə Bakının yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə çatacaq.

Oxu.az xəbər verir ki, bu barədə məlumat “Bakı Metropoliteni” QSC-nin 2019-cu il üçün Maliyyə Hesabatında qeyd olunub.

Bildirilib ki, hesabat ilində Rusiyanın “Metrovaqonmaş” ASC-dən innovasiya baxımından ən müasir dördüncü nəslə aid 30 metro vaqonu alınıb və son üç il ərzində vaqonların inventar altı parkı 55 müasir tipli vaqondan ibarət 11 qatar tərkibi ilə yenilənib.
Hazırda vaqonların inventar parkı 295 vaqondan ibarətdir. 2019-cu ildə texniki göstəriciləri dünya standartlarının tələblərinə cavab verən və havalandırma imkanı əvvəlki avadanlıqlarla müqayisədə 3-4 dəfə çox olan yeddi ən müasir ventilyator alınaraq quraşdırılıb.

Hazırda “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə uyğun tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

“Azərbaycan” İstilik Elektrik Stansiyası istifadəyə verildi

“Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra iyunun 25-də istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısına stansiyada yaradılan şərait barədə məlumat verilib.

Prezident Səhiyyə Nazirliyinə pul ayırdı

Prezident İlham Əliyev Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.7-ci yarımbəndində göstərilmiş 2,0 (iki) milyon manat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.

Prezidentdən Təhsil Nazirliyi ilə bağlı sərəncam

Prezident İlham Əliyev Mingəçevir şəhərində 12 nömrəli tam orta məktəb binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla Mingəçevir şəhərində 450 şagird yerlik 12 nömrəli tam orta məktəb binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.

Samuxda yeni məktəb tikiləcək

Prezident İlham Əliyev "Samux rayonunun Çobanabdallı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncamla Samux rayonunun Çobanabdallı kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

Xəbər lenti