Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama

"Şübhəsiz ki, istənilən proqnoz müəyyən risklərə məruz qala bilər. Ona görə Maliyyə Nazirliyi dövlət büdcəsinin layihəsini hazırlayarkən İqtisadiyyat Nazirliyi tərəfindən tərtib olunan makroiqtisadi proqnozları əsas götürüb".

Bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyə naziri Samir Şərifov deyib.

O bildirib ki, cari ilin büdcəsində neftin qiymətini 60 dollardan 75 dollara kimi yüksəltmişik: "Növbəti il biz bu qiyməti 5 dollar az götürmüşük. Əgər neftin qiyməti enərsə, mənfi təsirləri qarşılaya bilmək üçün ehtiyat addımlarımız var”.

Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq

Bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizmi müəyyənləşir.

Bununla bağlı məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.
Layihəyə əsasən, uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi qaydasının tənzimlənməsi məqsədilə Vergi Məcəlləsinin 130.6-cı maddəsinə tənzimləmə əlavə edilir. Beləliklə, uzunmüddətli müqavilələr üzrə gəlirlərin və gəlirdən çıxılan xərclərin hər hesabat ilinə düşən hissəsinin müəyyən edilməsi aşağıdakı qaydada aparılacaq:
- tikintisi həyata keçirilən hər bir bina üzrə çəkilən xərclər bina üzrə ümumi qiymətləndirilən xərclərlə müqayisə edilir və faktiki çəkilən xərcin ümumi xərclərdə xüsusi çəkisi müəyyənləşdirilir;
- həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə aid edilir;
- faktiki çəkilən xərclər gəlirdən çıxılan xərclərə aid edilir.

Aİ-92 benzini və dizellə bağlı dəyişiklik
Təbii qaz, Aİ-92 markalı avtomobil benzini və dizel yanacağının istehsalçı qiymətlərlə ölkə daxilində satışını həyata keçirən subyektlər tərəfindən enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması köçürülmələrin edilməsi nəzərdə tutulur.

Bununla bağlı məsələ “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişiklik təklif olunur.

Məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Qanun layihəsi enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və ondan istifadə istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanmışdır.

“Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və istifadə Qaydası”nın əlavəsinə əsasən yalnız tarifləri dövlət tərəfindən tənzimlənən dörd enerji məhsulunun – elektrik enerjisi (bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisi istisna olmaqla), təbii qaz, Aİ-92 markalı avtomobil benzini və dizel yanacağının istehsalçı qiymətlərlə ölkə daxilində satışını həyata keçirən subyektlər tərəfindən fonda köçürülmələrin edilməsi nəzərdə tutulur.

Qanun qəbul edildikdən sonra qiyməti tənzimlənməyən daha dörd növ enerji məhsulunun satışından fonda ayırmaların edilməsi də təmin ediləcək. Nəticədə enerji növlərinin satışından fonda daxil olacaq vəsait əhəmiyyətli şəkildə artacaq.

Qanun layihəsində o da nəzərdə tutulub ki, fondun vəsaitinin yalnız enerji effektivliyi üzrə tədbirlərin təşviqinə yönəldilməsi, bununla da fondun vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması təmin ediləcək.

Beləliklə, yalnız tarifləri tənzimlənən enerji növləri deyil, eyni zamanda qiymətləri tənzimlənməyən enerji resurslarının satışından ayrılan vəsaitin də enerji effektivliyi fonduna köçürülməsi, nəticədə bu vəsaitlər hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi, bərpa olunan enerji mənbələri sahəsində layihələrin dəstəklənməsi, təsərrüfat subyektlərinin fəaliyyəti nəticəsində ətraf mühitə mənfi təsirin qarşısının alınması və enerji resurslarından səmərəli istifadə sahəsində tədbirlərin həyata keçirilməsi üçün qrant və subsidiyaların ayrılması, pilot layihələrin tətbiqi və güzəştli kreditlərin verilməsi kimi stimullaşdırma vasitələrindən istifadə imkanlarının artması nəzərdə tutulur.

Məsələ müzakirə olunaraq Milli Məclisin plenar iclasında müzakirə olunmasına səsə verilib.

Avropanın qaz anbarları sürətlə boşalır: Son 5 ilin ən pis göstəricisi...

Avropa ölkələri soyuq hava şəraiti və terminallardan mayeləşdirilmiş təbii qazın (LNG) axınının azalması fonunda yeraltı anbarlarından aktiv şəkildə qaz istehlak etməyə davam edir.

"Gas Infrastructure Europe" (GIE) statistikasına əsasən xəbər verir ki, istilik mövsümü başlayandan bəri yeraltı qaz anbarlarından istifadə artıq son 5 ildə analoji istehlak dövrləri üzrə orta göstəricidən 65 faiz, 2023-cü ilə nisbətən isə demək olar ki, iki dəfə çoxdur.

Avropada birjada qazın min kubmetri təxminən 515 dollara satılır.

Noyabrın 17-də Aİ ölkələrində yeraltı qaz anbarlarına vurulan qaz 32 milyon kubmetr təşkil edib. Həmin gün anbarlardan 324 milyon kubmetr qaz götürülüb. Hazırda anbarlar 90,73 faiz doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 0,67 faiz bəndi aşağı), onlarda 100,7 milyard kubmetr qaz var. Ayın əvvəlindən anbardan ümumi qaz götürülməsi noyabr ayı üçün ikinci maksimum, vurulması isə 2016-cı ildən minimum həddədir.

Oktyabrda Avropada qazın orta alış qiyməti 1 min kubmetr üçün 456 dollar, noyabrda isə indiyə qədər - təxminən 476 dollar təşkil edib.

Aİ elektrik enerjisi istehsalında külək istehsalının payı oktyabrda 17,9 faiz-ə yüksəlib, noyabrın əvvəlindən isə orta hesabla 14,5 faiz təşkil edir.

Noyabr ayında terminallardan Avropa qaz ötürmə sisteminə daxil olan ümumi LNG daxilolmaları hələ də 2021-ci ildən bəri bu ay üçün ən aşağı göstəricidir. Hazırda maye qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 34 faizi ilə yüklənir.

Benzinin qiyməti ilə bağlı nazirlik rəsmisindən açıqlama

Bu gün Azərbaycan Aİ-95 və Aİ-98 markalı benzini dünya bazarından aldığından bunlar qiyməti hökumət tərəfindən tənzimlənməyən enerji resursu hesab olunur.

Bu barədə açıqlama verən Milli Məclisi Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deputatların qiyməti tənzimlənən və tənzimlənməyən enerji resurları ilə bağlı qaldırdığı məsələyə aydınlıq gətirərkən deyib.

Komitə sədrinin sözlərinə görə, Aİ-98 və Aİ-95 xaricdən alındığından onun qiymətinin tənzimlənməsi mümkün deyil.

“Ona görə də bu məhsulların qiyməti tənzimlənmir. Amma Aİ-92, dizel Azərbaycanda istehsal olunduğundan onların qiyməti Tarif Şurası tərəfindən tənzimlənir”, - Qurbanov qeyd edib.

Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov isə bildirib ki, əvvəllər bütün enerji növləri Tarif Şurası tərəfindən tənzimlənirdi və bu siyahı geniş idi. “Amma sonradan bu siyahı azaldıldı. Səbəb də bəzi yanacaqların xaricdən alınmasıdır. Amma Nazirlər Kabineti Aİ-95 benzinin tənzimlənən qiymətlər arasında yer alması istiqamətində iş aparır. Ümid edirəm ki, bu məsələ qısa zamanda həllini tapacaq və tənzimlənən qiymətlər arasında yer alacaq”, - Qurbanov qeyd edib.

Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır

Ermənistanın enerji asılılığından qurtulması və “yaşıl enerjiyə” keçidi mövzusu yenidən gündəmə gəlib.

ekspert Boris Marçinkeviç SputnikLive proqramında bildirib ki, Ermənistanın Rusiyadan enerji asılılığını azaltması üçün ciddi çətinliklər var. Bu da ölkəni iqtisadi və sosial baxımdan ağır nəticələrlə üzləşdirə bilər.

Hazırda Ermənistan enerji təchizatını əsasən iki ölkədən – Rusiya və İrandan alır. Bu iki ölkədən asılılıqdan qurtulmaq üçün müxtəlif yollar təklif edilir, lakin onların hər biri ciddi problemlərlə müşayiət olunur.

Ekspertin fikrincə ən uyğun çıxış yolu Azərbaycan qazının alışına başlamaqdır. Sitat: "Ermənistanın Rusiya qazından imtina edərək Azərbaycan qazını idxal etməsi mümkün ola bilər".

Boris Marçinkeviç bu məqamda real vəziyyəti və münasibətləri belə xarakterizə edir: "Lakin tərəflər arasında siyasi münasibətlər hələ də kəskin olaraq qalır və bu sahədə razılıq əldə etmək çətindir".

Ekspert daha bir aspektdən Ermənistan üçün böhrandan çıxış yolunun Azərbaycanla münasibətləri normallaşdırmaq olduğunu, normal məntiqin və ağılın bunu diqtə etdiyini göstərir. Lakin Ermənistan cəmiyyəti və rəhbərliyi "normal" ifadəsinə uyğun gələn ağıl və məntiq daşımadıqları üçün hələ də siyasi münasibətlərin yaxşılaşması, sülh müqaviləsi imzalanması istiqamətində qəti addım ata bilmirlər.

Ekspert daha sonra digər variantlar üzərində də gəzişmələr edir. Lakin digər heç bir variant, heç bir təklif Ermənistanı Rusiyanın asılılığından qurtara bilmir.

Məsələn, Boris Marçinkeviç təklif edir ki, kiçik HES-lərin qurulması da çıxış yoludur.

Sitat: "Ermənistanın dağ çayları üzərində kiçik hidroelektrik stansiyalar qurmaq fikri var. Bu layihələrdə Macarıstanın Ganz EEM şirkəti yardımçı ola bilər, lakin bu şirkət tamamilə Rusiyanın Rosatom şirkətinə məxsusdur. Üstəlik, bu cür layihələr geniş elmi tədqiqatlar və böyük zaman tələb edir".

Ekspert deyir ki, Ermənistanın enerji siyasətində böyük dəyişikliklər etmək üçün ABŞ-ın məsləhətlərinə uyğun hərəkət etməsi ciddi çətinliklər və iqtisadi risklər doğurur. Həm texniki imkanların məhdudluğu, həm də geosiyasi çətinliklər bu keçidin yaxın gələcəkdə reallaşdırılmasını çətinləşdirir.

Tək çarə qalır: Azərbaycanla münasibətləri normallaşdırıb, dalan dövlət statusundan və Rusiyanın enerji əsarətindən çıxmaq.

Neftdən qeyri neft-qaz sektoruna keçid başlayır

Aparılan təhlillər 2026-2028-ci illərdə Azərbaycanda artımın tamamilə qeyri neft-qaz sektoru hesabına təmin ediləcəyini göstərir.

Bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

"Növbəti il üçün ölkə iqtisadiyyatının real ifadədə 3,5 % artacağı, istehsal olunan ümumi daxili məhsulun (ÜDM) isə 129,2 mlrd. manat olacağı proqnozlaşdırılır. Növbəti ildə hər iki sektorun iqtisadi artıma töhfə verəcəyi, lakin qeyri neft-qaz sektoru üzrə artımın cari ilin gözlənilən rəqəmi ilə müqayisədə nisbətən zəifləməsi səbəbindən iqtisadi artımın bir qədər zəifləyəcəyi proqnozlaşdırılır.

Baza ssenaridə təqdim olunmuş proqnozlara əsasən, ortamüddətli dövrdə (növbəti il istisna olmaqla) neft sektorunda azalmanın nəzərdə tutulması fonunda ÜDM-in həm nominal, həm də real artımının təkcə qeyri neft-qaz sektoru hesabına təmin ediləcəyi, qeyri neft-qaz sektorunda artıma bütün sahələrin töhfə verəcəyi proqnozlaşdırılır", - deyə Rəydə qeyd olunub.

Bakı-Ağstafa marşrutuna əlavə reyslər təyin edilir

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə noyabrın 24-dən əlavə qatar reysləri təyin edir.

ADY-dən "Yol-xeber.az"a bildirilib ki, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün, hər iki istiqamətə səfər etmək olar.

Şəhərlərarası istiqamətlərdə səyahət edən sərnişinlərə tövsiyə olunur ki,

- COP29 tədbiri ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması fonunda Bakı Dəmiryol Vağzalına səfər saatından ən azı 2 saat öncə gəlsinlər

- Sərnişinləri yola salan və ya qarşılayan zaman vağzal ərazisinə maksimum dərəcədə daxil olmamağa çalışsınlar.

Sərnişinlərə vağzal əməkdaşları tərəfindən hər cür dəstək göstəriləcək.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi istifadədə olan avtomobil yollarının qorunması üçün Hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması işləri davam etdirilir.

Yol-xeber.az" xəbər verir ki, Bu çərçivədə ”Zəfər Yolu”-nun 21.4-cü kilometrində elektron tərəzinin quraşdırılmasına başlanılıb.

Qeyd edək ki, avtomobil yollarında yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılması prosesi 2 mərhələ üzrə aparılır. 1-ci mərhələdə 11 yerdə 17 tərəzi2-ci mərhələdə 20 yerdə 34 olmaqla, ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılıb. 

Layihənin 2026-cı ilin sonlarında yekunlaşdırılması planlaşdırılır. 

YOLUNUZ AÇIQ OLSUN...

SOCAR “yaşıl istiqraz" buraxmağa qərar verib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “yaşıl layihə"lərin maliyyələşdirilməsi məqsədilə standartların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, yerli maliyyə bazarında “yaşıl istiqraz"ların emissiya edilməsinə başlayıb.

Bu barədə SOCAR xəbər verir.

Məlumata görə, son illər Ətraf mühit, Sosial məsuliyyət və Korporativ İdarəetmə (ESG) sahəsində yeni çağırışlar və bu sahədə artan uyğunluq tələbləri çərçivəsində dünya maliyyə bazarlarına maliyyə alətlərinin cəlb edilməsi proseslərində beynəlxalq standartların tətbiqini labüd edir. Bu xüsusda, şirkətlərin ESG standartlarının tətbiqinə diqqəti artmaqdadır. SOCAR sözügedən tələblərin icrasının təmin edilməsi məqsədilə son illərdə ESG tətbiqi prosesində dərəcələndirmənin həyata keçirilməsini təmin edib və qiymətləndirmə miqyasında bir sıra oxşar şirkətlərlə müqayisədə üstün yer alıb.

Bununla da, SOCAR beynəlxalq standartlar çərçivəsində öz borclarının düzgün idarəedilməsində ESG standartlarının tətbiqi prosesindən faydalanma komponentini nəzərə alır və “yaşıl” maliyyələşmə imkanlarına da üstünlük verir. Bu isə SOCAR-ın strateji bərpaolunan enerji layihələrinin səmərəli idarə edilməsindən, bu sahədə beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq imkanlarının genişləndirilməsindən, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməkdən ibarətdir.

Emissiya vasitəsilə cəlb ediləcək vəsait şirkətin “yaşıl” gündəliyinə daxil olan layihələrin maliyyələşdirilməsinə yönəldiləcək. Bununla bağlı SOCAR bütün hazırlığı başa çatdırıb, o cümlədən ESG reytinqi alıb, kredit reytinqini yaxşılaşdırıb.

SOCAR gələcəkdə də ESG standartlarının artan tələblərini, beynəlxalq müstəvidə korporativ idarəetmənin əsas şərtlərindən olan şəffaflığın ardıcıl və davamlı təmin edilməsi üçün yaşıl maliyyə alətlərindən istifadə edilməsinin həyata keçirilməsinə üstünlük verir və borc portfelində bu tipli maliyyələşdirmələrin xüsusi çəkilərinin mümkün həddə artırılmasını hədəfləyir.

Xəbər lenti