Kirayə mənzil bazarında qiymətlər niyə azalmır?

2023-2024-cü tədris ili başa çatdığından Bakıda kirayə qalan bir çox tələbələr rayonlara qayıdıblar. Bu il məzun olanlar kirayə qaldıqları ev və mənzilləri sahiblərinə təhvil veriblər. Bunun isə kirayə mənzil bazarında qiymətlərə necə təsir edib-etməyəcəyi sual doğurur.

Əvvəllər kirayədə qalan tələbələrin rayonlara qayıtması mənzil bazarında qiymətlərə təsirsiz ötüşürdü. Ekspertlərin fikrincə, əvvəlki illərə nisbətən artıq belə hallar kirayə mənzil bazarına o qədər də təsir göstərmir.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, kirayə mənzil bazarında vəziyyət stabildir.

Onun sözlərinə görə, ümumiyyətlə, yay aylarında xüsusilə də çoxmənzilli binalarda qiymətlərdə artım olmur. Ekspert bildirib ki, əsasən, dərs müddəti bitdikdən sonra tələbələrin bir çoxunun rayonlara səfər etməsinə görə qiymətlər nisbətən azalır:

"Doğrudur, keçən il bunu müşahidə edə bilmədik. Çünki keçən il tələbələrin əksəriyyəti qiymətlərin yüksək olması səbəbindən sentyabrda geri döndükdə ev tapa bilmirdilər. O səbəbdən kirayə qaldıqları mənzilləri boşaltmamışdılar. Güman edirəm ki, bu il də belə olacaq. Çünki onların bir çoxu rayona getməkdənsə, Bakıda qalaraq işləməyə üstünlük verirlər. Hər halda bunu zaman göstərəcək. Amma qiymətlər hələlik stabildir. Avqustun sonundan başlayaraq sentyabrın sonunadək qiymətlərdə dəyişiklik ola bilər. Bu isə müvəqqətidir. Dekabrdan başlayaraq yenidən vəziyyət stabilləşir".

R.Qasımzadə hazırda kirayə mənzil bazarında qiymətlərin necə dəyişdiyindən də danışıb. Onun sözlərinə görə, hazırda kirayə mənzil bazarında qiymətlər birotaqlılar üçün minimum 300 manatdan başlayır və 400 manata qədər dəyişir:

"İkiotaqlılar təxminən 400-700 manata, üçotaqlılar isə təqribən 500 manatdan başlayaraq 800-1000 manata qədər təklif olunur. Yeni tikili binalarda isə qiymətlər kvadratmetrindən asılı olaraq formalaşır. Bir kvadratmetrin qiyməti təxminən 7 manatdan başlayaraq 12 manata qədər dəyişə bilir".

Ekspert söyləyib ki, metro stansiyalara yaxın ərazilərdə yerləşən mənzillər daha baha, şəhərətrafı yerlərdə isə nisbətən ucuzdur:

"Demək olar ki, qiymətlərin baha olduğu ərazilər metro yaxınlığında yerləşən mənzillərdir. Belə mənzillərin qiyməti digərlərindən fərqli olaraq təxminən 15-20% daha bahadır. Məsələn, metronun yaxınlığında birotaqlı mənzil 400 manatdırsa, bir qədər kənarda eynisini 300 manata da tapmaq olar. Paytaxtda kirayə mənzillərin baha olduğu rayonlara Səbail, Nərimanov və Nəsimi daxildir. Xətai, Sabunçu və Suraxanı rayonlarında isə kirayə mənzil qiymətləri nisbətən aşağıdır".

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyib ki, tədris ilinin başa çatması əvvəlki illərdə bazarda təklifin artmasına gətirib çıxarırdı. Onun sözlərinə görə, amma bu hal son illərdə, xüsusən pandemiyadan sonra müşahidə edilmir:

"Çünki növbəti tədris ilində Bakıda qalacaq tələbələr, demək olar ki, evləri boşaltmırlar, ev yiyəsi ilə hər hansı bir formada razılığa gəlirlər. Çünki iki aydan sonra yenidən ev axtardıqda tapmaq mümkün olmur. Bütün bunlara baxmayaraq, bu dövrlərdə az da olsa təklif artımını müşahidə edirik. Əvvəlki illərdə bu, qiymət azalmasına səbəb olurdu. Amma son illərdə bu müşahidə olunmur. Yəni qiymət azalması baş vermir. Çünki təklif portfelinin məhdudlaşması tendensiyası davam edir".

Ekspert vurğulayıb ki, hazırda kirayə mənzilə olan tələbat yüksək həddə çatıb, bununla yanaşı mənzil tapmaq çətinləşib:

"Bu səbəbdən də biz bu dövrdə də azalma müşahidə etmirik. Amma məsələ burasındadır ki, hər il payız mövsümünə doğru qiymətlərdə artım müşahidə olunur. Hesab edirəm ki, bu il də təqribən oxşar tendensiyanı müşahidə edəcəyik. Hər bir halda qısamüddətli bir dövrdür. İndidən qiymətlərin hansı səviyyədə dəyişəcəyini söyləmək çətindir. Şəhərsalma prosesi davam edir. Şəhər mərkəzinə yaxın olan ərazilərin söküntüsü baş verir. Belə olan halda hər gün yeni qərarların qəbul olunması nəticəsində, ola bilər ki, təklif portfelinin əsas hissəsini təşkil edən hansısa bir ərazinin söküntüsünə başlanılsın. Bu isə payız aylarına doğru qiymətləri daha çox artıra bilər".

15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib
29 Mart 2025 “Starlink” Azərbaycanda fəaliyyətə başlayıb
26 Mart 2025 “Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq”
19 Mart 2025 Turizmdə yeni dövr: Qəbələ - Abu-Dabi reysi bizə nə verəcək?

Xəbər lenti