![]() |
|
Azərbaycanla İran arasında “Zəngəzur müharibəsi” ola bilərmi? - iki fərqli rəy
ABŞ-da nəşr olunan “Long War Journal”ın (LVJ) məqaləsində qeyd olunur ki, İran Ermənistanla Azərbaycan arasında ehtimal olunan qarşıdurmada İrəvanı dəstəkləyəcək. ABŞ nəşri bunu xüsusən Zəngəzur dəhlizi ilə bağlı mümkün savaş haqda proqnozlaşdırıb.
Nəşr yazır ki, hələ 2022-ci ildə Tehran Azərbaycan sərhədi yaxınlığında üç günlük genişmiqyaslı hərbi təlim keçirib və SEPAH-ın quru qoşunlarının “Aşura” diviziyası əraziyə gəlib. Məqalədə yazılır: “Daha sonra İranı Azərbaycanla ayıran Araz çayı üzərində müvəqqəti körpü tikildi. İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının əməliyyatlar üzrə komandirinin müavini Vəliola Mədəni təlimlərin sərhəd təhlükəsizliyini gücləndirmək və İrana qonşu ölkələrin ərazi bütövlüyünü qorumaq məqsədi daşıdığını söyləyib. Bu, ehtimal Azərbaycan-Ermənistan gərginliyində Tehranın İrəvanı dəstəklədiyinə işarədir”.
Aprelin 15-də isə Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində bildirib ki, Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq - bunun üçün heç bir əsas yoxdur, sülh olacaq. Baş nazir sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb. Ancaq ermənilərin şərti sərhədə hərbi texnika və ordu cəmləməsi müşahidə edilir.
Bu baxımdan regionda yeni müharibə gözlənilirmi? Zəngəzurla bağlı hərbi eskalasiya baş verərsə, ABŞ nəşrinin dediyi kimi, İran Ermənistanı müdafiə edəcəkmi, yəni açıq savaşa girəcəkmi?
AĞ Partiya başqanı Tural Abbaslı İranın Zəngəzur dəhlizi məsələsində Azərbaycanla hətta mümkün qarşıdurmaya gedə biləcəyini istisna etmir: “Regionda müharibənin olmasını heç bir ölkə istəmir, ilk başda da Azərbaycan. Çünki Azərbaycan 30 il ərzindəki müharibə vəziyyətindən cana yığılıb. Atəşkəs olsa da, demək olar ki, hər ay bizim hərbçilər şəhid edilirdi, atəşkəs pozulurdu. Amma burada bəzi məsələlər var ki, həllini tapmalıdır. Məsələn, Azərbaycanın Zəngəzur dəhlizinə maneəsiz keçidi, o dəhlizə özünün nəzarət etməsini tələb etməsi özünün tam haqqıdır. Çünki Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır. Ermənistanla Azərbaycan arasında 1918-ci ildən bu yana sərhədlərin dəqiqləşdirilməsi, demarkasiya və delimitasiya prosesi aparılmayıb. İndi o məsələlər müzakirə olunmalıdır ki, sərhədlər hansı xəritələr üzrə dəqiqləşdiriləcək, delimitasiya və demarkasiya hansı xəritələr üzrə aparılacaq. Azərbaycanın Naxçıvanla bir araya gəlməsinə bu məsələ daxildir. Biz AĞ Partiya olaraq tarixi torpaqlarımızın geri qaytarılmasını tələb edirik. Hələ ki dünya birliyi və Ermənistan bu məsələyə dirəniş göstərir. Dar bir dəhlizin belə verilməsinin əleyhinədirlər. Onun da mənası yoxdur. Zatən əvvəl həmin ərazidən dəmir yolu keçirdi. Müharibənin ilk günlərindən ermənilər oranı bağladılar. Oranın təhlükəsizliyi daim təhdid altında olub. Burada Azərbaycanın haqqını tələb etməsindən təbii heç nə yoxdur. Mümkün müharibə, bəli, ola bilər. Bu da Ermənistanın provokasiyasından ola bilər. Zatən onlar 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində bunu ediblər. Yaxud da 2020-ci ilin sentyabrında etdiklərini edə bilərlər. Amma bu hal yenidən baş verərsə, Azərbaycan haqlı olduğu əməliyyatı keçirə bilər. Burada təbii ki, İran Azərbaycanın qarşısında olacaq. Biz bunu 2020-ci ilin Vətən müharibəsində görmüşük. Ermənistana altdan-altdan iqtisadi və hərbi yöndə dəstək verdilər. Düzdür, orduları bizim ordunun qarşısına çıxıb vuruşmadı. Amma mümkündür ki, Zəngəzur məsələsində qarşı-qarşıya dursunlar. Çünki Zəngəzurun onların qırmızı xətti olduqlarını bəyan ediblər. Amma İran üçün Azərbaycanla üz-üzə gəlmək o qədər də asan olmaz. Öncəliklə orada yaşayan 40 milyondan artıq azərbaycanlını unutmamalıdırlar. Onlar sərhədboyu yaşayırlar və buna imkan verəcəklərini qətiyyən düşünmürəm. Burada digər səbəblərdən biri İranın vəziyyətinin ağır olmasıdır. Amerika başda olmaqla, bir sıra dünya ölkələri ilə konflikt yaşayırlar. ABŞ bəhanə axtarır və İran bu konfliktə qoşularsa, bu bir bəhanə ola bilər. Bura İsraili də əlavə etmək olar. Üçüncü amil isə heç şübhəsiz ki, Türkiyə amilidir. Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalanıb. Bu bəyannaməyə əsasən, Azərbaycanın hər bir mənada istənilən hərbi qarşıdurmada yanında olmalıdır. Belə bir öhdəlik götürüb. Bu baxımdan İran təkcə Azərbaycan Ordusu ilə deyil, Türkiyə ordusu ilə də üzbəüz qalmaq məcburiyyətində qalacaq. Cənub qonşumuz indi bunları göz özünə gətirib, hərbi qarşıdurmaya gedəcək ya yox, bunu zaman göstərəcək. Amma Tehranın ən gözəl variantı budur ki, dini, qanı bir olan Azərbaycan dövlətini dəstəkləsin, regionun inkişafına və təhlükəsizliyinə töhfə versin”.
Milli Məclisin deputatı Azər Badamov Azərbaycanla İran arasında müharibə ehtimalını görmür: “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmadıqca yenidən müharibə ehtimalı qalmaqda davam edəcək. Hətta sülh müqaviləsi bağlanacağı təqdirdə də biz öz ehtiyatımızı heç vaxt əlimizdən buraxmalı deyilik. Çünki dünya tarixi ölkələr arasında imzalanmış sənədlərin, müharibələrin baş verməsinə mane olmadığını sübut edib. Məsələn, Almaniya ilə SSRİ arasında hücum etməmək haqqında saziş imzalanmışdı və 1941-ci ildə alman nasistləri hücum edəndə SSRİ rəhbərliyi bir neçə gündə bu xəbəri ciddi qəbul etməmişdi. Yəni sülh müqaviləsi imzalansa belə biz Ermənistanla münasibətlərdə həmişə ehtiyatlı davranmalıyıq. Azərbaycan Zəngəzur dəhlizini müharibə yolu ilə açdırmaq niyyətində deyil. Çünki ölkəmiz müharibənin başa çatdığı ilk gündən sülh gündəliyi ilə çıxış edən tərəf olub və bu gün də təqdim etdiyimiz şərtlər əsasında sülh müqaviləsinin imzalanması üzərində danışıqlar davam etdirilir. Bu baxımdan ölkəmiz regionda sülh və əməkdaşlığın alternativini görmür. Amma bununla yanaşı, Ermənistanla müharibə riski qaldığından yenidən müharibə baş verəcəyi təqdirdə İranın kimi dəstəkləyəcəyi ilə bağlı sual da çox maraq doğurur. Düzdür, İran həmişə Ermənistana dəstək verib və onlara müharibədə üstünlük qazandırması üçün çalışıb. Bununla yanaşı, 2022-ci ildə Araz çayı üzərində panton körpülər salınaraq hərbi təlimlər keçirdiyini və bu təlimlərin məqsədinin nə olduğunu biz unutmamışıq. Amma bu gün zaman və reallıq kökündən dəyişib. Azərbaycanla İran arasında münasibətlərdə yenidən istiləşmə müşahidə olunmaqdadır. Son vaxtlar İran rəsmilərinin Azərbaycana mütəmadi səfərlər etməsi, Şərqi Zəngəzura səfər edərək Araz dəhlizi layihəsinin tikintisi işləri ilə tanış olması və Məsud Pezeşkianın ölkəmizə gözlənilən səfəri Azərbaycanla İran arasında yeni bir dövrün başlandığını deməyə imkan verir. Düzdür, Azərbaycanın Tehrandakı səfirliyinə olunmuş məlum silahlı hücumla bağlı günahkar şəxslərin cəzalandırılması məsələsi hələ də aktual olaraq qalmaqdadır. Amma bununla yanaşı, Azərbaycan-İran siyasi münasibətlərində yeni inkişaf meylləri görünməkdədir və biz bütün qonşularımızla olduğu kimi, İranla da qarşılıqlı hörmət və fayda əsasında əməkdaşlığın dərinləşdirilməsində maraqlıyıq. Hətta Ermənistanla müharibənin yenidən başlanacağı təqdirdə də İranın açıq şəkildə Ermənistana dəstək verəcəyini inandırıcı görmürəm. Çünki İkinci Qarabağ müharibəsi zamanı və 2023-cü ilin sentyabrına qədər də İrandan Ermənistana və separatçılara gizli dəstəyin olduğunu müşahidə etmişik. Amma açıq şəkildə Ermənistanın tərəfində İran qoşunlarının ölkəmizlə hərbi toqquşmaya girmək halı olmayıb. Bu baxımdan bundan sonra da Ermənistana görə İranla Azərbaycan arasında hərbi toqquşmanın nə vaxtsa baş vermək ehtimalının çox aşağı olduğunu hesab edirəm. Həm də biz Ermənistanla müharibənin yenidən baş verməsi ilə bağlı fikirləri inkişaf etdirmək əvəzinə, regionda sülh və əməkdaşlığı inkişaf etdirmək, regionun bütün ölkələri arasında normal münasibətləri möhkəmləndirmək, dinc və razılıq yolu ilə Zəngəzur dəhlizinin açılması istiqamətində düşünməli olduğumuzu hesab edirik. Xarici nəşrlərdə yazılan yazıların əksəriyyətinin regionda vəziyyətin yenidən gərginləşdirilməsi və narahatlıq yaratmaq üçün olduğunu düşünürəm. Biz xarici nəşrlərdə nədən yazıldığına yox, reallığı dəyərləndirərək sülh və əməkdaşlığın qurulmasına baxmalıyıq”.