|
İqtisadçı ekspert Rəşad Həsənovun Axar.az-a müsahibəsini təqdim edirik:
- Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V toplantısında Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradır. Bu barədə danışmağınızı istərdik...
- Azərbaycan müstəqilliyini əldə edəndən sonra öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş infrastruktur siyasətini həyata keçirməyə başlayıb. Bilirsiniz ki, ilk dəfə bu istiqamətdə atılan, öz dövründə rezonans doğuran addımlardan biri məhz Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin tikintisi məsələsi idi. Ondan sonra da bu siyasət davam etdirilib. Bakı-Tiflis-Ərzurum qaz kəməri, daha sonra 2018-ci ildə TANAP layihəsi istismara verilib və artıq bu kəmərlə qaz ixracına da başlanılıb. Hazırda bu çərçivədə həyata keçirilən və 2020-ci ildə tikintisi başa çatması gözlənilən TAP layihəsi də bu baxımdan diqqət çəkir. Bu, TANAP vasitəsi ilə Türkiyə-Yunanıstan sərhədinə çatdırılan qazın daha sonra oradan İtaliyaya qədər daşınmasını təmin edəcək boru kəməri xəttidir. Ümumiyyətlə, məqsəd hansısa formada daha çox, Rusiyadan asılı olmayan kəmərlər, xətlər vasitəsi ilə Azərbaycanın öz enerji resurslarını dünya bazarına çıxarmasından ibarətdir. Şaxələndirmə dedikdə əslində məhz bu nəzərdə tutulur. Təbii ki, müxtəlif digər yollarla da Azərbaycan neft məhsullarını ixrac edir. Bura dəmiryolu və s. layihələri də daxil etmək olar. Amma qeyd etdiyim boru kəmərləri hazırda Azərbaycanın enerji siyasətinin əsas sütunlarını təşkil edir və enerji ixracının şaxələndirilməsində əsas xətlər hesab olunur.
- Ölkə başçısı enerji ixracından əldə olunan gəlirləri əlavə gəlir gətirəcək və ümumi işə xidmət edəcək sektorlara yönəltdiyimizi vurğuladı. Bu işdə nə qədər uğurlu olmuşuq?
- Azərbaycanın neft vəsaitlərinin istifadəsi ilə bağlı özünəməxsus təcrübəsi var. Uğurlardan biri 2000-ci illərdə Neft Fondunun yaradılmasıdır. Neft Fondu neft vəsaitlərinin toplanması, idarə edilməsi, ölkə iqtisadiyyatının, daxili bazarın neft vəsaitlərindən qorunması ilə bağlı müsbət mexanizm idi ki, artıq dünyanın bir sıra ölkələrində (Norveç) bu təcrübə çox uğurla sınaqdan keçirilib. Neft Fonduna daxil olan - neft və enerji resurslarının satışından əldə olan vəsaitlər müxtəlif qiymətli kağızlar, valyuta, səhm bazarında istifadə edilərək, əlavə dəyər yaradır. Hazırda mövcud aktivlərin idarə edilməsindən fondun gəlirliliyi təxminən 1-3% arasında dəyişir. İllik təxminən 1-1,2 milyard dollar (bəzən 1,5) əlavə gəlir yaratma imkanı olub. Bundan başqa, neft vəsaitləri Neft Fondu vasitəsi ilə dövlət büdcəsinə transfer olunur. Dövlət büdcəsinə transfer olunan vəsaitlər ölkədə iqtisadiyyatın müxtəlif istiqamətlərinə yönəldilir. Ən başlıcası son dövrlərdə infrastruktur yenilənməsi ilə bağlı ciddi xərcləmələr edilib. Dövlət büdcəsinin orta hesabla təxminən 60%-i neft vəsaitləri hesabına formalaşır. Bu vəsaitlər infrastrukturun təkmilləşməsinə xərclənir ki, son nəticədə proseslər təkmil və müasir infrastruktur iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etməsinə, regionlarda iqtisadi mühitin təkmilləşməsinə gətirib çıxarmaqla ümumi prosesə müsbət təkan verir. Ümumi qiymətləndirmə aparmaq çox çətindir. Çünki bəzi hallarda bu vəsaitlərin xərclənməsi, xərclərin qiymətləndirilməsinin effektivliyi ilə bağlı müəyyən narahatlıqlar da gündəmə gəlir. Amma bununla belə istənilən halda təkmilləşən infrastruktur özü ilə paralel olaraq, müəyyən qədər iqtisadi imkanlar formalaşdırır və biznesin bütün sahələri bu infrastrukturdan öz payına uyğun yararlana bilir. Bundan başqa müxtəlif proqramlar da dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdirilir. Bu məqsədlə yönəldilən vəsaitlərin bir qismi ayrı-ayrı sektorların subsidiyalaşmasına, maliyyə əlçatanlılığının artırılması ilə bağlı müxtəlif fondlar tərəfindən güzəştli kreditlərin verilməsi istiqamətinə yönəlir. Hətta bu vəsaitlərin bir qismi hesabına ipoteka kreditləşməsi yolu ilə daşınmaz əmlak, tikinti sektorunun müəyyən qədər dəstəklənməsi hədəflənir.
- Son illərdə qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafı üçün addımlar atılır. Neftdən gələn gəlirlərin bu istiqamətin inkişafına yönəldilməsi nəticələr verirmi?
- Son illərdə kənd təsərrüfatı ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Avroparkların tikintisinə kifayət qədər böyük vəsaitlər sərf edilir. Bu istiqamətdə xərclərin ümumi həcminin 2 milyarddan artıq olacağı proqnozlaşdırılıb. Eyni zamanda, neft vəsaitləri optimal şərait yaradır ki, müəyyən sektorlarda vergi yükünün azaldılması məqsədi ilə güzəştlər tətbiq oluna bilsin. Yəni bu güzəştlər həmin sektorlarda yenidən maliyyələşməni, bu sektora investisiya qoyuluşlarını təşviq edir. Məsələn, kənd təsərrüfatı sahəsi uzun müddətdir ki, verginin bütün növlərindən azaddır. Bu özü də neft vəsaitlərinin dolayı yolla iqtisadiyyatın sektorlarına təsiri hesab oluna bilər. İqtisadiyyatın istehsal seqmentinin dəstəklənməsi üçün də neft vəsaitlərinin təsiri danılmazdır. Burada təbii ki, vəsaitlərin səmərəsiz xərclənməsi, korrupsiya riski ehtimalı çox yüksəkdir. Amma bununla belə istənilən halda neft vəsaitləri Azərbaycan iqtisadiyyatının müxtəlif istiqamətlərində yeni əlavə dəyərin yaradılmasında əhəmiyyətli rol oynayır.
Bu gün hələ də Azərbaycanda kənd təsərrüfatında sığorta mexanizmi tətbiqi mümkün olmayıb. Bu mexanizm tətbiq olunmadığı ölkələrdə aqrar layihələrin effektivliyi aşağı olur. Çünki aqrar sektor risklərə ən çox açıq olan sahədir. Bu da investisiya axınlarını ləngidən əsas məsələlərdən biridir. Bu sahəyə xarici investisiyanın cəlbində maraqlıyıq. Xarici investorun qeyri-neft sektoruna vəsait yatırması təkcə maliyyə baxımından əhəmiyyətli deyil, eyni zamanda həmin ölkənin öz təcrübəsini ölkəmizə gətirməsi baxımından vacibdir.