Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı koronavirusdan vəfat edib.

Oxu.az xəbər verir ki, Nazirliyin Nərimanov Rayon Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşı 1990-cı il təvəllüd Oqtay Quliyev bir müddət əvvəl COVID-19 virusuna yoluxub.

Xəstəxanaya yerləşdirilməsinə və həkimlərin göstərdikləri bütün səylərə rəğmən nazirliyin gənc əməkdaşı koronavirusdan vəfat edib.

Məlumatı oxu.az-a FHN mətbuat xidmətindən təsdiq ediblər.

Ermənistanın sosial mediasında qalmaqallı xəbərləri ilə tanınan Qaqik Soqomonyan adlı bloger yeni sensasion məlumat yayıb.
Modern.az xəbər verir ki, Soqomonyan Qarabağ terrorçularının rəhbəri Araik Arutunyanın aprelin 9-u axşam saat 22:00-23:00 aralığında Şuşa şəhərinə gəldiyini yazıb.

O, Arutunyanın Şuşada Azərbaycan Ordusunun yüksək çinli zabitləri ilə danışıqlar apardığını qeyd edib. Danışıqlar zamanı sülhməramlı missiyanın nəzarət etdiyi Xocalı şəhərinə azərbaycanlı məcburi köçkünlərin 2022-ci ildə dönüşü müzakirə olunub. Əvəzində Azərbaycanda saxlanılan erməni diversantların Yerevana təhvil verilməsi barədə fikir mübadiləsi aparılıb.

Qaqik Soqomonyan Ermənistan rəsmilərindən bu məlumata rekasiya verməyi tələb edib.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən şənbə və bazar günlərində respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Bu barədə "Ölkə.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

"Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik", - Mətbuat xidmətindən bildirilib.

Xalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub.

Axşam.az verdiyi məlumata görə, test nəticəsi pozitiv çıxan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gündür N.Musayev orada müalicə alır.

Xəstəxanadan Axşam.az-a verilən məlumatda bildirilib ki, müğənninin hazırda durumu yaxşıdır. Onun hərarəti normala düşüb.

Əməkdaşımız N.Musayevlə əlaqə saxlasa da, o, bu haqda danışmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini bildirib.


Paytaxtın Nərimanov rayonunda xüsusi karantin rejimi qaydalarına əməl edilməyən şadlıq saraylarının birində, “Şuşa” restoranında toy mərasiminin keçirilməsi aşkalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin və 18-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan obyektin sahibi, xidmət personalı, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejimi qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib. Mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbərliyi barəsində polis şöbəsində araşdırmalar aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq toplanmış material rayon məhkəməsinə göndəriləcəkdir.

Aprelin 8-də saat 14 radələrində Ağcabədi rayonunun “Haramı” adlanan ərazisində 1981-ci il təvəllüdlü Yusifov Elbrus Camal oğlunun elektrik dirəyindən yıxılması nəticəsində almış olduğu xəsarətdən hadisə yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağcabədi Rayon prokurorluğundan "Ölkə.Az"a verilən məlumata görə, aparılan  araşdırmalarla müəyyən edilib ki, Ağcabədi Elektrik şəbəkəsində elektrik avadanlığı işləri mütəxəssisi işləyən Elbrus Yusifov qeyd edilən ərazidə yüksək gərginlikli elektrik xəttinin bağlandığı dirəklərə bərkitmə işlərinin aparılması zamanı yıxılıb və  baş nahiyəsindən aldığı xəsarətdən hadisə yerində öüb.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri tədbirlər yerinə yetirilib.

 Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Azərbaycanda həkim koronavirusdan vəfat edib.

Oxu.az xəbər verir ki, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkimi Sevda İsmayılova ötən gün koronavirusdan vəfat edib.

Məlumatı Elmi-Tədqiqat Kardiologiya İnstitutundan təsdiq ediblər.

Xatırladaq ki, S.İsmayılova 44 günlük Vətən müharibəsi dövründə yaralı əsgərlərin müayinə və müalicəsində, eləcə də COVID-19 infeksiyasına qarşı aparılan mübarizədə fəal iştirak edən tibb işçilərindən olub.

Lənkəran rayonunda toy mərasimləri keçirilən 3 obyekt aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən rayon ərazisində yerləşən “Riva Hill Resort”, “Palıdlı Sahil”, “Rahat Məkan” istirahət mərkəzlərində sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olunan toy mərasimlərinin keçirilməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən mərasimlərin təşkilatçıları və iştirakçıları, xidmət personalı barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

"Report" İnformasiya Agentliyinin yazdığına görə, “Palıdlı Sahil” restoranı sabiq deputat Hadı Rəcəbliyə məxsus biznes obyekti kimi tanınır.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə İtitala kəndində yerləşən fərdi yaşayış evində sanitar-karantin qaydalarının pozulması ilə müşahidə edilən nişan mərasimi keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman kənd sakini Səməd Abdullayevin 30-dan artıq qonağın iştirakı ilə qızına nişan mərasimi təşkil etdiyi aşkarlanıb.

Polislər tərəfindən ev sahibi, qonaqlar və məclisi təşkil edən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

 

Qazaxda karantin rejimini pozan hamam aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Ölkə.Az"a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisindəki “İsrafil Ağa” adlı hamamın sanitar-karantin qaydalarına zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gedərək obyekt işçiləri və müştərilərdən ibarət 6 şəxsi Polis Şöbəsinə gətiriblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Üç nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

Hamamın sahibi Eldəniz Əzimov barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə obyekt sahibi 10 sutka müddətinə inzibati qaydada həbs olunub.

Xəbər lenti