|
Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.
“Report” xəbərinə görə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Rəşid Hüseynovun icraatına verilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun bu müddət ərzində vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.
Dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əməkhaqları ələ keçirilib, o cümlədən Yevlax şəhərində “Yaşıllaşdırma və işıqlandırma müəssisəsi”nin fəaliyyətinə və digər abadlıq, təmir-tikinti işlərinə cəlb edildiyi rəsmiləşdirilən 133 nəfər heç bir işə cəlb edilmədən və əməkhaqqı almadan, adlarına açılmış əməkhaqqı kartları Qoca Səmədovun tabeçiliyində fəaliyyət göstərən şəxslər tərəfindən ətraf rayonlardakı bankomatlarda nağdlaşdırılaraq, Qoca Səmədova şəxsən təqdim edilməklə 236 min manat dövlət vəsaiti mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616 min manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə şirkət rəhbərləri tərəfindən nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla təkrarən mənimsənilib.
Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əməkhaqqından təsis etdiyi Şəhid ailələrinə və müharibə əlillərinə yardım Fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8 min manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib.
Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə vətəndaşlar tərəfindən müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda təkrarən rüşvət tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar.
Tərtər rayonunun işğaldan azad edilən Suqovuşan qəsəbəsindəki keçmiş erməni blokpostunun ərazisində 122 mm-lik D-4 ağ fosfor (P-4) tərkibli top mərmiləri aşkar olunub.
Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) məlumat yayıb.
“Bu, düşmənin Azərbaycana qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş döyüş sursatından istifadə etdiyinə dair növbəti sübutdur”, - qurumdan bildirilib.
Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, DTX-nın yaydığı məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb.
Belə ki, Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.
Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar. Report
Gəncə şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı şəhər sakini K. Hüseynovanın icarə əsasında işlətdiyi köşkdən partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.
K.Hüseynova barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) protokol tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Dünən evdən çıxan 17 nəfər COVID-19 xəstəsi saxlanılıb.
DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikanın ərazisində xüsusi karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.
Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 10 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
Bu gün Kürdəmir rayonunun sabiq icra başçısı Ceyhun Cəfərovun məhkəməsi keçiriləcək.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, istintaqın vəsatəti əsasında prokuror təqdimat verərək C.Cəfərovun həbsdə qalma müddətinin uzadılmasını istəyib.
Təqdimata bu gün Binəqədi rayon məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.
C.Cəfərov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.
C.Cəfərov həbsindən əvvəl keçirdiyi konfransda rüşvətə qarşı olduğunu deyərək, tabeliyindəki rüşvət alan məmurlardan bunun tamamilə yığışdırılmasını istəmişdi: “Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən icra başçıları həbs olunub. Mən istəməzdim bizim rayonumuzda da belə hallar baş versin", - deyə o, çıxışında bildirmişdi.
Dekabrın 23-də Ağcabədi rayonu, Boyat kəndində fəaliyyət göstərən Əliyev Yaşar Nizami oğluna məxsus və Ağcabədi rayonu, Hindarx qəsəbəsində fəaliyyət göstərən Rüstəmov Ramiz Baxşeyiş oğluna məxsus süd qəbulu və saçaqlı pendir istehsalı sahələrində monitorinqlər həyata keçirilib.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.
Bildirilib ki, keçirilən monitorinqlər zamanı hər iki müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən, baytarlıq sanitariya və sanitar gigiyena qaydalarına əməl etmədən və heç bir texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi aşkar olunub.
Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq emal sahələrinin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Bir ay əvvəl Bakıda intihar edən iş adamı ilə bağlı sensasion təfərrüatlar üzə çıxıb. 36 yaşlı iş adamının intihar səbəbi hələlik açıqlanmasa da, onun tanınmış müğənni Roza Zərgərlinin qızı ilə sevgi münasibətləri olduğu iddia olunur.
Criminal.az xəbər verir ki, müğənninin qızı Bənovşə Allahverdiyevaya Ramin Əliyev məşhur yaşayış komplekslərinin birindən ev alımış. İddialara görə, intihar edən şəxsin sahib olduğu "Kəlam MTK” tikinti şirkəti ona qayınatası tərəfindən hədiyyə edilib. Bu münasibətdən xəbər tutan R. Əliyevin qayınatası onun əlindən bütün var-dövlətini, həmçinin sevgilisinə verdiyi evi də alıb. Bundan sonra B.Allahverdiyeva ilə aralarında soyuqluq yaranıb. İddia olunur ki, məhz buna görə R.Əliyev silahla sevgilisinin qarşısına çıxıb və özünü öldürəcəyini deyib. Bu zaman atəş açılıb və R.Əliyev dünyasını dəyişib.
Məsələ ilə bağlı Roza Zərgərli açıqlama verməyib.
Xatırladaq ki, hadisə noyabrın 17-də da Nəsimi rayonu, M.Zeynalabdıyev küçəsi 8 saylı binanın qarşısında baş verib. Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib. İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Ölkə.Az"a verilən məlumata görə, sürücü, Ağdam rayon sakini Füzuli Əliyev COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və Mingəçevir şəhərinə daxil olmaq istəyib.
Əraziyə Təcili Tibbi Yardımın həkim briqadası dəvət olunub və həmin şəxs yaşadığı ünvana göndərilib.
F.Əliyev barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Dünən ölkədə 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 22-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 27 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılaraq yaşadıqları evlərə qaytarılıb.
19 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.