Polisə zorakılıq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır.

Bu barədə "Yol-xeber.az"a Tərtər Rayon Prokurorluğundan məlumat verilib.

30 aprel 2021-ci il tarixdə Tərtər rayonu, Qaradağlı kəndi ərazisində Tərtər rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq rayon prokurorluğunda istintaq aparılmışdır.
İstintaqla müəyyən edilmişdir ki, Bərdə rayon sakini Mənsim Aslanov rayonun Qaradağlı kəndi ərazisində yerləşən komendant postundan icazəsiz olaraq keçməyə cəhd edərkən həmin postda xidməti vəzifəsini icra edən polis əməkdaşı Şəhriyar İsayevin qanuni tələblərinə tabe olmayaraq idarə etdiyi avtomobili sonuncunun üzərinə sürüb vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir.
Mənsim Aslanov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.

Azərbaycanlı əsirləri işgəncə ilə öldürən ermənilərin məhkəməsi keçirilir

Bu gün Birinci Qarabağ müharibəsi zamanı əsir düşən Azərbaycan vətəndaşlarına işgəncə verən və onları qətlə yetirən ermənilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin məhkəməsi keçirilir.

“Yol-xeber.az” xəbər verir ki, məhkəmə akı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün saat 10:30-da Bbaşlayıb. Proses Yasamal rayon məhkəməsinin inzibati binasında keçirilir.

İttihama görə, Ermənistan vətəndaşı 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistandan gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılmış Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistanın İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

Aparılmış istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistanın vətəndaşı 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağın Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məşhur fotojurnalist Reza Deqati işğaldan azad edilən Kəlbəcər rayonunda səfərdə olan zaman mina təhlükəsi ilə üzləşib.

"Yol-xeber.az"ın report-a istinadən xəbərinə görə, hadisə rayonun Susuzluq kəndinə gedən yolda baş verib.

R.Deqati ikisi jurnalist olmaqla Azərbaycanın üç mülki vətəndaşının minaya düşərək şəhid olduğu əraziyə gedib. Onu hərbçilər, o cümlədən minaaxtaranlar müşaiyət edib. Yollar dağılmış-uçulmuş vəziyyətdə və təhlükəli olduğuna görə heyət hadisə yerinə piyada hərəkət etməli olub. Bu zaman yolda - R.Deqatinin tam yaxınlığında mina aşkarlanıb. Minaaxtaranların təlimatı ilə fotojurnalist hərəkəti dayandırıb. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, iyunun 4-də xidməti vəzifələrini yerinə yetirmək üçün işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş telekanal və informasiya agentlikləri əməkdaşlarını aparan “KamAZ” markalı sərnişin avtomobilinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZTV telekanalının operatoru Sirac Abışov, AZƏRTAC İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Azərbaycanda 14 yaşlı qızı özündən 22 yaş böyük kişi ilə nişanlayıblar.

"Yol-xeber.az" Xəzər TV-yə istinadən xəbər verir ki, nişan mərasimi 3 gün əvvəl Lənkəranın istirahət mərkəzlərinin birində keçirilib.

8-ci sinif şagirdi olan qızın nişan şəkilləri bu gün sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Parta arxasında oturub dərs oxuyacaq yaşda olmasına baxmayaraq, həmin uşağın barmağına özündən 22 yaş böyük kişi tərəfindən nişan üzüyü taxılıb.

Məsələnin təfərrüatlarını öyrənmək üçün əməkdaşlarımız həmin qızın yaşadığı Masallı rayonunun Bədəlan kəndində olublar.

8 yaşlı qızın təhsil aldığı məktəbin direktoru Arif Mehdiyev bildirib ki, məsələdən agah olan kimi qızın valideynləri ilə görüşüblər.

Qızın nişanlandığı Rusiya vətəndaşı olan oğlanla da söhbət aparılıb. Ona bu işin məsuliyyəti haqqında məlumat verilib. Həm qız, həm də oğlanın ailəsi təkidlə bildirirlər ki, nikah olmayacaq.

Ailələrdən izahatlar alınıb və məsələ daim nəzarətdə saxlanacaq.

Qeyd edək ki, qızın atası vəfat etdiyi üçün anası ilə birgə babasının evində yaşayır və orta məktəb təhsili almaqla yanaşı, tibbi biliklərə yiyələnmək üçün kursa da gedir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi təkliflər sorğusu üsulu ilə müsabiqə keçirir.

"Yol-xeber.az"ın məlumatına görə, sorğu Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 1b saylı ünvanda yerləşən 5 mərtəbəli, 4 bloklu yaşayış binasında partlayış nəticəsində mənzillərə dəymiş ziyanın aradan qaldırılması məqsədilə keçirilir.

Müsabiqədə iştirak etmək istəyənlər 14 iyun 11.00-a qədər Bakı şəhəri, Füzuli küçəsi, bina 69, 5-ci mərtəbə, 522-ci otağa müraciət edə bilərlər. Təkliflər sorğu 14 iyun saat 14:30-da keçiriləcək.

Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb.

Müdafiə Nazirliyindən "Yol-xeber.az"a verilən məlumata görə, onun yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub.

A.Kartanyanın ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə onun Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb.

Qeyd olunanları nəzərə alaraq, A.Kartanyan qarşı tərəfə geri təhvil verilib.

Bununla, Azərbaycan tərəfinin humanist davranışını növbəti dəfə nümayiş etdirərək ölkəmizə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edirik.

İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində ərazimizə daxil olan düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.

Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, iyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib. Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428.

İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub.

Bu barədə "Yol-xeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.

Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428.

İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.

Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir.

İyunun 6-da saat 23 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Svetlana Məmmədovanın bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Ramil Rəhmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Svetlana Məmmədovaya xəsarətlər yetirib, sonuncu aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ramil Rəhmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Erməni terrorçu silahlı birləşmənin məhkəməyə göndərilən daha 9 üzvünün adı məlum olub.

"Yol-xeber.az"ın xəbərinə görə, Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və digərləri - Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.

Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

Yuxarıda qeyd olunmuş silahlı birləşmənin üzvləri olan digər təqsirləndirilən şəxslər barəsində müvafiq cinayət işləri üzrə ibtidai istintaq yekunlaşdırılaraq iş materialları ilə tanışetmə həyata keçirilir.

Xəbər lenti