Lənkəranda İcra Hakimiyyəti başçısının inzibati ərazi üzrə iki nümayəndəsi barəsində cinayət işi başlanılıb.

"APA xəbər verir ki, Şürük kənd üzrə icra nümayəndəsi Köçəriyev Faiq Qüdrət oğlu və Vilvan kənd üzrə icra nümayəndəsi Yusubov Ağayar İzzət oğlu rüşvət almaqda təqsirli bilinirlər.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə ittiham verilib.

Onlar barəsində olan cinayət işinin istintaqı başa çataraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Oruc Cəlilovun icraatına verilib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

"Ölkə.az" nazirliyin saytına istinadla məlumat verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata əsasən, hadisə binanın dördüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə baş verib. Yanğın nəticəsində mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı xilasedicilər tərəfindən tüstülənmiş mənzillərdən 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə tam söndürülüb.

Əlavə məlumat veriləcək.

Bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb.

Saxlanılan yoxdur.

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, ümumi çəkisi təxminən 20 kiloqram 454 qram narkotik vasitəyə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

May ayının 20-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əmirzeyitli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində sərhəd naryadı tərəfindən içərisində 3 nəfər olan “Niva” markalı 10-BF-055 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, 2 nəfər şəxsin avtomobildən düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edib. 

Əkin sahəsinə yaxınlaşaraq, oradan bağlama götürüb uzaqlaşmağa cəhd edən şübhəli şəxslər sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışarkən saxlanılıblar. Bakı şəhər sakinləri 1998-ci il təvəllüdlü Məmmədov Aslan Bəxtiyar oğlu və 1997-ci il təvəllüdlü Məmmədov Ümid Nazim oğlu olmaları müəyyənləşdirilmiş şəxslərin üzərindəki bağlamaya baxış keçirərkən içərisində ümumi çəkisi 8 kq 684 qram narkotik vasitəyə bənzər maddə (7 kq 700 qram tiryək, 984 qram heroin) aşkar olunaraq götürülüb.

Hadisə yerində olan avtomobilin sürücüsünün İmişli şəhər sakini İsmayılov Coşqun Şaiq oğlu olması müəyyən edilib. Araşdırma zamanı şübhəli şəxslər törətdikləri cinayət əməllərini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.

Bununla yanaşı, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhülkəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat tədbiri nəticəsində Neftçala rayonu Həsənabad kənd sakini 1974-cü il təvəllüdlü Salahov Qüdrət İbadulla oğlunun həmin rayonun Kürdili adasında sahibsiz evdə gizlətdiyi ümumi çəkisi 11 kq 770 qram narkotik vasitəyə bənzər maddə (7 kq 625 qram heroin, 4 kq 145 qram tiryək) aşkar olunaraq götürülüb. 

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Bakıda qadını tapança ilə qətlə yetirərək, intihara cəhd edən polis əməkdaşı ölüb.

“Report” xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, hadisə mayın 20-də günorta saatlarında Yasamal rayonunda baş verib. Polis əməkdaşı Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib. H.Həsənovun intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin əməkdaşı özünü və sevgilisini xidməti silahla öldürüb.

Qafqazinfo verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında, Yasamal rayonu ərazisində qeydə alınıb. 

Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin Həsən adlı təhqiqatçısı idarənin yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yerləşən mənzildə xidməti silahla sevgilisini qətlə yetirib. Daha sonra həmin silahla özünü güllələyərək intihar edib. 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. 

Azərbaycan sərhədçilərini qətlə yetirərək qaçan İran vətəndaşı zərərsizləşdirilib.

"Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbçisini öldürən şəxslər hadisə yerindən qaçaraq, Yardımlı rayonu ərazisində dağlarda gizləniblər.

Mayın 18-də Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının əməkdaşlarının keçirdiyi əməliyyat zamanı dağlarda gizlənən İran vətəndaşının birinin yeri müəyyən edilib. Həmin şəxs təslim olmayaraq silahlı müqavimət göstərib. Bu zaman Daxili Qoşunların əməkdaşları silah tətbiq etmək məcburiyyətində qalıb və həmin şəxsi zərərsizləşdirib.

Hüquq-mühafizə orqanları “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, mayın 15-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu­nun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub.

Sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.

Hadisə yerində, təxminən, 10 kq narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.

Hadisənin baş verdiyi ərazi qapadılmış və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunmuşdur. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. İran vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür.

DSX rəisinin tapşırığına əsasən DSX rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Araz Məmmədovun başçılığı ilə bir qrup zabit hadisə yerinə ezam olunub.

Hadisə barədə aidiyyəti hüquq mühafizə orqanlarına və İran tərəfinə məlumat verilib.

Bakıda taksi sürücüsü müştərisi olan qadına əxlaqsız təklif edib.

"Bu barədə qadının özü sosial şəbəkələrdə məlumat paylaşıb.

O bildirib ki, axşam saatlarında işdən çıxıb, metronun “20 Yanvar” stansiyasının yaxınlığında taksiyə əyləşib:

“Məni və qoca kişini müştəri kimi, götürdü və qeyd etdi ki, kişini “Şamaxinka”da düşürüb geri qaydacaq, yerinə başqa adamlar yığıb və yoluna davam edəcək. “Şamaxinka”da kişi maşından düşdü və ikimiz qaldıq. “İnşaatçılar”dan xüsusi sifarişlə müştəri götürəcəyini dedi. Məni “Qurd Qapısı” adlanan əraziyə apardı və içi dolu çanta götürüb qoydu baqaja, maşına isə heç kəs minmədi. Təşvişə düşdüm, hara gedəcəyimizi soruşdum. Anamdan zəng gəlirdi, gecə olduğundan yolları ayrıd edə bilmirdim. Suallar verməyə başladı, bir də baxdım ki, maksimum sürətlə “Sədərək” yolundayıq. O, mənə əxlaqsız təklif edirdi. Həm də məni şantaj edirdi. Anama zəng edib, polisə məlumat verməsi üçün qışqırdım. Ancaq heç bir şey bu əclafa təsir etmədi. Səylərim nəticəsində heç bir şey olmadan məni metronun “20 Yanvar” stansiyasında düşürdü”.

Qadının sözlərinə görə, hadisə barədə polis əməkdaşlarına müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 1-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata görə, Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Davam edən cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılır.

Həmçinin araşdırmalar nəticəsində Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Zakir Sultanovun cinayət işi ayrıca icraata ayrılıb.

DİN itkin düşən tələbənin tapıldığını açıqladı

Bir həftə öncə itkin düşən Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsi İlkin Hüseynovla bağlı araşdırmalar davam edir.

"Qafqazinfo" xəbər verir ki, bu gün səhər saatlarında İ.Hüseynovun sosial şəbəkə hesabında onun adından artıq evdə olduğuna dair paylaşım edilib: "Hamıya salam. Artıq evdəyəm. Keçən bu çətin 7 gün içində məni axtaran və bu mövzuda ailəmin yanında olan hərkəsə təşəkkür edirəm. Hər şeyin bundan da yaxşı olması diləyi ilə".

Məlumatı dəqiqləşdirmək üçün İ.Hüseynovun atası Saleh Hüseynovla əlaqə saxladıq. O bildirdi ki, ona oğlunun tapılması haqda məlumat verilsə də, hələ İlkin evə gəlməyib.

S.Hüseynov qeyd edib ki, oğlu İ.Hüseynov bir müddət öncə işləmək istədiyini bildirib: “Biz də ona dedik ki, normal, ağlın başında işləyəcəksənsə, get işlə. Bakıda ofisiant işləyirdi, maaşını alıb xərcləyib, bir dostundan da 100 manat borc alıb. Sonra da utandığından evə gəlmək istəməyib. Bu bir həftədə Bakıda parklarda, orada-burada qalıb. Heç bir dostunun yanına getməyib, heç kimlə əlaqə saxlamayıb. Hamıdan küsübmüş”.

Şabran rayon Polis Şöbəsindən isə saytımıza bildirilib ki, İlkin Hüsyenovun axtarış tədbirləri davam etdirilir.

Məlumata görə, 20 yaşlı İlkin mayın 11-i günorta saatlarında Bakıdan yaşadığı Şabran rayonuna gedərkən yolda ailəsi ilə əlaqə saxlayıb. O, 20 dəqiqəyə evə çatacağını bildirsə də, qısa müddət sonra İlkinə zəng çatmayıb.

***
DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, itkin düşən İlkin Hüseynov dünən axşam saatlarında polis əməkdaşları tərəfindən Bakıda parkların birində tapılıb: “O, aidiyyatı üzrə əvvəlcə Şabran rayon Polis Şöbəsinə və daha sonra ailəsinə təhvil verilib”.

Xəbər lenti