Bakıda gənc yol qəzasında xəsarət aldı  

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, Neapol dairəsində motosikletlə avtomobil toqquşub. Nəticədə 1993-cü il təvəllüdlü Qasımov Orxan Çingiz oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın küt travması və döş qəfəsinin əziyi diaqnozu qoyulub.

Xətai rayonunda 47 yaşlı piyadanı avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, yolu keçən 1973-cü il təvəllüdlü İsayev Şövlət Dövlət oğlunu minik avtomobili vurub. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin qapalı yerdəyişən sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin vəzifəli şəxsləri tərəfindən vətəndaşa məxsus Abşeron rayonu, Mehdiabad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində aparılmış qanunsuz tikintiyə görə cərimə edilməməsi və gələcəkdə həmin tikintinin sökülməməsi müqabilində ondan 1000 manat məbləğində pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Baş Prokurorluq və İqtisadiyyat Nazirliyindən daxil olan birgə məlumatda deyilir ki, keçirilmiş əməliyyat tədbiri nəticəsində 2 sentyabr 2020-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin rəisi Poladov Anar Tofiq oğlu qabaqcadan əlbir olduğu həmin şöbənin baş məsləhətçisi Səbuhi Rzayevin tələb etdiyi 1000 manat məbləğində rüşvətin 900 manatını vətəndaşdan alarkən cinayət başında yaxalanıb. 

Qeyd edilən fakta görə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır. 

 
İş üzrə toplanmış ilkin sübutlar əsasında Anar Poladov və Səbuhi Rzayev Cinayət Məcəlləsinin  311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda təqsirləndirilən şəxslərin fəaliyyətində başqa qanun pozuntularına yol verilib-verilməməsinin araşdırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Kranın aşması nəticəsində bir nəfər öldü
Xəbər verdiyimiz kimi, Bakıda kran doqquzmərtəbəli yaşayış binasına düşüb.

Ölkə.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində kranın sürücüsü dünyasını dəyişib.

 
Faktı Səhiyyə Nazirliyindən təsdiqləyiblər: Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb. 
DTX filial müdirini saxlamayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Biləsuvar rayon filialının müdiri Fərasim Əliyevin saxlanılması barədə xəbərlərə münasibət bildirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı qeyd edib ki, yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

“Sadəcə olaraq, filialın əməkdaşı Ədalət Mürsəlov DTX tərəfindən DSMF Biləsuvar rayon filialının fəaliyyət sahələrinə aid olmayan başqa bir məsələ ilə bağlı şahid qismində dəvət olunub. Hazırda da iş yerindədir, fəaliyyətini davam etdirir”,- deyə F.Talıblı əlavə edib.

Onun sözlərinə görə, bəzi media orqanlarının mətbuat prinsiplərinə zidd olaraq, aidiyyəti qurumla heç bir dəqiqləşdirmə aparılmadan, qeyri-peşəkarcasına belə yalan məlumatları tirajlaması təəssüf doğurur.

Azərbaycanda qanunsuz hərəkətlər edən vəzifəli şəxslə bağlı cinayət işi başlandı

İsmayıllı rayon Tircan bələdiyyəsinin sədri Əhməd Çələbiyevin bələdiyyə sədri işlədiyi dövrdə qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında İsmayıllı rayon prokurorluğunda araşdırma aparılıb.
İsmayıllı rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Əhməd Çələbiyevin 2016-2020-ci illər ərzində bələdiyyə sədri vəzifəsində işləyən zaman bələdiyyəyə məxsus 65 hektar torpaq sahəsini yalan məlumatlar daxil etməklə tərtib etdiyi icarə müqaviləsi əsasında üç il müddətinə Əflatun Həsənova verməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Şirvanda AİLƏ FACİƏSİ

Bu il fevralın 26-da Şirvan şəhər ərazisində şəhər sakini Pərvanə Nağıyevanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə Şirvan Şəhər Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Bu barədə "Ölkə.Az"a Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla zərəçəkmişin əri Sahib Nağıyevin ailə-məişət münasibətləri zəminində aralarında yaranan mübahisə zamanı Pərvanə Nağıyevanı boğması və daha sonra bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülmüş, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

DTX-nin həbs etdiyi vəzifəli şəxslə bağlı  RƏSMİ AÇIQLAMA

Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar rayonunda keçirdiyi əməliyyat zamanı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Fərasim Əliyev deyil, onun müavini saxlanılıb.

Bunu Biləsuvar İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Şahin İsgəndərov deyib. O bildirib ki, əməliyyat çərçivəsində Dövlət Sosial Müdafiə Fondunun müdir müavini Ədalət Mürsəlov saxlanılıb, lakin sonradan sərbəst buraxılıb.

Qeyd edək ki, Unikal.org saytı Dövlət Təhlükəsizlik Xidmətinin Biləsuvar rayonunda keçirdiyi əməliyyat zamanı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Fərasim Əliyevin saxlanılması barədə məlumat yayıb. (Axar.az)

BDU tələbəsinin ölüm işi

Noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında universitetin tələbələri - 1999-cu il təvəllüdlü Şəkər Xasmətovanın zəhərlənərək vəfat etməsi, 1998-ci il təvəllüdlü Dilrubə Quliyeva və Həmidə İbadovanın isə zəhərlənərək həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid xəsarət almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun İstintaq İdarəsində istintaq aparılıb.
Bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

İstintaqla yataqxananın komendantı və tələbə şəhərciyinin direktoru vəzifəsini icra edən Pərvaz Əsgərovun işinə və xidməti vəzifəsinə vicdansız və laqeyd münasibət bəsləyib vəzifəsini yerinə yetirməyərək yataqxananın birinci mərtəbəsində yerləşən ümumi hamam otağında özbaşına axar su qızdırıcılarının və onlara birləşdirilmiş tüstü bacalarının düzgün quraşdırılmasını, onlara müvafiq texniki xidmət göstərilməsini təmin etməyərək ehtiyatsızlıqdan iki nəfərin ağır zərər vurmaya aid xəsarət almalarına, bir nəfərin isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Pərvaz Əsgərov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

2 sentyabr 2020-ci il tarixdə cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.

Müdafiə Nazirliyi gecə cəbhədə baş verənlərlə bağlı məlumat yaydı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 46 dəfə pozub.
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində, Vayk rayonunun Xndzorud kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər lenti