Azərbaycanda daha yeddi nəfərdə koronavirus aşkarlandı
Azərbaycan Respublikasında 7 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan 61 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan üç nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruru tədbirlər davam etdirilir.

Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır.

Koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün hər bir şəxs gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidir.

Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur.

DİN: “Tofiq Yaqublu ər-arvadı yumruq və vintaçanla vurub”
Daxili İşlər Nazirliyi (DİN) Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun saxlanılmasına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Report-un sorğusuna cavab olaraq deyib ki, martın 22-də, günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub:

“Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri səbəbindən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq, onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər”.E.Zahidov qeyd edib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb.

“VAZ-2107” markalı avtomobilin sürücüsü E.Cəbrayılov və onun həyat yoldaşı C.Cəbrayılova isə iş üzrə zərərçəkmiş qismində tanınaraq dindiriliblər.

Hazırda cinayət işinin istintaqı davam etdirilir.

“Tofiq Yaqublu oxşar əməllərinə görə daha əvvəl üç dəfə həbs edilib”, - E.Zahidov əlavə edib.

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı
Sosial şəbəkələrdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində kirayədə yaşayan T.Abdullayevanın Saleh Şahmarov tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı yayılan məlumatlar araşdırılmaqla, Bakı şəhər BPİ rəhbərliyinin nəzarətinə götürülüb.

Oxu.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəasinin Mətbuat Xidmətindən verilən məlumata görə, vətəndaşın müraciəti üzrə xüsusatların tam və hərtərəfli araşdırılıb əmələ hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Binəqədi RPİ 40-cı Polis Bölməsindən götürülməklə Binəqədi RPİ-nin İstintaq şöbəsində cinayət işinin başlanması və icraata qəbul edilməsi ilə bağlı qərar qəbul edilib. 

Qeyd olunan hərəkətlərdə zərərçəkmiş şəxsi mütəmadi olaraq döymə və ya sair zorakı hərəkətlər nəticəsində güclü fiziki ağrı və ya psixi iztirablar vermə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlayıb. İş üzrə xüsusatlarn tam və hərtərəfli araşdırılması məqsədilə istintaq hərəkətləri davam etdirilir.

Bakıda "Niva" sürücüsü yenidən şouya başladı:  DYP-nin diqqətinə- 10 NK 501 - VİDEO
Sürücü axına qarşı hərəkət edərək təhlükə yaradıb

Bir müddət əvvəl paytaxtın Babək prospektində qaydaları pozan 10-NK-501 qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsünün görüntüləri Avtosfer.az saytında dərc edilmişdi. Həmin sürücünün daha bir təhlükəli hərəkəti sosial şəbəkədə yayılıb. Belə ki, qeyd etdiyimiz 10-NK-501 qeydiyyat nişanlı "Niva markalı avtomobilin sürücüsü Nobel prospektindən gələrək dəniz kənarı yoluna daxil olan zaman əks istiqamətlə hərəkət etməyə başlayıb. Sürücü axına qarşı hərəkət edərək qarşıdan gələn sürücülərə konkret təhlükə yaradıb. Eyni zamanda sürücünün görünüşünü məhdudlaşdıran, yəni qabaq yan şüşələrdə pərdələrin olması da görüntüdə aydın şəkildə görünür.

 

4 nəfərin olduğu avtomobil kanala aşdı
Bərdə rayonunda ağır yol qəzası baş verib.

Trend xəbər verir ki, rayonun Lənbəran kəndi ərazisində Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Ceyhun Xuduzadə "Hyundai Elentra" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı kanala aşırıb.

Hadisə nəticəsində sürücü və sərnişinlər- Sadəgül Həsənova, Günel Mirzəyeva, Heyran Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. S.Həsənova xəstəxanada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.

Kişi azyaşlı qıza narkotik verib zorladı
Bakıda kişi yetkinlik yaşına çatmayan qıza narkotik vasitə verərək zorlayıb.

Oxu.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Bu barədə 42 yaşlı qadın Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət edib.

Qadın bildirib ki, Kamran adlı kişi 15 yaşlı qızını zorlayıb.

Şikayətçi bildirib ki, Kamran qızına heroin verib və ona təcavüz edib.

Qadının sözlərinə görə, hadisə fevralın 15-də baş verib.

Qadının şikayəti əsasında Ağdam rayon sakini, 1999-cu il təvəllüdlü Kamran Baxşıyev tutulub.

Onun üzərindən 406 qram heroin tapılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Azərbaycanda daha 3 nəfərdə koronavirus aşkarlandı
Azərbaycan Respublikasında 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırda xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altında olan bütün aktiv koronavirus xəstələrinin müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Qərargah koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, vətəndaşları Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırır.

Polis avtoxuliqanlıq edən gəncləri bu görüntülərə görə saxladı
Şəmkir polisi rayon ərazisində avtoxuliqanlıq edən iki nəfəri saxlayıb. Onların sürücülük hüququnun olmadığı ortaya çıxıb.

 Xəzər TV xəbər verir ki, avtoxuliqanlıq edən şəxslər saxlanıb.

Əməliyyatı Şəmkir polisi keçirib. Rayon sakini, 22 yaşlı Elnur Teymurlu idarə etdiyi minik avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla avtoxuliqanlıq edib.

Onun bu hərəkətləri də video görüntüyə alınıb. Aparılan araşdırma zamanı sükan arxasındakı Elnur Teymurlunun sürücülük hüququnun olmadığı ortaya çıxıb.

19 yaşlı Əli Alıyev isə Şiştəpə kəndində avtoxuliqanlıq edib. Onun da minik avtomobili ilə kəndin ərazisində avtoxuliqanlıq etməsi video görüntüyə alınıb.

Əli Alıyevin sürücülük hüququ olmadan sükan arxasına əyləşdiyi müəyyən edilib. Hər iki gənc saxlanıb.

Hər iki şəxs barəsində inzibati qaydada protokollar tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.

Bakıda iki il əvvəl 2 nəfəri bıçaqlayan şəxs HAKİM QARŞISINDA
Bakıda iki nəfərə ağır xəsarətlər yetirməkdə təqsirli bilinən Maxsud Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib.

İş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə 2018-ci ilin avqust ayında Nəsimi rayonunda baş verib.

Alı Mustafayev küçəsindəki 10 nömrəli binanın qarşısında naməlum şəxs 1983-cü il təvəllüdlü Cəlilabad sakini Babayev Bəhruz Əvəzağa oğluna və 2001-ci il təvəllüdlü Şamaxı rayon sakini Heybətov Fəxri Şahin oğluna bıçaq zərbələri endirməklə ağır xəsarət yetirib.

Hadisə yerindən yayınan şəxsin müəyyən olunması və axtarışı üçün müvafiq tədbirlər görülüb. M.Məhərrəmov saxlanılaraq məsuliyyətə cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

Şəmkirdə azyaşlını avtomobil vuraraq öldürüb
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb.

2011-ci il təvəllüdlü Nağıyev Elmar Zaur oğlu yolu keçmək istəyən zaman "Mercedes" markalı mikroavtobus onu vurub. Xəsarət alan azyaşlı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti