Ötən gün baş verən yol qəzalarında – 2 ölü, 2 yaralı
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Ötən gün ölkənin daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət və hadisələrin statistik məlumatları açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.  

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Bakı polisi: Narkotik vasitələri ilə bağlı bütün informasiyalar yoxlanılır
Bu tədbirlər kampaniya xarakteri daşımır

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə bütün istiqamətlər üzrə tərəfimizdən diqqətdə saxlanılır. Satış məqsədilə sosial şəbəkələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ictimai təhlükəli əməlləri cinayət tərkibi yaradır, qanunla qadağan olunduğuna görə cəza təhdidi var. Yol-xeber.az xəbər verir ki, bu barədə  Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Cəmiyyəti qayğılandıran narkotik bəlasına qarşı mübarizədə dövrün bütün çağırış və təhdidlərinə uyğun olaraq, ən müasir metod və texnologiyaların imkanlarından geniş istifadə olunur.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar daxil olan bütün informasiyalar yoxlanılır. Bu tədbirlər kampaniya xarakteri daşımır.

Avtomobildə siqaret, spirtli içki və mobil telefon aksesuarları aşkarlanıb
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idarə etdiyi "Mercedes Benz C180" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb. Yol-xeber.az xəbər verir ki, şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin yük yerində və salonunda 16 800 ədəd müxtəlif markalı siqaret, 8 ədəd 1 litrlik "Nemirovskaya" markalı spirtli içki, hər birində 10 ədəd olmaqla 27 qutu üzərində "Glass Products" yazılan telefon aksessuarları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda yüksək vəzifəli şəxsin oğlunu həbs etdilər
Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğlu Fariz Ağayevin narkotik vasitə ilə həbs edilməsinin yeni detalları məlum olub.

Report məlumata görə, Sabirabad Rayon Polis Şöbəsində (RPŞ) F.Ağayevin barəsində Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə cinayət işi başlanılıb.

Məlumata görə, F.Ağayevlə birgə Ramil Talıblı adlı şəxs də həbs edilib və onun barəsində CM-in 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlam, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham irəli sürülüb.

Artıq hər iki şəxsin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.
Qeyd edək ki, F.Ağayev ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəd olub.

Qardaş bacısını qəbirstanlığa aparıb başını kəsdi
Abşeron rayonunda bacısının başını kəsərək qətlə yetirməkdə təqsirli bilinən Babək Fərzəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib. 

İş üzrə məhkəmə hazırlıq iclası yxın günlərdə keçiriləcək.

Qeyd edək ki,  hadisə ötən il noyabrın 24-də Abşeron rayon Ceyranbatan qəsəbəsində yerləşən qəbirstanlıqda baş verib. 
24 yaşlı Babək Fərzəliyev 21 yaşlı bacısı Aytən Fərzəliyevanı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisindəki qəbiristanlıqda yaxın qohumlarının məzarını ziyarət edərkən öldürüb. 

O, qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla A.Fərzəliyevaya çoxsaylı xəsarətlər yetirib, daha sonra başını kəsib.  

B. Fərzəliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bakıda iki avtomobil toqquşub
Nəsimi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baku.tv xəbər verir ki, qəza Səməd Vurğun və Ənvər Qasımzadə küçələrinin kəsişməsində qeydə alınıb. 

İlkin məlumata görə, S.Vurğun küçəsilə hərəkətdə olan və taksi fəaliyyəti ilə məşğul olan Anar Ağazadə idarə etdiyi “Opel” markalı nəqliytat vasitəsi sola dönmə əməliyyatı etmək istəyib.  

Bu zaman sürücü küçə ilə yüksək sürətlə hərəkətdə olan Vahid Tahirzadənin idarə etdiyi və taksi fəaliyyəti göstərən “Chevrolet” markalı nəqliyyat vasitəsini gözləməyib. Nəticədə hər iki avtomobil toqquşub.  

Qəza zamanı “Chevrolet” markalı avtomobilin sürücüsü və nəqliyyat vasitəsindəki xanım sərnişin xəsarət alıb. Əraziyə Nəsimi Rayon DYP əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.  

Yolda sıxlıq yarandığından polis əməkdaşları tənzimləmə işləri aparıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.  

Qazaxda avtomobil çay evinin müştərilərini vurdu
88 yaşlı Nəsibov Ziyad Yusif oğlu xəstəxanada ölüb

Qazaxda avtomobil yol kənarında yerləşən çay evinin müştərilərini vuraraq xəsarət yetirib.

Yol-xeber.az "Report"un Qərb Mərkəzinə istinadən məlumatına görə, hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin idarəetmədən çıxaraq, yol kənarındakı çay evinin müştərilərini vurması nəticəsində 4 nəfər - sürücü, 85 yaşlı Bəhrəmquliyev Osman İsmayıl oğlu və çay evindəki daha 3 müştəri xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Hadisə zamanı xəsarət alan 88 yaşlı Nəsibov Ziyad Yusif oğlu xəstəxanada ölüb. 

 

Faktla bağlı araşdırma aparılır.

Bakıda "avtoş"luq edən iki sürücünün  dəhşətli görüntüsü - VİDEO
Sürücü qəzadan son anda yayına bilib

Bakıda yarışa çıxaraq avtoxuliqanlıq edən sürücülərin videogörüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, martın 4-ü paytaxtın Heydər Əliyev prospektində hərəkət edən 99-DR-130 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq sol zolaqda hərəkət edən avtomobilə mane olub. O, daha sonra yüksək sürətlə ziqzaqvarı hərəkətlər edərək ərazidən uzaqlaşıb. Onun ardıyca yüksək sürətlə hərəkət edən 90-VO-302 qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü yolun sağında dayanan yük avtomobili ilə sol zolaqdakı avtomobilin arasından keçmək istəyərkən toqquşacağını görüb qəfil tormoz verib. Bu zaman avtomobilin hərəkət trayektoriyası dəyişərək sol zolaqdakı avtomobilin sürücüsünə təhlükə yaradıb. Təhlükəni görən sürücü qəzadan son anda yayına bilib. "Niva"nın sürücüsü isə heç nə olmamış kimi ərazidən uzaqlaşıb.

Ümid edirik ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həmin sürücülər barədə ciddi tədbir görəcək.

 

Maştağada velosipedçini maşın vuraraq öldürüb
Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, martın 9-da saat 23 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini M.Nəbiyev idarə etdiyi “Khazar” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən həmyerlisi Aydın Ağayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Ağayev martın 10-da orada ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Nərminin qatilinin həbs müddəti bitdi: Azad ediləcək? – VİDEO
Bu gün Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə şübhəli bilinən İlkin Süleymanovun 2 aylıq həbs müddəti bitir.

Bu müddət başa çatsa da, İ.Süleymanovun həbs müddətinin uzadılması ilə bağlı məhkəmə hələlik keçirilməyib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Tovuz Rayon Məhkəməsi İ.Süleymanov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Xəbər lenti