![]() |
|
Bakı şəhəri 301 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı aşkara çıxarılan faktlar üzrə araşdırmalar davam edir.
Bu barədə Ölkə.Az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, martın 6-da Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri məktəbdə olub, pedaqoji heyətin üzvləri ilə müvafiq söhbətlər aparıblar.
Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Sumqayıtda Reabilitasiya Mərkəzində baş verən yanğın məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən hazırda yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.
***
Sumqayıtda narkomanlar üçün Reabilitasiya Mərkəzində yanğın başlayıb.
Report xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tədbirlər həyata keçirir.
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.
"Report" xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.
Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən şəxslərdən Arayik Harutyunyan, Lyova Mnaksakanyan və Vasili Beqlaryan sərbəst ifadə veriblər.
Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.
Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-dən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 80kv.m. olan birmərtəbəli üçotaqlı fərdi yaşayış evində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü iddia edirlər.
“Ölkə.az” xəbər verir ki, müəllimlərin sözlərinə görə, onlar direktor tərəfindən təhqir, hətta, təhdid də edilir: “Müəllimləri valideynlərin yanında təhqir edir. Bizə “dərs dilənçiləri”, “hinduşkabaş” deyir”. İddialara görə, direktor tərəfindən məktəbin bir korpusu da bağlanıb. Səbəb kimi binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Amma həmin binada hazırda sakinlər yaşayırlar. Müəllimlər bildiriblər ki, üzləşdikləri problemlərlə bağlı müxtəlif dövlət qurumlarına müraciət ediblər. Məsələ ilə bağlı direktor bildirib ki, əməliyyat olunduğu üçün hazırda işləmir. Əlavə edib ki, məktəb məcburi köçkünlərin və aztəminatlı ailələrin məskunlaşdığı ərazidə yerləşdiyi üçün rüşvətdən söhbət gedə bilməz:
“Ora Zəngilan rayonundan məcburi köçkünlərin və aztəminatlı ailələrin yaşadığı yerdir. Sizcə orada rüşvətdən necə söz gedə bilər?” Daha ətraflı: “Xezerxeber.az”ın videomaterialında:
Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.
Ötən gün şiddətli töhmət alan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev istintaqa çağırılıb.
Lent.az xəbər verir ki, Fuad Nağıyevlə yanaşı, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb edilib.
“Dövlət Turizm Agentliyinin vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, dünən Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.
Xatırladaq ki, F. Nağıyevin rəhbərlik etdiyi agentlikdə xidməti yazışmaların sızdırılması bildirilib. Şiddətli töhmətin də buna görə verildiyi qeyd edilib. Artıq qurumun Aparat rəhbəri Kənan Qasımov vəzifədən kənarlaşdırılıb.
Azyaşlı övladına işgəncə verən ana saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli məlumat verib. O qeyd edib ki, sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb.
Məlumata görə, aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub.
Uşağın anası barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Suraxanı Rayon İcra Hakimiyyətindən Ölkə.Az-a verilən məlumata görə, anası tərəfindən ağır fiziki zorakılığa məruz qalan azyaşlı M.R. valideynindən alınıb.
Bildirilib ki, azyaşlıya anası Fatimə Ramazanova tərəfindən fiziki və psixoloji zorakılıq törədilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatın araşdırılması və məsələnin nəzarətə götürülməsi barədə rayon icra hakimiyyəti tərəfindən rayonun polis idarəsinə və rayon prokurorluğuna rəsmi müraciət edilib.
"Rayon polis idarəsi (RPİ) tərəfindən azyaşlının anası tapılaraq polis bölməsinə dəvət olunub. O, övladının olduğu yer barəsində məlumat verməkdən yayınsa da, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın və rayon polis idarəsinin əməkdaşları tərəfindən azyaşlının olduğu yer müəyyən edilib. Uşağın anasının himayəsində saxlanılması onun həyatı üçün təhlükəli hesab edildiyindən həmin Komissiya və RPİ əməkdaşları tərəfindən azyaşlı olduğu yerdən dərhal götürülüb və müvafiq sığınacağa yerləşdirilməsi üçün Sosial Xidmətlər Agentliyinin işçilərinə təhvil verilib", - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılmışdı. Anası tərəfindən çəkilən və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə o, azyaşlını döydüyünü, bədənində salamat yerin olmadığını etiraf etmişdi.
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisindəki yanğın tam söndürülüb.
Bu barədə FHN məlumat yayıb.
**
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub. Polis əməkdaşları tərəfindən ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:00 radələrində Nizami rayonu, Neft emalı zavodu ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın yerinə gedib.
Bu barədə “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşı məlumat verib.
***
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov da hadisə yerindədir.
Qeyd edək ki, bu gün səhər Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, polis əməkdaşları, təcili tibbi yardım briqadaları cəlb olunub.