|
“Report” xəbərinə görə, “İskəndər” raketlərinin qalıqları “Azərlandşaft” Açıq Səhmdar Cəmiyyətinin ərazisində Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndələri tərəfindən təqdim olunur.
Qeyd edək ki, ANAMA 2020-ci ilin dekabrından bəri işğaldan azad edilmiş Şuşa şəhərində minaların təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi işlərini aparır. 2021-ci il martın 15-də Agentlik əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı şəhərdə iki partlamış raketin qalıqları aşkar edilib.
Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan, baş nazir Nikol Paşinyan, eləcə də Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş hərbi müfəttişi Movses Akopyan 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycana qarşı “İskəndər” raket sistemindən istifadə etdiyini bildiriblər. Son günlərdə bu məsələ yenidən Ermənistan mediasında müzakirə mövzusuna çevrilib, sosial şəbəkələrdə isə raketin atılmasını göstərən videolar ortaya çıxıb.