Bakıda hərədən bir "ixtira": Qanunsuz parklanma erasına nə vaxt son qoyulacaq? - FOTO

Paytaxtda parklanmada yaranmış qanunsuzluq aradan qaldırıla bilər. Bu barədə bu gün jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. O deyib ki, paytaxtda pulsuz olan parklanma yerlərindən pul yığan "parkovşik"lərin BNA-ya aidiyyəti yoxdur. V.Kərimlinin sözlərinə görə, onların himayədarları var. BNA sədri onu da əlavə edib ki, Bakı şəhərində tariflər tətbiq olmadan vəsaitlərin yığılmasından söhbət gedə bilməz: "Hər hansı parkda duran şəxsə BNA vəsiqə verməyib. Həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, qarşılanmır. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və sonu polisdə bitib", - deyə V.Kərimli bildirib. BNA rəsmisi deyib ki, parklanma yerləri ilə bağlı qiymətlər müvafiq dövlət orqanı ilə razılaşdırıldıqdan sonra yaxın günlərdə açıqlanacaq.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, parklanma ilə bağlı məsələ Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir. Bu məsələni BNA yol polisi ilə məsləhətləşib təşkil edə bilər. Onun sözlərinə görə, ola bilər ki, BNA haradasa parklanma yeri yaradır, amma yol polisi bunu məqsədəuyğun saymır. Ona görə də məsləhətləşmədən sonra parklanma yeri yaradılması mümkündür.

E.Muradlı deyir ki, bu gün paytaxtda parklanma ilə bağlı bir çox qanunsuzluqlar var. Bunlar BNA-nın pulsuz elan etdiyi parklanma yerlərindən qanunsuz vəsaitin yığılması, parklanma tarifi müəyyən olunmamış parkinq sahiblərinin özlərindən parklanma qiyməti müəyyən etməsi və sair məsələlərdir.

Ekspert deyir ki, BNA-nın parklanmada tariflərin müəyyən olunması ilə bağlı Nazirlər Kabinetinə müraciəti bu günədək baxılmamış qalır. Həmsöhbətimiz bildirir ki, bu sənəddə beynəlxalq təcrübəyə əsaslanan təklif irəli sürülüb. Həmin təklifə görə, parklanmada vahid qiymət standartı müəyyən edilə bilməz. Çünki şəhərin mərkəzi ilə mərkəzdən bir qədər kənar ərazisində və şəhərin tam kənarında parklanma qiyməti eyni ola bilməz: "Dünyanın bir çox ölkələrində də parklanma qiymətləri fərqlidir. Burada gecə-gündüz tarifləri, yerli sakinlərin pulsuz istifadə etməsi, ərazidə işləyənlərin daha sərfəli qiymətə parklanmadan istifadə etməsi kimi məsələlər var".

E.Muradlı deyir ki, bu gün paytaxtda pulsuz elan olunan parklanma yerlərindən qanunsuz pul yığanlar Bakı Şəhər İcra Hakimiyyəti dövründə də qanunsuz olaraq parkomatlar quraşdıraraq qeyri-qanuni pullar yığırmışlar. Həmin vəsait də parkinqlərə nəzarət edən şəxslərin cibinə gedirmiş.

Ekspertin sözlərinə görə, BNA nə qədər parklanma tarifləri müəyyən olunanadək həmin ərazilərdə parklanmanın pulsuz olduğunu lövhələrə yazıb vursa da, "ASA Parkinq" adlı bir şirkət öz işçilərini xüsusi forma və ödəmə terminalı ilə təmin edərək qanunsuz parkinq xidməti göstərir. Bu şirkətin əməkdaşları hər avtomobilin parklanmasına görə 1 manat parklanma haqqı alırlar:

"Bu azmış kimi, sürücülərə hədə-qorxu da gəlirlər ki, avtomobilə zərər dəyəcək, cərimə gələcək. Həmin şirkət iddia edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun dövründə müqavilə əsasında 120-yə yaxın parkinqi icarəyə götürüb. Dövlətin nəzarətində olan parkinqlərin hansısa şirkətin nəzarətinə verilməsi isə gülünc və təəccüb doğuracaq məsələdir. Parkinqlərə nəzarət səlahiyyəti BŞİH-in əlindən alınanda bu şirkətin müqaviləsi avtomatik ləğv olunsa da, şirkət işinə davam edir. BNA dəfələrlə açıqlama verib ki, parkinq pulsuzdur. Buna baxmayaraq, onlar fəaliyyətlərini davam edirlər".

E.Muradlı deyir ki, əgər kimsə gəlib vətəndaşdan qanunsuz pul alırsa, buna artıq hüquq mühafizə orqanları baxmalıdır. Onun sözlərinə görə, hətta bununla bağlı BNA da hüquq mühafizə orqanlarına müraciət edib: "Maraqlıdır ki, bu gün o qanunsuz parkinqlərə pul verənlər arasında hüquq mühafizə orqanlarının əməkdaşları da var. Ən maraqlı məqam isə odur ki, onlar hələ də BŞİH-in onlara verdiyi geyim formasından istifadə edir, dövlətin vəsaiti ilə alınan ödəmə terminallarını işlədirlər, o avadanlıqlarla qanunsuz pul yığırlar".

"Bu gün parkinqlərlə bağlı çox böyük problem var. Özəl parkinqlərin öz ərazisi olsa da, onlar da parklanma tarifi məlum olmadığından qiymət tətbiq edə bilməzlər", - ekspert bildirir.

E.Muradlı parklanma ilə bağlı daha bir qanunsuzluğun dövlət qurumlarının öz ərazisində parklanma təşkil etməsində olduğunu söyləyir. Onun sözlərinə görə, dövlət qurumları qanunvericiliyə görə öz ərazilərində giriş-çıxışı pullu edə bilərlər. Ekspert deyir ki, qanunun bu imkanından sui-istifadə edən dövlət qurumları öz ərazilərini parklanma yerlərinə çevirib: "Məsələn, "Azərbaycan Dəmir Yolları" QSC-nin özü üçün Dəmiryol Vağzalının aşağı hissəsində parkinq yaratması, vətəndaşlardan pul yığması tam qanunsuz hərəkətdir. Bunun heç bir əsası yoxdur. Orada əvvəllər açıq parkinq vardı, insanlar avtomobillərini saxlayırdılar. Amma qurum orada qanunsuz parkinq yaradıb özbaşına qiymət tətbiq edir. Tarif Şurasının heç bir qərarı yoxdursa, "Azərbaycan Dəmir Yolları" QSC orada hansı əsasla parkinqə qiymət tətbiq edib? Qanunla parklanma yerlərində 15 dəqiqə pulsuz dayanmaq olar. Bu, "Yol Hərəkəti Haqqında" qanunda yazılıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin ixtira etdiyi o dayanacaqda isə müddətdən asılı olmayaraq çıxan avtomobillərdən 1 manat alınır".

Həmsöhbətimiz deyir ki, analoji vəziyyət bu gün Beynəlxalq Hava Limanında da müşahidə olunur: "Hava limanının ərazisinə avtomobillə daxil olan şəxs 1 manat pul ödəyir. Dünyanın əksər ölkələrində hava limanının ərazisinə giriş-çıxış pullu deyil. Hava limanı bulvara yaxın deyil ki, orada insanlar avtomobilini park edib bulvara çay içməyə getsinlər. Hava limanı şəhərdən çox kənardır. Buraya sürücülər hava limanına gedən yaxınlarını gətirirlər. Buna görə onlardan 1 manat pul alınır. Eyni təcrübə bu gün Binə və Sədərək ticarət mərkəzlərinin çıxışında da tətbiq edilir".

E.Muradlı bildirir ki, hazırda parkinqlərdən qanunsuz yığımlarla bağlı işə hüquq mühafizə orqanları ilə yanaşı, vergi orqanları da qarışa bilər.

Parkinqlərlə bağlı Sputnik Azərbaycan-ın paytaxtda apardığı müşahidələr də qanunsuzluqların olduğunu təsdiqləyir.

BNA-nın parklanmanın pulsuz olduğunu elan etdiyi ərazilərdə avtomobil sürücülərindən parklanmaya görə qanunsuz ödəniş tələb olunur. Həmin ödənişi tələb edən "parkovşik"lər isə hansı şirkətin nümayəndəsi olduqlarını gizlədirlər.

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Dəmiryol Vağzalının aşağı hissəsində yaratdığı parkinq isə sərnişin və sürücülərin haqlı narazılığına səbəb olub. Burada yaradılmış parkinq avtobusların dayanacağa daxil olmasına maneə yaradır, nəticədə yolda tıxac yaranır.

Qeyd edək ki, hazırda V.Kərimlinin söylədiyinə görə, Bakı şəhərində 15 minə yaxın qanuni parklanma yeri var. 2020-ci ildə 300-ə yaxın məntəqədə 5300-dən çox əlavə parklama yeri təşkil edilib. V.Kərimli deyib ki, Bakıda hamı üçün parklanma yeri salmaq qeyri-mümkündür. Yeganə həll yolu parklanma yerlərinin idarə olunmasıdır. Bununla əlaqədar Agentlik yeni məsləhətçi şirkət cəlb edib. Nəticədə 2028-ci ilə qədər Pirallahıya qədər parklanma siyasəti həyata keçiriləcək.

BNA rəsmisi deyib ki, parklanma yerləri ilə bağlı qiymətlər müvafiq dövlət orqanı ilə razılaşdırıldıqdan sonra yaxın günlərdə açıqlanacaq:

"Bizim strateji hədəfimiz parklanmada dövlətin tənzimləmə rolunu oynamaqdır. İlk dəfə olaraq qiymətlərin şəhər mərkəzilə kənar yaşayış yerlərində olan qiymətlərin diversifikasiyası həyata keçiriləcək. Çünki şəhər mərkəzi ilə yaşayış yerlərindəki parklanma qiymətləri eyni olmamalıdır. Parklanmanı həyata keçirmək üçün nəqliyyat vasitələrinin kimə aid olduğu, harada qeydiyyatdan keçdiyi, insanların hansı ünvanlarda yaşaması kimi məlumatlar şərtdir. Bu detalların alınması bu gün mövcud deyil. Biz bu gün bütün məlumatları küçəbəküçə analiz edirik. Ümumilikdə 8 zona üzrə 11 sosial iqtisadi zonada bölgü aparılıb. Zonaların özü də qiymət faktoruna təsir edən amillərdir".

Onun sözlərinə görə, parklanma ilə bağlı ilkin pilot layihə 6-cı Paralel küçəsində tətbiq ediləcək. Orada fərqli parklanma siyasəti tətbiq edəcəyik. Bundan sonra bu, Bakı şəhərinin mərkəzini və ətraf ərazilərini əhatə edəcək, "parkovşik" məsələsi qalmayacaq. V.Kərimli deyir ki, parklanma üçün qanunsuz pul yığımı əvvəlki dövrlərdən BNA-ya miras qalıb.

21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT
30 Sentyabr 2024 Çörək sevgisi sağlamlığımıza meydan oxuyur: Mütəxəssislərdən həyəcan siqnalı
20 Sentyabr 2024 Qarabağ Universitetindən FOTOLAR

Xəbər lenti