![]() |
|
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Yasamal rayonu, Miкayıl Müşfiq küçəsində (İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinədək) aparılır.
Uzunluğu 810 metr təşkil edən sözügedən hissə üzrə hazırda frezlənmə işləri yerinə yetirilir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Dövlətimizin başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Qubadlı-Eyvazlı avtomobil yoludur.
28,5 km uzunluğa malik Qubadlı-Eyvazlı avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 zolaqlı olmaqla, III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Qubadlı rayonunda çətin relyefə malik dağlıq ərazidən keçərək Eyvazlı kəndinə gedən avtomobil yolu boyunca aparılan geniş miqyaslı tikinti işləri uğurla və yüksək keyfiyyətlə davam etdirilir.
“Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi” layihəsinə uyğun olaraq çətin relyefli dağlıq ərazilərdə öncə servis yolları salınır, daha sonra xüsusi texnikaların köməyi ilə pnevmatik çəkiclərdən istifadə edilməklə qırıcı üsulu ilə qaya süxurları dağıdılaraq yol yatağının layihə səviyyəsinə gətirilməsi və tikintisi icra edilir.
Digər ərazilərdə yararsız qruntun və torpaq yatağının genişləndirilməsi üçün qazma, əks dolğu, dağ yamaclarının kəsilərək və layihə səviyyəsinə gətirilərək yeni yol yatağının inşası icra olunur. Yol yatağının profilə salınması və dolğu işləri artıq son mərhələ üzrə aparılır.
“İnşaat Norma və Qaydaları”na əsasən daha sonra yol əsasının tikintisi istiqamətində işlər aparılır. Lazımi qruntdan istifadə olunmaqla lay-lay kipləşdirilən yol əsasının tikintisi artıq yekunlaşmaq üzrədir.
Qeyd edək ki, yol əsası hazır olan hissələrə artıq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib. 3 laydan ibarət olacaq asfalt-beton örtüyünün 250 min kv.metrdən çox əraziyə döşənməsi nəzərdə tutulub.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik 91 dairəvi boru quraşdırılıb. Dağlıq relyef nəzərə alınaraq, suötürücü boruların diametri 1250 mm və 1500 mm təşkil edir. Bundan başqa layihə boyunca 16 km uzunluğunda drenaj sistemi də inşa edilir.
Layihə üzrə zəruri yerlərdə düzbucaqlı su keçidləri, yolun 9-cu kilometrində 6x12 m və 24-cü kilometrində 5x12 m ölçülərində körpü tipli müxtəlif təyinatlı düzbucaqlı alt keçidləri, yolun 2,5-ci kilometrində 122.4 metr uzunluğa malik 4 aşırımlı və 21-ci kilometrində 66 metr uzunluğa malik 2 aşırımlı avtomobil körpüləri, həmçinin 1 qovşaq da inşa olunub.
Layihə üzrə ümumilikdə görülmüş işin fiziki tərəqqisi 75% təşkil edir.
Xüsusi texnikalardan istifadə olunmaqla görülən işlərin zamanında və keyfiyyətlə yerinə yetirilməsi üçün tikinti ərazisinə lazımı sayda texnika və canlı qüvvə cəlb edilib.
Qubadlı-Eyvazı avtomobil yolu Qubadlı rayonun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün paytaxtın Parlament prospekti (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinədək) və Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) təmir işləri aparılır.
Təmir işləri çərçivəsində Parlament prospektində köhnə asfalt-beton örtüyünün frezlənməsi, frez materialının kənara daşınması işləri icra olunur. Afiyəddin Cəlilov küçəsində isə frezlənmə işləri tam olaraq yekunlaşıb, hazırda yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq aparılır.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq aparılan təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün ərazilərə lazımi sayda qüvvə cəlb edilib.
Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər davam etdirilir. Bu çərçivədə Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinədək) təmir işlərinə start verilib.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi, piyada səkilərinin yenilənməsi işləri yerinə yetirilir.
Qeyd edək ki, işlərin aparıldığı ərazidə hərəkət tam məhdudlaşdırılmır. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilir.
Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN..
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası uğurla davam etdirilir.
Bu istiqamətdə mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də inşası davam etdirilən Xankəndi-Şuşa-Laçın avtomobil yoludur.
Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.
Yol üzərində 2 körpü, 4 tunel, 73 ədəd müxəlif ölçülü və diametrli suötürücü boruların inşası nəzərdə tutulub. Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında, uzunluğu 540 metr olan ikinci tunelin çıxış portalında qazma işləri davam etdirilir.
Eyni zamanda layihə üzrə kommunikasiya xətlərinin köçürülməsi işləri də həyata keçirilir.
“İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilən layihənin icrası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır.
Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Xankəndi-Şuşa-Laçın avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.
YOLUNUZ AÇIQ OLSUN…
Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Bu çərçivədə M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 69-cu km-də yolun hər iki hərəkət istiqaməti üzrə (Qaradağ rayonu, Ələt qəsəbəsindən keçən hissə) iki yerüstü piyada keçidinin tikintisi aparılır.
Layihə üzrə keçidlərin uzunluqları 30 metr, hərəkət hissələrinin eni 3.5 metrdir. Yol səviyyəsindən hündürlükləri 5.5 metr təşkil edən keçidlər torşəkilli metal konstruksiyadan ibarətdir.
Artıq keçidlərin platformalarının quraşdırılması işləri aparılıb.
İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçidlərdə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Salyan rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yollarının yenidən qurulması layihəsinin icrası son mərhələdə olmaqla davam etdirilir.
Sözügedən kəndlərə gedən yolların ümumi uzunluğu 33 km təşkil edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Yolların eni 8.5-9 metrə qədər genişləndirilib. Bura 6 metr hərəkət hissə və 1-1.5 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
5.5 km hissəsi yararsız asfalt, 27.5 km hissəsi isə torpaq əsasdan ibarət olan yollarda layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılıb, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa edilib. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yeni yol əsasının tikintisi yerinə yetirilib və aşınma qatı istisna olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşıb.
Layihə üzrə həmçinin suvarma və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud metal və dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb.
Hazırda yol çiyinlərinin bərkidilməsi işləri icra olunur.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan avtomobil yollarının yenidən qurulmasında məqsəd yolboyu yaşayan 16 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaq, kənd təsərrüfatının inkişafına təkan verməkdir.
Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanı və avtobus dayanacaqların quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşlarımızın istifadəsinə veriləcək.
YOLUNUZ AÇIQ OLSUN…
Yol-xeber.az" xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) iyun ayının 14-dən etibarən İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu qatarları Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişinlərin istifadəsinə verir. 2019-cu ildə ADY ilə şirkət arasında imzalanmış müqaviləyə əsasən alınmış 10 müasir qatardan dördü artıq ölkəmizdədir və test yürüşlərini tamamlayıb.
Həmçinin sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə ADY sürətli sərnişin qatarlarına ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında da dayanacaq verir. Bu, Ağdaş rayon sakinləri üçün açılan artıq ikinci stansiyadır. Beləliklə, həmin ərazilərdə yaşayan daha 200 minə yaxın vətəndaşın müasir “Stadler” qatarlarından istifadə etməklə səfərlərini rahat və təhlükəsiz təşkil edə bilməsi üçün imkan yaranacaq.
Bundan başqa, ADY Qərb bölgəsinin sakinlərindən daxil olan müraciətləri nəzərə alaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayını iki dəfəyədək artırır. Belə ki, sürətli qatarlar artıq hər gün səhər və axşam saatlarında həm Bakıdan, həm də Ağstafadan hərəkət edəcək. Bu da xətt üzrə təkcə Bakı şəhərindən Qərb istiqamətində gedən sərnişinlərin yox, eyni zamanda əks istiqamətdən Bakı şəhərinə gələn sərnişinlərin rahatlığını təmin edəcək.
Məlumat üçün bildirək ki, yeni istismara verilmiş birmərtəbəli qatarların hər biri 5 vaqondan ibarətdir və sərnişin tutumu 270 nəfərdir. Yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunmuş qatarlarda standart, standart plyus, biznes və birinci sinif yerlər mövcuddur.
Xidmət keyfiyyətinin yüksəldilməsi baxımından qatarlar geniş bar-vaqon salonuna malikdir və hər bir sərnişin rahatlıqla bu salonun xidmətindən istifadə edərək isti və soyuq içkilər, qəlyanaltılar əldə edə bilər.
Sərnişindaşımada hər kəsə bərabər imkanlar yaratmağı hədəfləyən ADY inklüziv cəmiyyət prinsiplərinə xüsusi önəm verir, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyata keçirir. Yeni qatarlarda da fiziki imkanları məhdud şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlər təklif olunur.
Belə ki, istər oturacaqlarda nömrələmə sistemi, istərsə də digər məlumat lövhələrində yazılar brayl əlifbasında da təqdim olunur, xüsusi giriş qapısı, sanitar qovşaq, oturacaqlar nəzərdə tutulub. Həmçinin onlayn bilet alışı zamanı sərnişinlərimiz üçün rəsmi saytımızda müyəssərlik menyusu seçimi yaradılıb. Müyəssərlik menyusu epilepsiya, disleksiya, görmə qabiliyyəti məhdud, koqnitiv pozğunluğu olan istifadəçilər, bir sözlə, sağlamlıq imkanları məhdud sərnişinlər üçün nəzərdə tutulub. Həmin şəxslər menyuya daxil olmaqla saytın görünüşünü, kontrastını, mətnin ölçü və aralığını dəyişərək öz fərqliliklərinə uyğunlaşdıra bilərlər.
Ekoloji məsuliyyətini artırmaq baxımından davamlı işlər görən ADY infrastruktur quruculuğunda təbiətə mənfi təsirlərin minimuma endirilməsi, tullantı sularının səmərəli idarə olunması, təmiz enerji mənbələrindən istifadə, həmçinin kağız əsaslı əməliyyatların rəqəmsallaşdırılması istiqamətində dayanıqlı həllər təklif edir.
Bu istiqamətdə ilk addımlardan biri Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən qatarlara kağız biletlərin satışının dayandırılması olub. Sərnişinlərə bütün marşrutlar üzrə səfərlərini daha rahat təşkil etməyə imkan yaradan “ADY Mobile” tətbiqi istifadəyə verilib. Həmçinin sərnişinlərin “Google Pay və “Apple Pay” kimi ödəniş üsullarından istifadə etməklə onlayn bilet ala bilməsi üçün aparılan işlər son mərhələdədir. Görülmüş işlərin nəticəsində bu gün sərnişinlərin təxminən 70%-i səyahət ödənişlərini onlayn qaydada həyata keçirir. Bundan başqa, qatarlarda və stansiyalarda ödənişsiz “Wi-Fi” zonalarının yaradılması istiqamətində müvafiq addımlar atılır.
Qeyd edək ki, son illər ADY-də keçirilən islahatlar nəticəsində sərnişindaşıma xidmətində yüksək artım tempi müşahidə olunur. Bu ilin 5 ayında şəhərətrafı və ölkədaxili marşrutlarla 3,3 milyona yaxın sərnişin rahat və təhlükəsiz mənzilbaşına çatdırılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21% çoxdur. ADY-nin yeni alınmış qatarlarının istismara cəlb olunması sərnişindaşıma xidmətinin daha da təkmilləşdirilməsi və statistik nəticələrin artımına səbəb olacaq.
Xatırladaq ki, 2023-cü ildə ilk dəfə olaraq il ərzində 7 milyon sərnişin daşınıb. Bu göstərici pandemiyadan öncəki ölkədaxili və beynəlxalq daşımaların ümumi statistikasına nisbətdə iki dəfədən çoxdur.
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə daha bir yerüstü piyada keçidi inşa edilir.
Yeni yerüstü piyada keçidi M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 266.6-cı km-də tikilir.
Metal konstruksiyalı olan keçidin uzunluğu 46 metr, eni 3.2 metr, yol səviyyəsindən hündürlüyü isə 5.5 metr təşkil edir.
Layihə üzrə artıq keçidin platformasının quraşdırılması işləri aparılıb.
Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının quraşdırılması, keçidin ətrafında abadlaşdırılma işlərinin aparılması nəzərdə tutulub.
Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
YOLUNUZ AÇIQ OLSUN...