|
Yol-xeber.az" xəbər verir ki, Beyləqan rayonunda Gödəklər-Sarısu-Qəhrəmanlı-Allahyarlı-Bünyadlı avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması davam edir.
7 yaşayış məntəqəsini əhatə edən 36 km-lik sözügedən avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir.
Uzun müddət istismar nəticəsində deformasiyaya uğramış sözügedən avtomobil yolunun nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yarandığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi.
Layihənin uzunluğu 8 km olan Allahyarlı və 5.2 km uzunluğa malik Sarısu hissələri üzrə aparılan yenidənqurma işləri çərçivəsində örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Karxana çınqılı materialından torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri görülüb. Bu hissələrdə suvarma və qrunt sularının ötürülməsi üçün suötürücü boruların tikintisi aparılıb, yeni yol əsası inşa olunub, yeni asfalt-beton örtüyü döşənib.
Layihə üzrə uzunluğu 15.6 km olan Qəhrəmanlı hissəsində də yenidənqurma işlərinə start verilib. Hazırda bu ərazidə torpaq işləri icra olunur.
Yolun ümumi uzunluğu 7.2 km təşkil edən Gödəklər-Bünyadlı hissəsində hazırda köhnə örtüyün frezlənməsi işləri aparılır.
“İnşaat Norma və Qaydaları”na əsasən asfaltlanma işləri yekunlaşdıqdan sonra yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə üfüqi nişanlanma xətləri çəkiləcək, yol nişanları, zəruri yerlərdə avtobus dayanacaqları, km göstəriciləri quraşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan yenidənqurma işləri sözsüz ki, təkcə 17 min əhalin yaşadığı yaşayış məntəqələrinə rahat gediş-gəlişin təmin edilməsinə deyil, həm də kənd təsərrüfatının inkişafına şərait yaradacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Bakı şəhəri Azadlıq prospektinin yan yolunda (Ziya Bünyadov prospektindən Nəcəf Nərimanov küçəsinədək) aparılan təmir işləri yekunlaşıb.
Cari təmir çərçivəsində uzunluğu 120 metr təşkil edən sözügedən hissədə köhnə və yararsız asfalt-beton örtüyü frezlənib, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Təmir işləri 1340 kv.m-ə yaxın sahəni əhatə edib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Neftçala rayonunun Xanməmmədli–Qaçaqkənd–Qırmızıkənd–Xol Qarabucaq–Xəzər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 15 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrasına start verilib.
Uzunluğu 42 kilometr olan avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Yolun 30 km uzunluğa malik Xanməmmədli–Xol Qarabucaq–Xəzər hissəsi yararsız asfalt örtük, uzunluğu 12 km təşkil edən Qaçaqkənd–Qırmızıkənd hissəsi isə torpaq əsasdan ibarət idi.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yolun torpaq əsaslı ərazisində deformasiyaya uğramış hissələr və yararsız örtük qazılaraq çıxarılır, yolun normativ eninin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülür.
Yolun yararsız asfalt-beton örtükdən ibarət olan hissəsində isə hazırda yararsız örtüyün sökülməsi işləri aparılır.
Layihə çərçivəsində yolun Qaçaqkənd, Qırmızıkənd və Xol Qarabucaq hissələrində mövcud körpülərin təmiri də nəzərdə tutulub.
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların, boru başlıqlarının və istinad divarlarının tikintisi işləri icra olunacaq.
Layihənin sonuncu mərhələsində yola yeni asfalt-beton örtüyünün döşənməsi, hərəkətin normal təşkili üçün yol nişanlarının, km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.
Avtomobil yollarının yenidən qurulması yolboyu yaşayan minlərlə vətəndaşın rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Salyan rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi magistralını Şorsulu, Boranıkənd, Seyidlər, Dayıkənd, Sarvan, Bəydili, Qızılağac və Alçalı kəndləri ilə birləşdirən avtomobil yolları əsaslı şəkildə yenidən qurulur.
Sözügedən kəndlərə gedən yolların ümumi uzunluğu 33 km təşkil edir.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan avtomobil yollarının yenidən qurulmasında məqsəd yolboyu yaşayan 16 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaq və bununla da iqtisadiyyatın inkişafına təkan verməkdir.
Layihə üzrə işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Yolların eni 8.5-9 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 1-1.5 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
5.5 km hissəsi yararsız asfalt, 27.5 km hissəsi isə torpaq əsasdan ibarət olan yollarda layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılır, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır.
Artıq sadalanan işlər layihənin 4 km uzunluğa malik Boranıkənd hissəsində yekunlaşıb. Ardıcıllığa uyğun olaraq hazırda bu hissədə yol əsasının tikintisi icra olunur. Sözügedən yolun 2 km-lik hissəsində əsasın alt qatı artıq inşa edilib.
Layihənin ümumi uzunluğu 3 km təşkil edən Dayıkənd və Sarvan kəndləri hissələrində torpaq işləri, yararsız qruntun qazılması, torpaq yatağının genişləndirilməsi işləri davam edir. 2.5 km uzunluğa malik Şorsulu kəndi hissəsində isə qazıntı işləri icra olunur.
Layihə üzrə kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə mövcud metal və dəmir-beton boruların bərpası zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır.
Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanı və avtobus dayanacaqların quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Masallı rayonunda respublika əhəmiyyətli Masallı dəmir yolu stansiyası avtomobil yolunun 4-cü km-dən ayrılan Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam edir.
Ümumi uzunluğu 38 km olan avtomobil yollarının eni 10 metrə qədər genişləndirilir.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 27 yaşayış məntəqəsində yaşayan 51 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə, həmçinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur
Layihə üzrə yolun Ləngan (1.4 km), Əhmədli (1.4 km) hissələri üzrə torpaq işləri və yol əsasının alt layının vurulması işləri icra olunub. Təklə-Mollahəsənli (2 km) hissəsində isə torpaq işləri və yol əsasının alt layının tikintisi bitib.
Yolun Həsənli-Köçəkli (6.9 km) hissəsində hazırda torpaq işləri, suötürücülərin inşası və yol əsasının tikintisi işləri aparılır.
Layihənin Qədirli-Xallıcalı (3 km) hissəsində torpaq işləri, yol əsasının alt layının tikintisi yekunlaşıb, suötürücülərin inşası isə son mərhələdə olmaqla davam edir.
Yolun Təklə-Viləş (9 km) hissəsində hazırda yol əsasının alt layı inşa olunur. Qeyd edək ki, layihənin bu hissəsi III və IV texniki dərəcəyə uyğun olaraq tikilir.
Hüseynhacılı-Öncəqala (9 km) hissəsində ardıcıllığa uyğun olaraq torpaq işləri, suötürücü boruların quraşdırılması, yol əsasının tikintisi və asfaltlanma işləri yekunlaşıb. Sözügedən hissədə müxtəlif ölçülü 13 dəmir və 13 dəmir-beton suötürücü boru tikilib.
Aparılan işlər çərçivəsində layihənin Təklə-Viləş hissəsində Viləş, Taxta və Ağqobu çayları üzərində yerləşən mövcud avtomobil körpülərinin cari təmiri də icra olunacaq.
“İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Dağlar qoynunda yerləşın Laçın şəhəri 30 ilə yaxın düşmən əsarətində qalsa da, əzəmətini itirmədi və öz doğma sahiblərini gözlədi. İndi azad Laçın gündən-günə gözəlləşir.
Laçında aparılan tikinti-bərpa işləri sürətlə davam edir. Şəhərin işıqlandırılması da xüsusi nəzarətdə saxlanılır. Şəhərdaxili yolların, məhəllələrin çil-çırağı Laçının gecələrinə işıq saçır. Şəhərin yollarına yüksək nöqtədən nəzər saldıqda, sanki qızılı rəngə boyanmış çay təsvir olunub.
Mənbə: AZƏRTAC
Yol-xeber.az" xəbər verir ki, İmişli rayonunda Ağsu-Kürdəmir-Bəhrəmtə avtomobil yolunun 71-ci km-dən ayrılan Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli marşrutu üzrə avtomobil yollarının yenidən qurulması davam edir.
Ümumilikdə 5 yaşayış məntəqəsinin 8 mindən çox əhalisinin istifadə etdiyi sözügedən yolların ümumi uzunluğu 43.5 km-dir. IV teniki dərəcəyə uyğun yenidən qurulan yolların hərəkət hissəsinin eni müvafiq olaraq 6, ümumi eni ortalama 10 metr təşkil edəcək.
Uzun illər təmir olunmadan istismar olunduğundan və təbii faktorların təsirindən torpaq əsaslı yollar yararsız vəziyyətdə idi. Bu isə payız-qış mövsümündə vətəndaşların hərəkətində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu.
Yenidənqurma işlərinə ilk olaraq layihənin uzunluğu 24 km təşkil edən Ağamalılar hissəsindən başlanılıb. Yolun bu hissəsində torpaq işləri, yararsız qruntun qazılması, bitki qatının çıxarılması, çay daşlarından istifadə edərək yol yatağının layihə səviyyəsinə qaldırılması və genişləndirilməsi işləri aparılıb. Ardıcıllığa uyğun olaraq hazırda yol əsasının alt və üst layının tikintisi icra olunur. Artıq sözügedən yolun 10 km-lik hissəsində sadalanan işlər və asfalt örtüyünün alt layının döşənməsi işləri yekunlaşıb.
Yenidənqurma işləri layihənin 5 km-lik Məmmədli hissəsində də davam edir. Bu hissə üzrə də artıq asfaltlanma işlərinə start verilib. Layihənin Əlyetməzli hissəsində isə hazırda torpaq işləri icra olunur.
Yenidənqurma işləri çərçivəsində yolun Ağamalılar və Məmmədli hissəsində suların ötürülməsi üçün mövcud suötürücü boruların təmiri, yeni boruların quraşdırılması yekunlaşıb, yolun Ağamalı və Əliyetməzli kəndləri ərazisində isə mövcud avtomobil körpülərinin təmiri davam edir.
Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun olaraq aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Avtomobil yollarının yenidən qurulması 5 yaşayış məntəqəsinə rahat gediş-gəlişi təmin edəcək, kənd təsərrüfatının inkişafına şərait yaradacaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində İsa bulağı küçəsi təmir olunur.
Təmir işləri sözügedən küçənin Akademik Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski prospektinə qədər olan 240 metrlik hissəsində icra olunur.
Ortalama eni 7 metr təşkil edən küçədə təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, 690 p/metr səki və bordür daşlarının yenilənməsi, 890 kv.metr piyada səkilərin bərpası işləri aparılıb.
Küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı şəkildə aparılır. Yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri yekunlaşdıqdan sonra qazılmış hissədə əks-dolğu işləri icra olunaraq və küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənəcək.
Təmir işləri çərçivəsində küçəboyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də aparılacaq.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
İşlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56.4 km təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Yolların ümumi uzunluğu isə 70.4 km-dir.
Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla, 0-46.2 km-lik hissəsi I, 46.2-56.4 km-lik hissəsi isə II texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda yolun genişləndirilərək profilə salınması və 21.5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 16.5 metr təşkil edəcək.
Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 20.4-56.4 km-lik hissəsində torpaq yatağı işləri davam etdirilir. Yol yatağı hazır olan 20.4 km-lik hissədə yol əsasının tikintisi işləri yekunlaşdırılıb və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
Yolun Xanlıq istiqamətində olan 14 km-lik hissəsində torpaq işləri, boru və keçidlərin, körpülərin, istinad divarlarının tikintisi, topoqrafiya və layihələndirmə işlərinin icrası davam edir. Sözügedən yolun ilk 11 km-lik hissəsi I, 11-14 km-lik hissəsi isə II texniki dərəcəyə uyğun tikilir.
Yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin əsas yolun 10, 22, 32 və 43-cü km-də, yanaşma yolun 35-ci km-də, həmçinin Qubadlı şəhərinə gedən avtomobil yolunun 1-ci km-də layihə üzrə nəzərdə tutulan körpülərin inşası aparılır. Körpülər üzrə artıq 42.5% işlərin icrası yekunlaşıb. Bundan başqa Xanlıq-Qubadlı yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi işləri də davam etdirilir.
Artıq layihə üzrə 80 dairəvi, 31 düzbucaqlı boru və 13 yeraltı keçid tikilib, 3105 metr istinad divarı da inşa olunub.
Layihə üzrə ümumi uzunluğu 2397 m-lik 8 ədəd tunel inşası da nəzərdə tutulur. Hazırda T-1 və T-2 tunelərində qazma və qrunt bərkitmə işləri davam edir.
“İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilən layihə üzrə 501.8 min kub.metr ərazidə bitki qatının çıxarılması, 6.1 milyon kub.metr həcmində qazma işləri aparılib, 3.0 milyon kub.metr həcmində isə dolğu işləri icra olunub.
Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.
YOLUNUZ AÇIQ OLSUN...