|
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi, artırılması, ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planının icrasının təmin edilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil yollarının mühafizə zolağında yaşıllıqların salınması və bərpası məqsədilə aparılan işlər sürətlə davam etdirilir.
Bu istiqamətdə Agentliyin Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin xidməti ərazisi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun 35,0 - 40,0-cı km-də 8500 ədəd şam ağacı və digər yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Belə ki, torpaqda yumşaltma işləri aparılıb, alaq otları və kollar sahədən götürülüb, yaşıllıqlar suvarılıb və mineral gübrə ilə yemləmə, habelə xəstəlik və zərərvericilərdən mühafizə üzrə profilaktik və fitosanitar mübarizə tədbirləri icra olunub.
Qeyd edək ki, bu tədbirlərin vaxtlı-vaxtında və aqrotexniki müddətlərdə aparılması yaşıllıqların bioloji inkişaf faizinin yüksəlməsinə və normal inkişaf etməsinə şərait yaradır. Yaşıllıqlara qulluğun müddəti, üsulu və təkrar olunması bitmə şəraitində yetişdirilən ağac və kol cinslərinin bioloji xüsusiyyətindən, torpaq hazırlığı üsulundan, yaşıllıqların yaradılması metodundan və əkin materialının ölçüsündən asılı olaraq müəyyən edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil yollarının ayırıcı və mühafizə zolaqlarındakı yaşıllıqlara aqrotexniki qaydalara uyğun qulluq edilməsi, yeni yaşıllıqların salınması, mühafizəsinin gücləndirilməsi tədbirləri mütamadi olaraq həyata keçirilir.
Yol-xeber.az" xəbər verir ki, Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.
Sözügedən yolda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “10 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.
Qısa müddət ərzində Dəmiraparançayın sağ sahilindən alternativ yol ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəliş təmin olunub.
Hazırda mövcud yolun bərpası istiqamətində işlər davam etdirilir.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, M3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulması davam edir.
2-ci texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilən yolun uzunluğu 71 km təşkil edir. Avtomobil yolu 2 hərəkət zolaqlıdır, torpaq yatağının eni 15 metrə qədər genişləndirilir, bura 7.5 metr hərəkət hissə daxildir.
Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular, suötürücü borular və 7 avtomobil körpüsü yenidən inşa olunur.
Layihə çərçivəsində hazırda torpaq işləri icra olunur. Avtomobil yolunda yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirmə işləri görülür. Yol yatağı hazır olan hissələrdə yol əsasının inşasına start verilib.
Bununla yanaşı atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik suötürücü dairəvi və düzbucaqlı borular inşa edilir. Artıq 37 suötürücü borunun tikintisi yerinə yetirilib. Layihə üzrə 6 körpünün inşası isə davam edir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Yenidənqurma işlərinin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur.
Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 km, Kəlbəcər-İstisu 26 km təşkil edir. Toğanalı-Kəlbəcər layihənin 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır.
Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. Əlavə olaraq 561.2 m, 626.9 m, 480 m və 947.90 m uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir.
Sol və sağ hissələrdən ibarət olan, sol hissəsi 11 699.6 metr, sağ hissəsi isə 11 678.7 metr (ümumi uzunluğu 23 378.3 metr) uzunluğa malik olacaq Murovdağ tunelinin (Tunel №3) sol hərəkət istiqaməti üzrə ümumilikdə 5780 metr qazma və püskürtmə işləri, 2 937 metr isə kəmər betonu işləri tamamlanıb, sağ istiqamət üzrə isə ümumilikdə 5 990 metr qazma və püskürtmə işləri, 896 metr isə kəmər betonu işləri tamamlanıb. Bundan başqa Murovdağ tunelinin daxilində sağ və sol hissələri birləşdirən 18 bağlantı yolu (keçid tunel) inşa edilib və yeni bağlantı yolların inşası istiqamətində işlər davam etdirilir.
561.2 m uzunluğunda olan Tunel №1-də, 626.9 m uzunluğunda olan Tunel №2-də və uzunluğu 480 m təşkil edən Tunel №4-də artıq qazma, püskürtmə və kəmər betonu işləri tamamlanıb. Uzunluğu 947.9 metr olan Tunel №5-də isə qazma və püskürtmə betonu işləri tamamlanıb, kəmər betonu işləri isə davam etdirilir.
Dövlət başçısının tapşırığına əsasən, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Murovdağ tuneli olan hissədə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır. Layihə üzrə I dərəcəli yolun ümumi uzunluğu 14.2, II dərəcəli yolun ümumi uzunluğu 34.8 km, III dərəcəli yolun ümumi uzunluğu isə 33 km təşkil edir.
Layihə üzrə ümumi uzunluğu 2 968 metr olan 6 qovşağın və ümumi uzunluğu 5 600 metr olan 36 bağlantı yolun tikintisi də nəzərdə tutulub.
Yolun Toğanalı-Kəlbəcər hissəsində hazırda ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu, həmçinin süni qurğuların tikintisi işləri davam edir. Qazma və dolğu işləri 56% tamamlanıb. Tamamlanmış hissələrdə yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Yolun Kəlbəcər-İstisu hissəsində isə müəyyən hissələr üzrə ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri, süni qurğuların tikintisi işləri davam edir.
Layihə çərçivəsində 164 (3 437 m) dairəvi borunun, 118 (3 541 m) düzbucaqlı borunun, 1 (28 m) heyvan keçidinin, 18 (6 229 m) U tipli və düzbucaqlı suötürücü qurğunun, 2 433 m trapez kanalın, 64 534 m2 Geoerme divarın, 5 363 m istinad divarının, 36 346 m daş divarın (iksa/istinad) tikintisi nəzərdə tutulub.
Sadalanan işlər üzrə artıq 50 dairəvi, 47 düzbucaqlı borunun, 1 heyvan keçidinin, 9 U tipli və düzbucaqlı suötürücü qurğunun, 9 561 m daş divarın və 4 854 m istinad divarının, 1057 m trapez kanalın və 43 581 m2 Geoerme divarın tikintisi yekunlaşıb.
Ümumilikdə layihə üzrə fiziki işlərin tərəqqisi 41% təşkil edir.
Qeyd edək ki, tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən aparılır. Tərtib olunmuş qrafikə uyğun layihənin vaxtında yekunlaşdırılması məqsədilə Agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.
BÜTÜN YOLLAR QARABAĞA APARIR...
Yol-xeber.az" xəbər verir ki, Siyəzən rayonunda Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Yenidənqurma işləri çərçivəsində 27 km uzunluğa malik yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Avtomobil yolu 9 yaşayış məntəqəsini əhatə edir. Torpaq əsaslı yol kəndlər arasında nəqliyyat əlaqəsini çətinləşdirir, gediş-gəlişdə problemlərə səbəb olurdu. Əsaslı şəkildə bərpasına ehtiyac olan yolun eni 7 metrə qədər genişləndirilib.
Layihə üzrə yolun profilə salınması, bitki qatının təmizlənməsi, yolun normativ eninin alınması üçün torpaq yatağının genişləndirilməsi, suların ötürülməsini təmin edən suötürücü dəmir-beton boruların bərpası və inşası, yol əsasının tikintisi işləri tam olaraq icra olunub.
“İnşaat Norma və Qaydaları”na uyğun texnoloji ardıcıllıqla həyata keçirilən işlər çərçivəsində hazırda yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü salınır. Artıq yolun təxminən 3 km-dən çox hissəsində asfaltlanma işləri də yekunlaşıb.
Layihənin sonunda yolboyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanlarının, km göstəricilərinin və məlumatverici lövhələrin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri görüləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma işlərinin təyin olunmuş vaxtda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində Firdovsi Məmmədov küçəsində aparılan təmir işləri yekunlaşıb.
Uzunluğu 401 metr təşkil edən sözügedən küçənin eni 9 metrdir.
Asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar küçəboyu hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Bundan başqa mövcud piyada səkilərinin dağılmış vəziyyətdə olması vətəndaşların yolun kənarı ilə rahat şəkildə hərəkətinə maneə yaradırdı. Aparılmış təmir işləri ilə sözügedən problemlər tam olaraq aradan qaldırılıb.
Təmir çərçivəsində küçəyə 921 p/m bordür düzülüb, 666 kv.m sahədə piyada səkiləri bərpa olunub, frezlənmə və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.
Aparılan təmir işləri 3930 kv.m-ə yaxın sahəni əhatə edib.
Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa edilib, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəzlənib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, son mərhələdə küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
YOLUNUZ AÇIQ OLSUN...