Yol-xeber.az-ın məlumatına görə, Ölkədə yol infrastrukturunun yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində cari ildə inşası və əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı kompleks tədbirlər davam etdirilir.

 

Bu istiqamətdə Goranboy rayonunun Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib.

 

14 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolunun uzunluğu 16 kilometrdir.

 

Sözügedən  yolun torpaq və çınqıl örtüklü olması yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirdiyi, əhalinin rahat gediş-gəlişinə maneə yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Bu üzdən dövlət başçısının sərəncamı ilə burda təxirəsalınmaz tədbirlərin icrasına başlanılıb.

 

Avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun layihə üzrə hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edəcək.

 

Layihə çərçivəsində yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb. Bundan başqa torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilib. Daha sonra yol əsasının alt və üst layının tikintisi işləri aparılıb.

 

Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdən olduğu üçün yol boyu su keçidlərinin, müxtəlif diametrli dəmir-beton su ötürücü boruların tikintisi işləri də yerinə yetirilib.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun 11-ci km-də mövcud olan 2 ədəd bir aşırımlı körpülərin əsaslı şəkildə təmiri də layihə çərçivəsində icra olunub.

 

Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işlərinə başlanılacaq. Bunun üçün 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə icra olunan layihənin sonuncu mərhələsində yol boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, km göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.

 

Sözsüz ki, aparılan işlər yol boyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, həmçinin yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.

 

 

 

YOLUNUZ AÇIQ OLSUN...

 

 
 

 

Yol-xeber.az-ın məlumatına görə, Bosniya və Herseqovina Respublikasında Neretva çayı üzərində tikilən Poçiteli körpüsünün inşası hazırda Balkan yarımadasında diqqət çəkən tikinti məkanıdır. Xüsusən də bu işlərin icrasında peşəkar fəaliyyəti ilə seçilən “AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyəti indi Avropada Azərbaycan brendinə çevrilib. Şirkət Bosniya və Herseqovinada iki layihənin icrası ilə məşğuldur.

Qeyd edək ki, Poçiteli körpüsü uzunluğu 147 metr olan 5 əsas aşırım və uzunluğu 105 metr olan 2 kənar aşırımdan ibarətdir. Cəmi uzunluq 945 metrdir. Dayaqların ən qısası 66, ən hündürü 97 metr hündürlüyündədir.

Sabac körpüsü

Yol-xeber.az-ın məlumatına görə, Serbiya Respublikasında Ruma-Sabac-Loznica yolu layihəsinə 19 Noyabr 2019-cu il tarixində Serbiya Respublikasının Prezidenti Aleksandr Vucicin iştirakı ilə Baş Nazirin müavini və Tikinti, nəqliyyat və infrastruktur naziri Zorana Mixaylovic və “AzVirt” MMC-nin Baş direktoru Kamil Əliyev tərəfindən müqavilənin imzalanması ilə start verilib. Layihənin hər 3 LOT üzrə icrasına dair işlər aparılır. Daha çox diqqət çəkən isə LOT2-də Sava çayı üzərindən çəkilən 1,4 km-ə yaxın uzunluqda olacaq Sabac körpüsüdür. Bu körpünün inşasına 2020-ci il iyun ayından başlanılıb. Hazırda ayrı-ayrı sahələrdə armatur torların düzülməsi və beton aşırımların inşası davam etdirilir.

Yol-xeber.az-ın məlumatına görə, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişini təmin etmək, kənd təsərrüfatı və turizmin inkişafını sürətləndirmək məqsədi ilə respublikanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı İsmayıllı rayonunda son iki il ərzində bir-neçə kəndlərarası avtomobil yolu yenidən qurulub.

Cari ildə isə İsmayıllı rayonunun Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 4 minə yaxın əhalinin yaşadığı 3 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının, xüsusən də üzümçülüyün inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihəsinin icrası həyata keçirilir.

Uzunluğu 13 kilometr olan Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolu uzun müddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi, çiyinlər atmosfer yağıntıları nəticəsində yuyulmaya məruz qaldığından aşağı, yolun bəzi hissələrində isə torpaq yatağı təbii relyef ilə eyni səviyyədə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan torpaq və çınqıl örtüklü olan yol 5-ci texniki dərəcədən 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər çərçivəsində yollar boyu torpaq yatağının deformasiyaya uğramış hissələri və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə işləri aparılıb, qazılmış və genişləndirilmiş hissələrə, həmçinin yolun torpaq yatağının bərpası və yerin təbii relyef səviyyəsindən qaldırılması üçün yararlı material tökülərək kipləşdirmə işləri görülüb ardınca isə yeni yol yatağı inşa edilib.

Torpaq işlərinə paralel olaraq yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni boruların tikintisi işləri icra olunub.

Bunun ardınca layihədə nəzərdə tutulmuş qarışıqlardan istifadə olunmaqla yol əsasının inşası və yollar boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə tikintinin aparıldığı sahə 130 min kv.m-dən çox ərazini əhatə edib. Artıq yolun asfalt-beton örtüyünün tikintisi bitib, hazırda yol çiyinlərinin bərkidilməsi işləri davam etdirilir.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkil üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.

Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunun yenidən qurulması 3 mindən artıq əhalisi olan 3 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də kənd və qəsəbələri birləşdirən yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasıdır.

YOLUNUZ AÇIQ OLSUN...

 
 

Yol-xeber.az-ın məlumatına görə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir.


 
Layihədə tikinti işləri 5 hissə üzrə aparılır.

 

 1-ci lot yeni yolun 0-29.9, 2-ci lot 29.9-53.5, 3-cü lot 53.5-73.5, 4-cü lot 73.5-92-ci  və 5-ci hissə isə 134.700-192.618 km-lik hissələrini əhatə edir.

 

Avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb və layihə üzrə 2 yol qovşağı, 1 yol ötürücüsü, 1 kanal körpüsü, 4 düzbucaqlı yeraltı avtomobil keçidi, 33 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, müxtəlif köçürülmə işləri yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min p/m beton baryerlərin tikintisi icra olunub.


Hazırda işlər digər lotlar üzrə davam etdirilir. Belə ki, 2-ci lot boyu yararsız material qazılıb çıxarılıb, geri dolğu işləri aparılıb, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri görülüb. Yeni magistral yolun sözügedən hissəsində artıq nəzərdə tutulan körpülərin suötürücü boruların və tunellərin tikintisi üzrə 100 % işlər yekunlaşdırılıb.

 

Layihənin 3-cü lotu üzrə də həmçinin ərazinin təmizlənməsi, qazma və dolğu işləri həyata keçirilir. Nəzərdə tutulan suötürücü boruların, mal-qara keçidlərinin və yol ötürücülərin inşası davam etdirilir.

 

4-cü lot üzrə isə hazırda torpaq işləri və suötürücü boruların quraşdırılması və lot boyu nəzərdə tutulan körpülərin inşası işləri icra olunur.


Tikinti layihəsinə uyğun olaraq yol yatağı hazır olan hissələrdə yol əsasının alt  və üst layının tikintisi işlərinə başlanılıb. Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində yolun asfaltlanması işlərinə start veriləcək .

 

Tikinti işləri yeni magistralın 5-ci, Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən hissəsi üzrə sonuncu mərhələdə davam etdirilir. Bu hissədə isə yeni yol yatağı və əsasın tikintisi, süni qurğuların inşası işləri yekunlaşıb. Hazırda sözügedən hissədə asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunur. Yeni istiqamət üzrə inşa edilən və mövcud magistral avtomobil yolundan 13 km qısa olan sözügedən hissənin uzunluğu isə 58 km-dir.


Qeyd edək ki, yeni inşa edilən 150 km-lik yol boyu ümumilikdə 39 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 514 müxtəlif diametrlərdə dairəvi beton suötürücünün və ehtiyat boruların, 43 düzbucaqlı suötürücü boruların, 20 avtomobil və mal-qara keçidinin tikintisi, həmçinin müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub.


Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi işləri aparılacaq.


Qeyd edək ki, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun  yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.
 

 

YOLUNUZ AÇIQ OLSUN..

 
 

Yol-xeber.az-ın məlumatına görə, Dövlət başçısının vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində verdiyi tapşırığa əsasən Bakı şəhərində təmirə ehtiyacı olan küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam etdirilir. 2021-ci ilin “İnvestisiya Proqramı”na əsasən Nizami rayonu üzrə nəzərdə tutulan təmir işləri tam şəkildə icra olunub.

 

Cari ilin “İnvestisiya Proqramı”na əsasən Bakı şəhəri, Nizami rayonunda ümumi uzunluğu 5.5 km olan 7 küçə və yolda təmir işləri aparılıb.

 

Bu Rizvan Teymurov küçəsinin 1200 metr, Əlif Hacıyev küçəsinin 500, Əzim Əzimzadə küçəsinin 700,  Cəmşid Naxçıvanski küçəsin 1000, Bəhruz Nuriyev küçəsinin 900, Əliağa Kürçaylı və Mikayıl Əliyev küçələrinin  isə 600 metr uzunluğa malik hissələridir.

 

Aparılan təmir işləri çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Ardınca isə frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib.

 

Bu işlərə paralel olaraq küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

 

Bununla yanaşı küçələr boyu zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib.

 

Qeyd olunan küçələrdə təmir işləri tərtib olunmuş qrafikə uyğun agentliyin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən icra olunub. İşlərin vaxtında yekunlaşması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Təmir işlərinin sonuncu mərhələsində yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən küçələr müasir görkəmdə vətəndaşların istifadəsinə verillib.

 

Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

 

 

YOLUNUZ AÇIQ OLSUN...

 

 
 

 

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Sabunçu rayonu üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 9 km təşkil edən qəsəbədaxili küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri aparılır.

 

Cari ilin İnvestisiya Proqramına uyğun olaraq rayonun Bakıxanov qəsəbəsində 3.1 km uzunluğa malik Bəşir Bünyadov küçəsində aparılan təmir-tikinti işləri yekunlaşıb.  

 

Paytaxtın ən böyük yollarından biri olan və Bakıxanov qəsəbəsini “Koroğlu” yol qovşağı ilə birləşdirən küçə, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə çıxışı da təmin edir. Eni ortalama 14 metr olan küçə ilə paytaxtın mərkəzi istiqamətlərindən Bakıxanov qəsəbəsinə doğru avtomobillərin sərbəst və təhlükəsiz hərəkətinə imkan yaranır.

  

Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənib. Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub, köhnə səki daşları yenisi ilə əvəz edilib “İnşaat Norma və Qaydaları”na uyğun olaraq küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

 

Sonuncu mərhələdə küçə boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq  küçə yeni görkəmdə vətəndaşların istifadəsinə verilib. 

 

Təbii ki, əsaslı şəkildə təmiri aparılan adı çəkilən  küçə Sabunçu rayonu vətəndaşlarının əsas istifadə etdiyi yollardan olduğu üçün işlərin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq.

 

 

Görülən bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılıb. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

 

Növbəti Sərəncam və İnvestisiya Proqramları çərçivəsində rayon üzrə digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.  

 

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Sabunçu rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 200 km-dən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.  

 

 

YOLUNUZ AÇIQ OLSUN...

 

 
 

 

Yol-xeber.az-ın məlumatına görə, Vətəndaşların gediş-gəlişinin təmin olunması məqsədi ilə 2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu üzrə 15 km-dən çox küçə və yolda təmir işlərinin aparılması nəzərdə tutulurdu ki, hazırda bu istiqamətdə rayonun II mədən adlanan ərazisində ümumi uzunluğu 800 metr olan küçələrin təmirinə başlanılıb.

 

Artıq nəzərdə tutulan işlərin bir hissəsi yerinə yetirilib və qeyd olunan ərazidə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur.

 

Təmir işləri aparılacağı sahə 8 min kv.m ərazini əhatə edir.

 

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi üzrə 3 km, Binəqədi qəsəbəsi üzrə 5.3 km, Sulutəpə qəsəbəsi üzrə 2.6 km və Xocəsən qəsəbəsi üzrə 4.5 km qəsəbədaxili küçə və yolların təmiri də nəzərdə tutulurdu ki, bu çərçivədə Rəsulzadə qəsəbəsində ümumi uzunluğu 1 km, Binəqədi qəsəbəsi üzrə 3.9 km, Sulutəpə qəsəbəsi üzrə də 2.6 km uzunluğa malik küçə və yolların təmiri artıq yekunlaşıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Binəqədi rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 70 km-dən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.

 

 

YOLUNUZ AÇIQ OLSUN...

 

Yol-xeber.az-ın məlumatına görə, Prezident İlham Əliyevin tapşırığına əsasən regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində işlər davam etdirilir.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kürdəmir rayonunda bu çərçivədə başlanğıcını Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yolunun 26-cı km-dən götürən və 13 km uzunluğu malik  Qarasaqqallı-Cəyli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.

 

Kürdəmir rayonunun 4 minə yaxın əhalinin yaşadığı 2 yaşayış məntəqəsini əhatə edən Qarasaqqallı-Cəyli avtomobil yolu qara və çınqıl örtük əsaslı olduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlər yaşanırdı. Artıq qeyd olunan problem aradan qaldırılır, çünki yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və keyfiyyətlə aparılır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. 

 

13 km uzunluğa malik avtomobil yolunun deformasiyaya uğramış örtüyünün bərpası məqsədi ilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılır, genişləndirmə işləri aparılmaqla 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılır. Hazırda yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçirilir. Bunun üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunur. 

 

Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti mərhələsində artıq yolun asfaltlanması işlərinə start veriləcək. Yol örtüyünün alt layının 7 sm qalınlıqda iri dənəli, üst layının isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi nəzərdə tutulur. Bu işlər 80 min kv.m-dən çox ərazini əhatə edəcək. 

 

Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülür. Bunun üçün müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunur. 

 

Yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işləri aparılacaq, həmçinin avtobus dayanacaqları inşa ediləcək. 

 

Bu tədbirlərin icrası, ilk növbədə, Qarasaqqallı-Cəyli marşrutu üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.

 

YOLUNUZ AÇIQ OLSUN..

 
 

 

Yol-xeber.az-ın məlumatına görə, Bakı şəhəri və onun qəsəbələrinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir.

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində görülən bu işlər 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Xəzər rayonunda da aparılır.

İnvestisiya Proqramına uyğun olaraq cari ildə Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri və tikintisi nəzərdə tutulurdu ki, bu  istiqamətdə təmir-tikinti işləri davam etdirilir.

Söhbət Binə qəsəbəsi üzrə ümumi uzunluğu 7.6 km olan 5 küçə və yol, Buzovna qəsəbəsi üzrə 1.2 km-lik 1 küçə, Qala qəsəbəsi üzrə isə ümumi uzunluğu 7.5 km olan 3 yoldan gedir.

Artıq rayonun Qala qəsəbəsi üzrə ümumi uzunluğu 7.5 km olan 3 küçədə rahat gediş-gəlişin təmin olunması istiqamətində agentlik tərəfindən aparılan təmir işləri yekunlaşmaq üzrədir.

 Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Daha sonra yol əsası hazır olan hissələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

Təmir işlərinin sonuncu mərhələsində yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən küçələr müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Bununla yanaşı rayonun Binə qəsəbəsi üzrə də cari ilin İnvestisiya Proqramında nəzərdə tutulan küçə və yolların yenidən qurulması istiqamətində işlərin bir hissəsi yerinə yetirilib.

Artıq qəsəbənin 3600 metr uzunluğa malik Nəsimi küçəsində təmir işləri yekunlaşıb.   Bolluq massivi, Cəfər Cabbarlı, Nizami və Bünyadzadə küçələrində isə təmir işləri son mərhələ üzrə davam etdirilir. 

Görülən işlərin ardıcıllığına uyğun olaraq rayon üzrə Buzovna qəsəbəsində uzunluğu 1200 metr təşkil edən  Xəzər küçəsinin təmiri icra olunacaq.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində ayrılmış vəsait hesabına, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.

Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq Xəzər rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Xəzər rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 100 km-dən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.  

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Xəzər rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

YOLUNUZ AÇIQ OLSUN...

 
 

Xəbər lenti