|
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Astara rayonunun Düriyyə - Şümrüd avtomobil yolunun əsaslı təmiri son mərhələdə olmaqla davam etdirilir.
Əsasən torpaq əsaslı olan yolda xüsusən payız-qış aylarında gediş-gəliş çətinləşir, istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində maneələr yaşanırdı. Bütün bunlar nəzərə alınaraq layihə çərçivəsində ümumi uzunluğu 5 km təşkil edən yolun eni 8 metrə qədər genişləndirilib, bura 4 metr hərəkət hissə və 2 metr çiyin hissələr daxildir.
Artıq layihə üzrə yol yatağının yararsız qruntunun çıxarılması, əks-dolğu və zəruri qruntun tökülərək kipləşdirilməsi işləri, lazım olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların quraşdırılması yekunlaşıb.
Sözügedən yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı olan yol çınqıl örtüklü olmaqla 5-ci texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Düriyyə‒Şümrüd avtomobil yolunun yenidən qurulmasında məqsəd 2 yaşayış məntəqəsinin əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
YOLUNUZ AÇIQ OLSUN...