|
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 8 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir.
Əsaslı təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılır.
Agentlik tərəfindən hazırda prospekt boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün mövcud piyada səkiləri, bundan başqa yolayrıcı bərpa olunur, kənarlarına yeni səki daşları düzülür.
Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilərək aidiyyəti qurumların iştirakı ilə razılaşdırılmış layihə əsasında hərəkət zolaqlarının sayı eyni saxlanılmaqla ayrılmış velosiped zolaqları da salınır, ərazidə işıqlandırma səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülür.
Layihə üzrə prospekt boyunca ümumilikdə 10 km-ə yaxın velosiped yollarının salınması nəzərdə tutulur. Sözügedən velosiped yolları “bufer zona”lar vasitəsilə yolun nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hissəsindən ayrılır.
Digər qurumlar tərəfindən isə prospektin müxtəlif hissələrində yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri görülür.
8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı.
Xatırladaq ki, qısa müddət əvvəl prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinədək olan hissəsi əsaslı təmir olunaraq sürücülərin istifadəsinə verilib.
Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN..