Üç rayonu birləşdirən yol yenidən qurulur

Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, ötən əsrin 70-ci illərində o vaxtkı normativlər əsasında tikilmiş bir çox avtomobil yolları kimi Ucar-Zərdab-Ağcabədi yolu da ağır yük maşınlarının sayının kəskin artımı nəticəsində müasir tələblərə cavab vermədiyindən aşınmaya məruz qaldı. Bu isə ciddi mənada hərəkətə maneə törədirdi. Aparılan uğurlu islahatlar nəticəsində dövlət başçısının tapşırıq və sərəncamları ilə magistral yollarla yanaşı, respublika əhəmiyyətli yolların müasir səviyyədə yenidənqurulması işlərinə başlanıldı.

Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması layihəsi Ucar şəhərinin girişindən başlayaraq 70 km sonra Ağcəbədi şəhərinin cənubunda R18 Mingəcevir-Bəhramtəpə avtomobil yoluna birləşir.

Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun III dərəcəli yol parametrlərindən II dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılır. Bunun üçün mövcud yolun deformasiyaya uğrayan hissələrinin qazılması, torpaq yatağının genişləndirilməsi, torpaq dolğusu işləri, mövcud boruların çıxarılması və yeni boruların tikilməsi işləri yerinə yetirilir.

Tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun keyfiyyətlə yerinə yetirilir.

Layihə çərçivəsində uzunluqları 20 m-dən 175 m-ə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsü inşa olunacaq. Bundan başqa yol boyu 9 yeraltı keçid, 25 düzbucaqlı su keçidi, müxtəlif diametrlərə malik 48 suötürücü boru və 30 avtobus dayanacağı tikiləcək.

Ucar-Zərdab-Ağcabədi avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirməyə yardımçı yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

 






 

Xəbər lenti