Turizm əhəmiyyətli Gəncə-Göygöl avtomobil yolu yenidən qurulur

Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 38,4 kilometrlik Gəncə-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması 2 mərhələ üzrə həyata keçirilir.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, ilk mərhələ üzrə sözügedən yolun 16,5 kilometrlik Gəncə-Yeni Zod hissəsi artıq yenidən qurulub. İkinci mərhələ üzrə isə hazırda 21,5 kilometrlik Yeni Zod-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması işlərinə başlanılıb. Layihəyə uyğun olaraq yeni yol yatağı inşa olunub. Hazırda yol əsasının 2 lay olaraq inşası, yol əsası hazır olan hissələrin isə 3 laydan ibarət asfalt-betonla örtülməsi işləri görülür, yeni metal və dəmir-beton suötürücü borular quraşdırılır. Bundan başqa, 5 yerdə düzbucaqlı su keçidləri inşa olunur, 30 metr uzunluğunda 1 mövcud körpü isə əsaslı şəkildə təmir edilir.

Həmçinin sürüşmə ehtimalı olan ərazilərdə və zəruri olan digər yerlərdə istinad divarları bərpa edilir, küvet hissələr, hərəkətin təhlükəsizliyi üçün monolit dəmir betondan parapetlər tökülür.

 

Sonuncu mərhələdə hərəkətin normal təşkili üçün yolboyu siqnal dirəyi, yol nişanı və məlumatverici lövhə, kilometr göstəricisi quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək.

Xəbər lenti