|
Dövlət başçısının tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xətai rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır.
Cari ilin əvvəlindən Xətai rayonu üzrə start verilən təmir-tikinti işləri çərçivəsində artıq 14 km-ə yaxın uzunluğa malik 7 küçədə təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb. Hazırda rayonun “NZS” qəsəbəsinin əsas küçələri olan Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işləri aparılır. Küçələrin ümumi uzunluğu 2 km təşkil edir.
Sözügedən küçələr “NZS” qəsəbəsinin mərkəzi küçələri olmaqla Nobel və Babək prospektlərini birləşdirir. Buna görə küçələr boyu avtonəqliyyat vasitələrinin intensiv hərəkətini müşayət etmək mümkündür. Lakin uzun illər istisma olunmasına baxmayaraq küçələrin təmir olunmaması nəticəsində yolun hərəkət hissəsində qabarma və çökmələr, tor şəkilli çatlar və dağılmalar əmələ gəlib. Bu isə gediş-gəlişə ciddi şəkildə maneə yaradırdı. Hazırda aparılan təmir işləri bu problemin aradan qaldırılmasına, vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin olunması hesablanıb.
AAYDA-nin “Azəryolelmitədqiqatlayihə” institutunun hazırladığı layihəyə əsasən, hazırda küçələr boyu köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır. Daha sonra zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir və bunun ardınca asfaltlanma işləri aparılır.
Yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yağış barmaqlıqları yenilənməsi, mövcud piyada səkilərinin bərpası, kənarlarına isə yeni səki daşlarının düzülməsi layihə üzrə nəzərdə tutulmuş və yerinə yetirilən işlərdəndir.
Təmir işləri ilə əlaqədar olaraq, Süleyman Əhmədov və Oqtay Vəliyev küçələri boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılır. Bu üzdən sürücülərdən sözügedən küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Ərazidə tıxac yaranmasın deyə onlardan öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, küçələr boyu təmiri yekunlaşmış hissələrdə yolcizgi və yolgöstərici xətlər çəkilməklə hərəkət bərpa olunur. Təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Xətai rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində 12 km-ə yaxın uzunluğa malik daha 11 küçədə təmir-tikinti işlərinə start verilməsi nəzərdə tutulur.
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun yaxın müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.