"Digər qurumlar da BNA-nın nümunəvi fəaliyyətindən örnək götürsünlər"

Son vaxtlar Bakı Nəqliyyat Agentliyinin (BNA)  paytaxtın nəqliyyat həyatında nəzərəçarpacaq islahatlar həyata keçirdiyi, mühüm yeniliklərə imza atdığı hər kəsə bəllidir. Paytaxtın avtobus parkının günün müasir tələblərinə uyğun olaraq sürətlə yenilənməsi, sərnişindaşıma prosesinə beynəlxalq standartlara cavab verən avtobusların cəlb edilməsi, əlil vətəndaşların ictimai nəqliyyatdan daha rahat istifadəsinin təmin olunması, nəqliyyatın fəaliyyətinin daha mütəşəkkil şəkildə təşkili və s. BNA-nın cəmiyyətdə rəğbətlə qarşılanan uğurları sırasındadır.

Moderator.az-a açıqlamasında BNA-nın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirən millət vəkili Eldar İbrahimov da, sözügedən qurumun paytaxtın nəqliyyat həyatına gətirdiyi yeniliklərin qürurverici olduğunu vurğuladı:

 

“Şübhəsiz, BNA yüksək səviyyədə fəaliyyət göstərən bir qurumdur. Bu bir faktdır ki, BNA qısa zamanda ölkəmizdə nəqliyyat mədəniyyətini formalaşdıran, bu mədəniyyətin daşıyıcısı olan quruma çevrilib. Mən BNA-nın fəaliyətini təqdir edir, alqışlayıram. Paytaxta yeni avtobusların gətirilməsi, avtobus parkının yenilənməsi, sağlamlıq problemi olan vətəndaşlarımızın ictimai nəqliyyatdan istifadəsinin asanlaşdırılması, onlar üçün daha rahat şəraitin yaradılması və s. BNA-nın həyata keçirdiyi mühüm islahatlar sırasına daxildir.

Xatırladım ki, prezidentimiz bir müddət əvvəl BNA-nın “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında iştirak etdi, görülən işləri yüksək qiymətləndirdi. Heç kimə sirr deyil ki, bütün bu işlər ölkə başçısının diqqət və qayğısı nəticəsində həyata keçirilir. Məhz cənab prezidentin səyi və qayğısı nəticəsində bu cür irimiqyaslı layihələri həyata keçirmək mümkün olub. Sevindiricidir ki, BNA rəhbərliyi də ölkə başçısı tərəfindən qarşıya qoyulan tələbləri yüksək səviyyədə yerinə yetirir. Görülən işlərin arxasında zəngin təcrübənin dayandığı özünü hiss etdirir. Bu baxımdan BNA rəhbərliyinin əməyi qeyd olunmalıdır. BNA-nın həqiqətən də mühüm və faydalı işlər gördüyü göz önündədir.

Arzu edərdim ki, sərnişin daşınması ilə məşğul olan digər qurumlar da BNA-nın nümunəvi fəaliyyətindən örnək götürsünlər. Çünki BNA xalqa, vətəndaşa necə xidmət etmək gərəkdiyini göstərir. BNA bu məsələdə örnəkdir və istənilən halda onun təcrübəsinin öyrənilməsində fayda var”.

Xəbər lenti