“Heydər Əliyev və Azərbaycanın daxili işlər orqanları” - FOTO
Akademiyada gənc əməkdaşlarla görüş

Oktyabrın 24-də Daxili İşlər Nazirliyinin A.Heydərov adına Sıravi və kiçik rəis heyəti hazırlayan Məktəbində Nazirliyin Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev polisdə ilk addımlarını atan gənc dinləyicilərə “Heydər Əliyev və Azərbaycanın daxili işlər orqanları” mövzusunda mühazirə oxuyub.         Vurğulanıb ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Gənclər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub, onların inkişafına hər cür şərait yaradılıb. Dövlətimizin başçısı gənclərimizi qayğılandıran məsələlərlə daim maraqlanır, dövlət orqanlarında, o cümlədən hüquq-mühafizə sistemində rəhbər vəzifələrə gənc kadrların irəli çəkilməsinə üstünlük verir.
Daxili işlər orqanlarında da gənc əməkdaşlara diqqət və qayğı ilə yanaşıldığını qeyd edən R.Qarayev bildirib ki, bu gün şəxsi heyətin 43 faizini yaşı 30-adək olan gənclər təşkil edir, 90 gənc əməkdaş rəhbər vəzifələrdə çalışır.
Qeyd olunub ki, müstəqilliyimizin 28-ci ilini qeyd etdiyimiz bu əlamətdar günlərdə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər  Heydər Əliyevin xatirəsinə xalq hörməti və ehtiramının ifadə edilməsi xüsusi məna və əhəmiyyət kəsb edir. Xalqın on illərlə arzusunda olduğu müstəqilliyin qorunması, saxlanılması, əsl milli dəyərə və nemətə çevrilməsi, müstəqilliyin ali ifadəsi sayılan dövlətin qurulması müstəsna olaraq ümummilli liderin titanik fəaliyyəti sayəsində mümkün olub. Möhtərəm dövlət rəhbərimizin başçılığı ilə davam edən bu siyasət nəticəsində dövlətçiliyimiz möhkəmlənmiş, iqtisadi əsasları daha da inkişaf edib.
Vurğulanıb ki, hüquq-mühafizə orqanlarında çalışan gənclər müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yönələn, sabitliyin pozulması niyyəti güdən hər hansı təxribatın qarşısını almağa hazırdırlar. Bu gün hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında xidmət edən gənc əməkdaşlar qarşısında, həmçinin müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması, dövlətçiliyin inkişaf etdirilməsi, sabitliyin və təhlükəsizliyin etibarlı təmin olunması sahəsində ciddi vəzifələr dayanır. Ölkənin Daxili İşlər Naziri, general-polkovnik cənab Vilayət Eyvazovun dediyi kimi: “Sabitliyin təmin olunması kursu üzərimizə məsul vəzifələr qoyur”.
Tədbirdə məktəbin rəis müavini, polis polkovniki Çərkəz Hüseynov və şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovniki Fuad Əliyev çıxış ediblər.

Xəbər lenti